BU İL AZƏRBAYCANDA ÜDM 13000 DOLLAR OLACAQDI, AMMA... - Azərbaycanın “inkişaf konsepsiyası” fiaskoya uğradı

Baxış sayı:
2380

Ölkə başçısı 29 dekabr 2012-ci il tarixdə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında fərman imzalayıb. Həmin fərmanda deyilir ki, sözügedən konsepsiya ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir və onun həyata keçirilməsi məqsədli dövlət proqramları vasitəsi ilə gerçəkləşdiriləcək. Konsepsiyanın "Azərbaycan 2020: strateji baxış və əsas prioritetlər" adlı 3-cü hissəsində isə qeyd olunur ki, burada başlıca strateji məqsəd mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır.

Bundan başqa, sənəddə bildirilir ki, 2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabətqabiliyyətli ölkə olacaq. Belə ki, Azərbaycanın ən ucqar kəndlərində belə, vətəndaşların rahat gündəlik həyatı üçün lazım olan bütün kommunikasiyalar (rabitə, internet, bank xidmətləri, kommunal xidmətlər, yollar və sair), səhiyyə və təhsil xidmətlərinin təmin ediləcəyi vurğulanıb: "Azərbaycan əhalinin gəlirlərinin yüksək, işsizlik səviyyəsinin minimum həddə olduğu, inkişaf etmiş insan kapitalına, mühafizə edilən, sağlam ətraf mühitə və hər bir vətəndaşı üçün geniş imkanlara malik məkan olacaqdır. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində dövrün sonuna ölkədə adambaşına düşən ÜDM-in həcmi iki dəfə artaraq 13000 ABŞ dollarına çatacaqdır. 2020-ci ilədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə "yuxarı orta gəlirli ölkələr" arasında tamhüquqlu ölkə olması və hazırda bu qrup ölkələr sırasında yer almanın əsas səbəbi olan karbohidrogen ixracından asılılığın aradan qaldırılması, habelə BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən "yüksək insan inkişafı" ölkələri qrupunda yuxarı sıralara yüksəlməsi hədəflənir. Azərbaycan Respublikasının iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabətqabiliyyətli iştirakçı statusuna yüksəlməsi reallaşdırılacaqdır. Bu məqsədlə ölkənin əlverişli coğrafi mövqeyi, geniş potensialı nəzərə alınaraq, ölkənin regionun ticarət mərkəzinə çevrilməsi, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması planlaşdırılır". "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına görə, göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimləməsi, enerjidən səmərəli istifadə edən və yüksək əlavə dəyər yaradan ixrac yönümlü iqtisadiyyata transformasiya və sosialiqtisadi sahələrin inkişafına kompleks yanaşma prinsipləri əsas tutulacaq: "Konsepsiya çərçivəsində istehsal amillərinin ümumi məhsuldarlığının artımı nəticəsində ölkə iqtisadiyyatının səmərəliliyə əsaslanan iqtisadiyyata çevrilməsi və innovasiyaların üstünlüyü ilə səciyyələndirilən mərhələyə keçidin təmin olunması hədəflənir. İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması makroiqtisadi sabitliyin qorunması, monetar və fiskal siyasətin koordinasiyasının gücləndirilməsi, biznes 11 mühitinin yaxşılaşdırılması və özəl təşəbbüsün dəstəklənməsi, maliyyə xidmətləri bazarının inkişaf etdirilməsi, xarici ticarət və investisiya siyasətinin təkmilləşdirilməsi kimi istiqamətləri özündə cəmləşdirir. Bu dövrdə inflyasiyanın məqbul səviyyədə saxlanılması, daha çevik məzənnə rejiminə tədrici keçid nəzərdə tutulur. Eyni zamanda, məqsədyönlü şəkildə iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi tədbirləri həyata keçiriləcəkdir. Neft-qaz sektoru və neft-kimya sənayesinin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi və inkişaf etdirilməsi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ticarət və xidmət fəaliyyəti növlərinin genişləndirilməsi və inkişaf etdirilməsi, xarici ticarətin və investisiyaların strukturunun təkmilləşdirilməsi prioritet istiqamətlər olacaqdır. Konsepsiyanın əhatə etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə ÜDM-in orta illik real artım tempinin 7 faizdən yüksək olması nəzərdə tutulur. Hazırkı mərhələdə qarşıda duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini gələcək illərdə də qoruyub saxlamaq və onun ixrac imkanlarını genişləndirməkdir".

