Daha bir fəal həbs olunub

Milli Şuranın bu gün “Siyasi məhbuslara azadlıq!” şüarı ilə keçirdiyi mitinq ölkədə son illərdə keçirilən ən izdihamlı mitinq olub.
Nəzərə alsaq ki, insanların mitinqə qatılmasının qarşısını almaq məqsədi ilə hakimiyyət orqanları bölgələrdən Bakıya gələn yolları bağlamasına, mitinq təşkilatçılarının əksəriyyətinin mitinqdən qabaq həbs olunmasına və mitinqin keçirildiyi məkana yaxın əraziyə ictimai nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasına baxmayaraq təxmini hesablamalara görə aksiyada 30 mindən çox insanın iştirak etməsi ciddi hadisədir və cəmiyyətdə narazılıqların pik həddə çatdığının göstəricisidir. Elə aksiyanın kütləviliyindən əndişə keçirən hakimiyyət orqanları da aksiyadan sonra mitinqdə aktivlik edən müxalifətçilərə qarşı zorakılıq edərək döymüş, onlarla aksiya iştirakçıları isə saxlanılaraq polis idarələrinə aparılaraq barələrində saxta protokollar tərtib edilmiş, daha sonra məhkəmə tərəfindən müxtəlif müddətlərə inzibati qaydada həbs olunmuşlar. Həbs olunanlar arasında mitinqdə aktiv iştirak etdiyinə, həmin aksiyaya gəncləri cəlb etdiyinə və aksiya zamanı hakimiyyətin ünvanına radikal şüarlar səsləndirdiyinə görə ADP-çi gənc fəal Zemfira Abdullayeva da aksiyadan sonra polis əməkdaşları tərəfindən zorakılıqla həbs olunaraq Yasamal Rolis Polis İdarəsinə aparılmış, orada təhqirlərə və qeyri-insani rəftara məruz qalmış, daha sonra məhkəmə tərəfindən 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Mövcud siyasi rejim tərəfindən aksiyada iştirak edən müxalifət düşərgəsinin aktiv üzvlərinə, o cümlədən gənc fəallara qarşı bu cür repressiv metodlarından istifadə edilməsində məqsəd gənclər arasında qorxu və xof yaratmaq onları siyasi fəaliyyətdən və kütləvi aksiyalara qoşulmaqdan çəkindirməkdir. Qərb və Avropa təsisatlarının Azərbaycan hökumətini ölkədə siyasi islahatların həyata keçirilməsinə və siyasi motivlərlə həbs olunanları azadlığa buraxmağa çağırdığı bir halda, hakimiyyətin siyasi motivli həbsləri davam etdirməsi, müxalif düşüncəli insanları davamlı olaraq təqiblərə, təzyiqlərə, zorakılıqlara və diskriminasiyaya məruz qoyması bu rejimin islah olunmasının real olmadığını göstərir.
KƏNAN