“DEMƏK, ADAMIN VARSA, OĞURLUQ ETMƏK OLAR?!” – Sədərək sakini pulunu oğurlayan qadına cəza verilməməsinə etiraz edir

Baxış sayı:
532

Naxçıvan MR, Sədərək rayon sakini Fətəliyev Gündüz Məmmədvəli oğlu tərəfindən redaksiyamıza şikayət daxil olub. G.Fətəliyev ona məxsus pulu və qiymətli əşyanı oğurlayan qadının cəzasız qalmasından şikayətçidir:
“Mən, Fətəliyev Gündüz Məmmədvəli oğlu, Sədərək rayon dəmirçi kəndində anadan olmuşam. Türkiyənin İğdır şəhərinə gedərkən, həmkəndlim 5400 dollar verdi ki, oradan türk lirəsi alıb gətirim. Həmin pulu gətirdiyim zaman Sədərək Gömrüyündə monitordan keçib, pulu və əşyalarımı qapının yanına, kameranın altına qoydum. Gedib maşını yoxladıb qayıdanda baxdım ki, əşyam və pul yerində yoxdur. Dərhal Gömrüyə müraciət etdim, dedilər get işinə, Naxçıvan Gömrüyündə kameraya baxsınlar.
Orada araşdırdılar, dedilər ki, sənin əşyalarını 1 qadın götürüb. Məndə məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə şikayətimi bildirdim. Qadını çağırtdırıb, izahatını aldılar. O bildirib ki, mən evimə aparmamışam.
Daha sonra, 2 ay keçdikdən sonra həmin qadın mənə 4 min manat pul təklif etdi, dedi ki, “pulu verim, məndən əl çək”. Mən qəbul etmədim. Polis sübut edə bilmədi ki, mənim əşyalarımı bu qadın oğurlayıb. İstintaq da bu işi qadının boynuna qoya bilmədim. İşi Sədərək Rayon Məhkəməsinə göndərdilər. Nəticədə, qadına cəza olaraq “18 ay ölkədən kənara çıxa bilməz” deyildi. Yəni əşyamı və pulumu oğurlayan Əmirova Nübara heç bir cəza verilmədi. Pulumu da ödəmədi.
Qadın deyir ki, mənim vəzifədə olan qohumlarım var, sən mənə heç nə edə bilməzsən. Məhkəmə də, qadının dediyi kimi, ona heç nə edə bilmədi.
Demək, adamın, sahibin varsa oğurluq etmək olar. Əsas odur ki, vəzifədə qohumun-əqraban olsun.
Bu şikayəti yazmaqda məqsədim odur ki, bu kimi özbaşınalıqlara son verilsin. Vəzifədə olan qohumun varsa, bu o demək deyil ki, cinayət törətmək olar, hələ bu şəxs qadındırsa”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.