​CƏRİMƏ BATALYONLARI – Eldəniz Quliyev yazır

Baxış sayı:
4198

Biri vardı, ikisi yoxdu...
Çox-çox qədimlərdə dünyanın gözəl guşələrinin birində idbar bir məmləkət vardı... Və bu məmləkətin başıqapazlı əhalisi qaçıb cəhənnəmə getməyi ən böyük xoşbəxtlik sayırdı...
Onlar öz aralarında  məmləkətlərini "Cərməstan" adlandırırdı... haqlıydılar da!..
Amma elə zənn eləməyin ki, külli-əhali təkcə cərimələrə görə baş götürüb qaçmaq istəyirdı. Yox.
Əslində, təhlükə daha böyük idi. Yəni ölkənin hörmətli-izzətli, əlahəzrət Şahən Şahı öz rəiyyət ilə məzələnməyi yaman xoşlayırdı. Hətta bu məqsədlə hər yerdə və hər işdə şəxsən ona dördayaqlı sadiqliy nümayiş etdirənlərdən çoxlu sayda cərimə batalyonları da yaratmışdı. Əslində, Şahən Şaha bəlliydi ki, o, məhz belə batanyonların sayəsində uzun müddət öz taxtı-tacında şellənib otura bilir.
Məsələn, qayda-qanun və əminamanlığa nəzarət edən "Fərraş cəza batalyonu" (FCB) şahın şəxsi fərmayişinə görə, ölkədə başıpapaqlılara qənim kəsilməliydi.  Kəsilirdi də! Papaq dalınca gedəndə, papaqla birgə başı da kəsib gətirirdilər. Və bu şücaətlərinə görə qiymətli bəxşeyiş və ənamlar da alırdılar. Ədalət naminə deməliyəm ki, başıpapaqsız kişilərlə, daha doğrusu, kişifasonlarla (lap dəqiqi isə - arvadfasonlarla) işləri olmazdı. Ara-sıra olsaydı da, uzaqbaşı, o "fasonların" bəzilərinin başına yaylığ-maylığ bağlayıb, bir-birini qıdıqlayardılar... Camaata torba tikmək, xox gəlib xof yaratmaq və kimlərəsə şər-böhtan atıb zindana salmaq... su içmək qədər asan olmuşdu. Belə-belə işləri seyr eləyən Şah həzrətləri də dodaqaltı  qımışardı... "Əlbəttə, it yiyəsini tanımayan bir məmləkəti idarə eləməkdən məzəli nə ola biər ki?"
Əlqərəz, cidanı çuvalda gizlətmək mümkün olmadığı kimi, məmləkətdə başıpapaqlıların sayı və keyfiyyətinin günbəgün, aybaay seyrəldiyini də ört-basdır eləmək mümkün deyildi. "Amma yel qayadan nə aparasıdı ki?.."
Daha sonra, "Təbibxana nəzarət-cərimə" (TNCB) batalyonu qurub-quraşdırmışdılar. Bu batalyonun əsas işi-gücü nəzarətdən çox, nəzarətin astar üzünü qurdalamaqdan ibarət idi... Yəni onlar böyük bir canfəşanlıq və coşquyla TəbibXanaları (burada adının çəkilməsi ayıb sayılan) digər pis-pis "Xanalara" çevirməyi, şahın xəzinəsini (eləcə də öz ciblərini) doldurmağı şərəf sayırdılar. Can sağlığından savayı nəynən desən məşğul idilər, - təki pul qazansınlar, təki var-dövlət sahibi olsunlar. Təbibxananın hər yerə səpələnmiş pullu azarxana şöbələrində də qızğın işlər gedirdi: azarxana şöbələrində nəfsqulu loğmanlar xəstələrə şəfa vermək əvəzinə, onları soğan kimi soyub-doğrayır, axırda da ləzzət ala-ala cəhənnəmə vasil edirdilər; yəni, "cəhənnəm istəyidiniz? - bu da sizə cəhənnəm!" Beləliklə, xəstəliklərin sağalmaması ucbatından, xəstələrin sayı həndəsi silsiləylə artmaqdaydı...
Şahən Şah isə, öz növbəsində, bu vəziyyətdən məmnun olur, hətta bəzən qəhqəhə çəkib uğunurdu da...
