Bu gün ATƏT-in sessiyasında Azərbaycandakı vəziyyət müzakirə olunacaq - PARLAMENT SEÇKİLƏRİ, SİYASİ MƏHBUS MƏSƏLƏSİ VƏ...

Baxış sayı:
2266

Fevralın 20-də Vyanada ATƏT Parlament Assambleyasının sessiyası çərçivəsində "Jurnalistlərin həbsi və siyasi məhbuslar fonunda Azərbaycanda parlament seçkiləri" mövzusunda paralel müzakirələr keçiriləcək.

Tədbirin təşkilatçısı Azərbaycanın Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutudur (RATİ).

RATİ-nin məlumatında deyilir ki, seçkilər siyasi azadlıqların pozulması və ölkədə 100-dən çox siyasi məhbusun olması fonunda keçirilib.

"Görüş zamanı bizim bilavasitə təcrübəyə və Azərbaycanda cari vəziyyət haqqında dərin biliklərə malik ekspert qrupumuz siyasi məhbuslar və vicdan məhbusları, habelə jurnalistlərin təhlükəsizliyi məsələsini müzakirə edəcək. Siyasi motivlərlə həbs edilmiş müstəqil jurnalistlərə və hüquq müdafiəçilərinə xüsusi diqqət yetirəcəyik", deyə press-relizdə bildirilir.

Tədbir İtaliyalı deputat Mauro Del Barbanın dəstəyi ilə keçirilir.

Müzakirələrdə RATİ-nin icraçı direktoru Emin Hüseynov, Beynəlxalq Mətbuat İnstitutunun direktoru Barbara Trionfi, "Sərhədsiz Reportyorlar"ın prezidenti Rubina Mering, korrupsiya əleyhinə nəşrləri ilə məşhur olan Azərbaycanlı bloger Mehman Hüseynov, səfir və Azərbaycanın Avropa Şurasında daimi nümayəndəliyinin keçmiş rəhbəri Arif Məmmədov iştirak edəcəklər./Turan