DÇ-2022: Millimiz ardıcıl üçüncü dəfə məğlub oldu / YENİLƏNİB

Baxış sayı:
4657

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

Belə ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı ikinci rəsmi matçında Serbiya yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda oynanılmış qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Portuqaliyaya qarşı ilk tur matçı ilə müqayisədə De Byazi bu dəfə start heyətində iki dəyişiklik edib. İtaliyalı mütəxəssis Vüqar Mustafayevin əvəzinə İsmayıl İbrahimliyə, Mahir Emrelinin yerinə isə Anatoli Nuriyevə "11-lik"də şans verib.

Matçda ilk təhlükəli epizodu qonaqlar yaradıblar. Künc nöqtəsindən ötürmə zamanı Aleksandar Mitroviçin baş zərbəsində dəqiqlik çatmayıb. Ardınca Əli Qurbaninin başla vurduğu top qapının üstündən keçib. 16-cı dəqiqədə isə serbiyalılar hesabı açıblar. Müdafiəçilərin ani diqqətsizliyindən istifadə edən Mitroviç yerlə uzaq küncü nişan alaraq, komandasını önə keçirib.

İlk yarıda meydan sahibləri bir real qol vəziyyəti yaradıblar. 31-ci dəqiqədə Qurbani 100 faizlik qol şansından yararlana bilməyib. Nuriyevin ötürməsindən sonra Predraq Raykoviçlə təkbətək qalan forvardın zərbəsini qapıçı zərərsizləşdirib. 37-ci dəqiqədə Mitroviç növbəti dəfə qola yaxın olsa da, zərbəsi qeyri-dəqiq alınıb. İlk hissə Serbiya yığmasının minimal üstünlüyü ilə başa çatdı.

İkinci hissədə daha yaxşı başlayan Azərbaycan millisi hesabı bərabərləşdirmək üçün əla şans qazansa da, Nuriyevin qüvvətli zərbəsinin qarşısını qolkiper alıb. 53-cü dəqiqədə Duşan Tadiçin cərimə meydançasının kənarından vurduğu topu Şahruddin Məhəmmədəliyev çətinlik çəkmədən tutub. 3 dəqiqə sonra isə Nuriyev növbəti dəfə diqqət mərkəzinə düşüb. Sağ cinahda bir müdəfiəçini keçən futbolçunun yerlə ötürməsinə Qurbani istədiyi kimi toxuna bilməyib.

59-cu dəqiqədə isə görüşdə ikinci qol vurulub. Özünə qarşı kobudluqdan sonra təyin olunan penaltini dəqiq yerinə yetirən Emin Mahmudov hesabı bərabərləşdirib.

68-ci dəqiqədə iki dəyişikliyə əl atan De Byazi Qurbanini Ramil Şeydayevlə, Nuriyevi isə Mahir Emreli ilə əvəzləyib. 74-cü dəqiqədə Məhəmmədəliyev üzbəüz epizodda Mitroviçin fərqlənməsinə imkan verməyib. 79-cu dəqiqədə isə Emreli əzələsini dartaraq, əvəzlənib. Onun yerinə meydana girən Elvin Cəfərquliyev millidə debüt edən 250-ci futbolçu olub.

81-ci dəqiqədə isə Məhəmmədəliyev 27 yaşlı forvardın dubl etməsinə mane ola bilməyib.

Bu qələbədən sonra xalını 7-yə çatdıran Serbiya yığması liderliyini qoruyub. Xalı olmayan Azərbaycan millisi isə sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında İtaliyada Portuqaliya seçməsinə 0:1 hesabı ilə uduzub. Qətərlə yoldaşlıq xarakteri daşıyan görüş də yığmanın məğlubiyyəti ilə başa çatıb - 1:2.

***
DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycan - Serbiya matçında 3-cü qol vurulub.

Belə ki, 81-ci dəqiqədə Aleksandar Mitorviç dubl edərək, komandasını yenidən hesabda önə keçirib.

***21:16

DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycan - Serbiya matçında 2-ci qol vurulub.

59-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Emin Mahmudov hesabı bərabərləşdirib - 1:1.

***

DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycan - Serbiya matçında hesab açılıb.

16-cı dəqiqədə qonaqların hücumçusu Aleksandar Mitroviç komandasını önə çıxarıb.20:00

***

DÇ-2022-nin seçmə oyununda bu gün Bakı Olimpiya Stadionunda üz-üzə gələcək Azərbaycan və Serbiya yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar...

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı, 18. Anton Krivotsyuk, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k.), 13. Abbas Hüseynov, 20. İsmayıl İbrahimli, 8. Emin Mahmudov, 7. Anatoli Nuriyev, 9. Əli Qurbani

Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Mehdi Cənnətov, 2. Sertan Taşqın, 11. Ramil Şeydayev, 16. Aleksey İsayev, 17. Elvin Cəfərquliyev, 19. Təmkin Xəlilzadə, 4. Şəhriyar Əliyev, 6. Vüqar Mustafayev, 10. Mahir Emreli, 21. Coşqun Diniyev, 22. Toral Bayramov

Baş məşqçi: Canni De Byazi

Serbiya: 12. Predraq Raykoviç, 2. Strahinya Pavloviç, 5. Uroş Spayiç, 6. Nemanya Maksimoviç, 7. Nemanya Radonyiç, 8. Nemanya Qudel. 9. Aleksandar Mitroviç, 10. Duşan Tadiç (k.), 13. Stefan Mitroviç, 17. Filip Kostiç, 20. Sergey Milinkoviç-Saviç

Ehtiyat oyunçular: 1. Marko Dmitroviç, 23. Corce Nikoliç, 3. Marko Petkoviç, 4. İvan İliç, 11. Luka Yoviç, 14. Andriya Jivkoviç, 15. Nenad Krstiçiç, 16. Saşa Lukiç, 18. Duşan Vlahoviç, 19. Mihaylo Ristiç, 21. Filip Curiçiç, 22. Marko Qruyiç

Baş məşqçi: Draqan Stoykoviç

Qeyd edək ki, matç saat 20:00-da start götürəcək.