"Toplumu bu işin içinə qatmadan, Konstitusiyada əksini tapmış təməl insan hüquqları və azadlıqlarını vətəndaşlara qaytarmadan hakimiyyətin hazırkı siyasi-iqtisadi böhrandan çıxması mümkün olmayacaq"

Картинки по запросу "Şahin Cəfərli"

Yeri gəlmişkən, nəzərinizə çatdıraq ki, sözügedən konsepsiyanın təsdiq edilməsinin üzərindən 8 il keçməsinə baxmayaraq, ekspertlərin bir çoxu bu layihənin iflasa uğradığını, ölkədə sosial-iqtisadi durumun yüksəlmək əvəzinə aşağı düşdüyünü iddia edirlər. "Hürriyyət"in məlumatına görə, politoloq Şahin Cəfərli də məhz bu qənaətdədir. Belə ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən dövrün sonuna qədər Azərbaycanda adambaşına düşən ÜDM-in həcminin 13 min dollar, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin isə 1000 dollara çatmalı olduğunu xatırladan Şahin Cəfərlinin sözlərinə görə, ötən ilin yekunlarına əsasən əhalinin hər nəfərinə düşən ÜDM 4851 dollar, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac göstəricisi isə 177 dollar təşkil edib. 2012-ci ildə neftin orta qiymətinin 111 dollardan bir qədər artıq olduğunu deyən politoloqun fikrincə, konsepsiyanı tərtib edənlər yəqin belə davam edəcəyini düşünərək hesablamalarını həmin qiymətə əsasən aparıblar və hədəfləri də buna istinadən müəyyənləşdiriblər: "Halbuki o tarixlərdə ABŞ-da şist inqilabının başlayacağı barədə söz-söhbətlər yayılmağa başlamışdı. Ötən müddətdə ölkə olaraq irəli yox, geriyə getmişik. Yoxsullaşmışıq. 2020-ci ildəyik, hələ də yeraltı sərvətlərin çıxarılıb, satılması ilə ayaqda qalmağa çalışan iqtisadiyyatımız var. Bu, iqtidarlı müxalifətli, xalq olaraq hamımızın problemidir, özü də çox ciddi. Övladlarımız geridə qalmış, təhsili və səhiyyəsi bərbad, gələcəyi qeyri-müəyyən, yoxsul bir ölkədə doğulub, böyüyür. İnsanlar ümidsizdir". Polilotoqun qənaətincə, Azərbaycandakı mövcud iqtisadi və siyasi idarəetmə modeli iflasa uğrayıb və özünü tükədib: "Lenin demişkən, yuxarılar artıq əvvəlki kimi idarə edə bilmir. Əslində onlar (yuxarılar) gec də olsa, bunun fərqinə varıb, hələ ki söz olaraq qalan və real məzmun kəsb etməyən islahat söhbəti məhz bu dərketmənin nəticəsidir. Vəziyyətdən çıxış yolu axtarırlar. Amma biabırçı parlament seçkiləri xalqın ümidlərinə növbəti zərbə oldu. Seçki sonrası vəziyyət göstərir ki, iqtidar özü də zərbə alıb və çaşqınlıq içərisindədir. Azərbaycanda həqiqi mənada islahatların və dəyişikliklərin zamanı yetişib. Bu, artıq dövrün tələbidir. Amma toplumu bu işin içinə qatmadan, Konstitusiyada əksini tapmış təməl insan hüquqları və azadlıqlarını vətəndaşlara qaytarmadan hakimiyyətin hazırkı siyasi-iqtisadi böhrandan çıxması mümkün olmayacaq".

""Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının tətbiq olunduğu 7 ildə milli iqtisadiyyat irəli yox, geri gedib"

Картинки по запросу "Qubad İbadoğlu"

Mövzuya təxminən, eyni prizmadan yanaşan Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu isə bildirib ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının tətbiq olunduğu 7 ildə milli iqtisadiyyat irəli yox, geri gedib. İqtisadçı alim iddia edir ki, 2012-ci ildəki start vəziyyətilə müqayisədə Azərbaycanda adambaşına ÜDM 1649 dollar və ya 1,34 dəfə aşağı düşüb, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac göstəricisi 2020-ci il üçün hədəflənən göstəricidən 823 dollar və ya 5,65 dəfə az olub: "29 dekabr 2012-ci ildə təsdiqlənən və 2013-cü ildən tətbiqinə başlanan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qeyd olunur ki, "dövrün sonuna Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi iki dəfə artaraq 13000 ABŞ dollarına, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 ABŞ dollarına çatacaq". Dövrün sonuna çatdıq, artıq bu sənədə yekun vurmağın zamanı gəlib. 2019-cu ilin yekunlarına olan son məlumata görə, İnkişaf Konsepsiyasında hədəflənən hər 2 vacib göstərici üzrə vəziyyət belədir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, əhalinin hər nəfərinə düşən ÜDM 8247 manat və ya 4851 dollar olub. Bu göstərici hədəflənən səviyyədən 8149 dollar və ya 2,7 dəfə azdır, hətta 2012-ci ildəki start vəziyyəti ilə müqayisədə Azərbaycanda adambaşına ÜDM 1649 dollar və ya 1,34 dəfə aşağıdır. DSK-nın ötən ilin yanvar-noyabr aylarına olan son məlumatına görə, qeyri-neft ixracı faktiki qiymətlərlə 1,78 milyard dollar təşkil edib ki, bu da həmin tarixə qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac göstəricisi 177 dollar olub ki, bu da hədəflənən göstəricidən 823 dollar və ya 5,65 dəfə azdır". Qubad İbadoğlunun sözlərinə görə, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının icraya başlandığı 2012-ci illə müqayisədə Azərbaycan irəli yox, geri gedib: "Yekun olaraq, qeyd edim ki, Azərbaycan bu dövrdə neft-qaz satışından 100 milyard dollardan çox gəlir əldə edib".

Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.org