Elm-təhsil sahəsində də misli görünməmiş  "nailiyyətlər" əldə edilirdi. Bu taleyüklü məsələ "Elmə nəzarət-cəza" batalyonuna (ENCB) həvalə edilmişdi. İlk baxışda əcaib görünsə də, bu batalyon üzvlərini, istisnasız olaraq taxtabaşlardan seçmişdilər. Və bu taxtabaşların əsas vəzifəsi, məqsədi, nəyin bahasına olursa-olsun, tarıxi həqiqətləri, o cümlədən həqiqətlərin tarixini qatıb-qarışdırlb saxtalaşdırmaq və məmləkət əhlinin oxuyub adam olmaq arzularını puça çıxarmaq idi.
Bəlkə elə bu səbəbdən idi ki, cəhənnəm əzabını daha cazibədar hesab edən istedadlı, savadlı, bilikli elm-təhsil işçiləri məmləkətin sərhəd qapıları ağzında uzun-uzadı növbələr yaratmışdılar...
Bir də vardı, - QQB. Yəni "Hər şeyin qiymətini qaldıranşiklər batalyonu". Və bu qaldıranşiklərin əsas funksiyası qiyməti artan hər şeyə - gündəlik təlabat və istehlak mallarına,  nöyütə-benzinə, işığa-qaza-suya və sairəyə zəhərli əqrəb yapışdırmaq idi. Nə alırsansa al, - əqrəbin zəhərli neştərinə tuş gəlməlisən...yəni qiymətlər mütləq səni sancacaq...
Əqrəbin  quyruğundakı  neştərin həyat üçün çox təhlükəli olduğunu bilməyən varmı?.. Neştər sancdısa, vsyo, - cəhənnəmə pulsuz biletin hazırdı!..
Əslinə qalsa, qibleyi-aləm Şahən Şah həzrətləri bütün bu işlərə fitva verməklə, öz rəiyyətinə yaxşılıq eləmək niyyəti güdürdü. Yəni cəhənnəm həsrətiylə yaşayanları və bu məqsədlə qaçıb ölkədən getmək istəyənləri ora pulsuz-parasız, havayı göndərirdi...
Əlbəttə, bir çoxları sərhəd qapılarının kilidli olduğu səbəbindən məmləkəti tərk eləyə bilmirdi. Qibleyi-aləm belə vəziyyətə düşənlər üçün də əlac tapmışdı: özünün şəxsi nəzarətində olan uçan xalça-palazları, dünyanın dörd bir yanına uçururdular. Buradan xoşun gəlmir, min, hayana istəyirsən - "davay, dasvidaniya!" get! Düzdür, bu xalça-palazlara minib uçmaq çooox baha idi; amma əqrəb neştərindən, başlarının papaqla birgə tərsinə kəsilməsindən, gün-güzaranlarının göy əskiyə bükülməsindən, azarxanalarda min bir ağrı və əzabla ölməkdənsə... çooox bahalı xalça-palazlara minib birdəfəlik cəhənnəmə vasil olmaq daha yaxşı deyildimi?..
Nəysə, mətləbdən uzaqlaşmayaq... Qısası, Uca Yaradanın özünün belə unutduğu bu məmləkətdə dirilər ölülərə qibtə edirdilər... Başqa çarə də yox idi... Yerdə qapılar qapalı, göy üzü çox bahalı!..
Bəli, Şah həzrətləri ölkənin qapılarını qıfıllasa da, damını-bacasını, yəni Göyünü açıq qoymuşdu... Hərçənd, o göydə dünyadan bixəbər səfeh quşlarla yanaşı, uçan xalça-palazlar və uçulmamış dam-daş qoymayan qanadlı dəvə-cəza batalyonları da vardı...
Allahdan savayı heç kim bilmirdi ki, bu məmləkətin axırı necə olacaq və bu gedişlə hara gedib düşəcək!..
Bəlli olan oydu ki, hər hansı bir qövm, yaxud etnos, eynən insan kimidi, -  o da doğulur, körpə olur, uşaqlıq, gənclik, yeniyetməlik həyatına qədəm qoyur, sonra böyüyür yetkin insan ömrü sürür, daha sonra yaşa dolur, qocalır, xəstələnir...və nəhayət həyatının məntiqi sonluğuna - öz ölümünə qovuşur... Kim bilir, bəlkə külli-əhlinin "Cəriməstan" adlandırdığı məmləkət də ömrünün son çağını, mövcudluğunun son mərhələsini yaşayırdı...
Eldəniz QULİYEV
P.S. Allahım, yıxılmağa qanad ver mənə...