BOŞBOĞAZLAR – Eldəniz Quliyev yazır

Baxış sayı:
1785

Görəcəkli günlərimiz var imiş...
Ölkədə "meydan sulamağı" və fəaliyyətinin sürüşkənliyi ilə tanınan bir sürü ictimai-siyasi politoloq və ekspertlər, "bərkgedən" jurnalist və həllə-qəlləm millət vəkilləri var...
Son zamanlar isə onların sayı hətta yağışdan sonra artan göbələklərə də "fora" verir.
Onlar ağız-ağıza verib,- "hamımız bir köynəkdə" - az qala, xorla, demokratik düşərgə təmsilçilərini, müstəqil fikirli ziyalıları və inanc sahiblərini aşağılayır, təhqir edirlər. Onlara gah dələduz, təxribatçı, gah da, xəyanətkar, erməni dəyirmanına su tökən epiteteləri yapışdırırlar. Ən pisi isə, bu "nüfuzlu",  "samballı" "başbilən" cənabçiklər təmsilçisi olduqları peşələrini, sənət və sahələrini heç özfəaliyyət səviyyəsində də   bilmirlər. Danışdıqları yalan-palanları anladıqlarına rəğmən, yüz minlərlə (bəlkə də artıq) tamaşaçının, oxucu və dinləyicilərin fikirini veclərinə də almırlar...  "Utanasan oynamağa nə var ki!" 
Mayası yalanla yoğrulmuş fikirlərini Tv-lərdə, KİV səhifələrində durmadan tirajlayırlar; Nə danışırlar, nə izah edirlər, nəyi analiz edirləsə etsinlər, dəxli yoxdu,- təki yuxarıların ilıq tumarını və yağlı maladesini qazansınlar!.. Başqa məqsədləri yoxdur...
Şəxsən mənim heç vaxt bu sayaq mənasız adamlara cavab vermək istəyim olmayıb; indinin  özündə də bazar makleri, yəni yüngül gəlməsi  üçün tərəzi  daşının içini ovub çıxaran alverçi ritorikası ilə danışanlara, eləcə də intellekt  və  mərifətdən məhrum olanların yalaq-yulaq fikirlərinə cavab  vermək niyyətim yoxdur. Ola bilsin ki, bu "hörmətli-izzətli" psevdo-ekspertlər, psevdo-politoloqlar, saxta deputatlar və sairə və ilaxırlar bəzən öz dediklərinə özləri inanırlar da. Bir də peşəkar yaltaqlar yaxşı bilirlər ki, sahibinin (yaxud sahiblərinin) sifarişi-fərmayişi ilə danışmaları, hakimiyyəti tənqid edənləri asıb-kəsmələri, mütərəqqi düşüncəli insanları aşağılayıb əzmələri, onlar üçün hüquqi məsuliyyət yaratmayacaq. Bu baxımdan, qarayaxmaqda, riyakarlıq və ikiüzlülükdə ciddi bir ayıb, yaxud nadürüstlük də görmürlər!..
Əslində isə, bu boşboğazlığı görməyən yoxdu!.. Yəni pəpə yeyəndən, məmə deyənə qədər, hamı bunu görür, anlayır və kimin kim olduğunu da çox yaxşı bilir.
"Xalqın ğözü tərəzidir" müdrük məsəli boş yerdə yaranmayıb ki!
Qoy çərənləsinlər. Qoy, nə istəyirlər desinlər!.. Amma sonra, mütləq və mütləq gedib taylarını tapsınlar!
Qəribədi, hərdən düşünürəm ki, belələri ya özlərini kənardan görə bilmir, ya da güzgüyə-filana baxmırlar... Çox güman ki, güzgüyə  baxsaydılar, görərdilər ki, eynilə BİR  DƏFƏ  YEYİLMİŞə bənzəyirlər. BİRDƏFƏYEYİLMİŞin nəmənə olduğu heç şübhəsiz ki, hamıya bəllidir... BİRDƏFƏYEYİLMİŞlərə isə, nə desən, nə cavab  versən, - xeyri yoxdur!..
Eldəniz QULİYEV
P.S. Burcə bunu deyim ki, ləyaqətlə yaşamayan adamın həyatı taleyə çevrilmir!..