“Bu toplantı Cənubi Qafqazda yeni dövrün başlanğıcıdır” – “Ermənistanın manevr imkanları daralır...”

Baxış sayı:
615

Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə Toplantısı həm Azərbaycanın suverenliyinin təsdiqi, həm də regional geosiyasi düzənin dəyişməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bunu “AzPolitika”ya açıqlamasında Bakı Politoloqlar Klubu Mərkəzinin rəhbəri Zaur Məmmədov bildirib.

Onun sözlərinə görə, İran, Türkiyə, Pakistan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Qazaxıstan nümayəndələrinin Xankəndidə bir araya gəlməsi regionda yeni bir dövrün başlandığını göstərir. Bu toplantı yalnız iqtisadi əməkdaşlıqla məhdudlaşmır, həm də Cənubi Qafqazda formalaşan yeni geosiyasi düzənin rəmzinə çevrilir.

Politoloq qeyd edib ki, Xankəndinin ECO kimi beynəlxalq platformaya ev sahibliyi etməsi Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunun sübutudur: “Azərbaycan bu toplantı ilə beynəlxalq tərəfdaşlarına yeni reallıqları qəbul etdirdiyini və Xankəndini regional əməkdaşlığın mərkəzinə çevirdiyini nümayiş etdirdi”.

Zaur Məmmədov bu platformanın, Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inteqrasiyanı dərinləşdirə biləcək paralel bir mexanizmə çevrilə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, Ermənistan bu yeni konfiqurasiyadan təcrid olunur və reallıqları qəbul etməyə məcbur qalır.

İran Prezidentinin Xankəndiyə səfərinə toxunan Məmmədov, bunu siyasi simvolizm baxımından mühüm addım kimi qiymətləndirib. 

O qeyd edib ki, SEPAH-yönümlü bəzi dairələrin Azərbaycana qarşı apardığı kampaniyalara baxmayaraq, Prezident Məsud Pezeşkianın səfəri bu cəhdləri təkzib etdi: “Əgər Pezeşkianın Azərbaycana qarşı hər hansı şübhəsi olsaydı, o, belə həssas vaxtda Xankəndiyə gəlməzdi”.

Politoloqun fikrincə, bu səfər İranın Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıması və iki ölkə arasında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Həmçinin bu addım Bakıya və Ankaraya yaxınlaşma xəttinin davamı kimi də görünür.

Zaur Məmmədov hesab edir ki, Xankəndi Zirvə Toplantısı Azərbaycan ətrafında formalaşan yeni siyasi-iqtisadi ittifaqın göstəricisidir. O bildirib ki, Türkiyə, Pakistan, Özbəkistan, Qırğızıstan və Qazaxıstanın iştirakı regional inteqrasiyaya real məzmun qazandırır.

Politoloq qeyd edib ki, bu platforma bir neçə əsas istiqamətdə dərin əməkdaşlığa imkan yaradır:

"Nəqliyyat: Zəngəzur dəhlizi və Transxəzər marşrutu ilə quru bağlantılar gücləndirilir.

Enerji: Regional enerji paylaşımı və bərpa olunan enerji sahəsində əməkdaşlıq genişlənir.

Rəqəmsal kommunikasiya: Cənubi Qafqaz–Mərkəzi Asiya arasında fiber-optik infrastrukturun qurulması təşviq olunur".

Məmmədov əlavə edib ki, bu platforma yalnız iqtisadi deyil, geosiyasi və təhlükəsizlik baxımından da yeni güc mərkəzinin formalaşmasına təkan verir. Onun sözlərinə görə:

"Ermənistanın manevr imkanları getdikcə daralır;

Rusiya və İranla münasibətlər balanslı şəkildə davam etdirilir;

Türkiyə və Pakistanın iştirakı ilə regionda güc balansı dəyişir.

Xankəndi Zirvə Toplantısı Azərbaycanın artan beynəlxalq nüfuzunun və diplomatik bacarığının bariz nümunəsidir. O, bu görüşü yalnız ECO çərçivəsində deyil, ümumilikdə Cənubi Qafqazın gələcək siyasi-iqtisadi xəritəsini müəyyən edən strateji hadisə kimi qiymətləndirib".

Məmmədovun fikrincə, Azərbaycanın liderliyi ilə ECO gələcəkdə Türk dünyası, Mərkəzi Asiya və Cənubi Asiya arasında strateji körpüyə çevrilə bilər və bu perspektiv hər keçən gün daha real görünür.

Rasim Əliyev