“Bizdə əsl “süzən” məzənnədir” – Natiq CƏFƏRLİ

Baxış sayı:
4845

“Mərkəzi Bankdakı müəllimlər hər axşam 100-100 süzüb, sabaha olan məzənnəni müəyyən edirlər”
 
Dünyanın 3 ən nüfuzlu reytinq agentliyindən biri olan “Fitch” açıqlama yayıb: “Azərbaycan yenidən valyuta məzənnəsini aktiv şəkildə idarə etməyə başlayıb. Bu addım, iqtisadiyyatda zəruri olan struktur dəyişiklikləri gecikdirir və valyuta ehtiyatlarının axıb getməsinə səbəb olur. Dalğalı məzənnə rejimindən geri addım atılması neft və qaz qiymətlərinin artmasından sonra ölkənin yenidən köhnə üsullara qayıtmaq istədiyini göstərir. Azərbaycan 2016-cı ilin sonunda “McKinsey&Co” konsaltinq şirkəti tərəfindən hazırlanan iqtisadi islahatlarla bağlı yol xəritəsində nəzərdə tutulduğu kimi, manatın məzənnəsinin sərbəst üzməsinə imkan verilməlidir”. 
Muxalifet.az xəbər verir ki, bu barədə açıqlama verən iqtisadçı Natiq Cəfərli deyib ki, üç ildir Mərkəzi Bank israr edir ki, “üzən məzənnə” rejiminə keçib: “Elə üç ildir biz də israrla deyirdik ki, məzənnə üzən deyil, inzibatidir, nəzarət altındadır, məzənnənin formalaşmasında bazar prinsipi yoxdur. Dəfələrlə qalstuklu müəllimləri başa salmağa çalışdıq ki, üzən məzənnə üçün ölkədə iqtisadi institutlar, normal infrastruktur yoxdur”.
 
“Neft qiymətləri qalxan kimi ölkə köhnə modelə döndü”

N. Cəfərli nəzərə çatdırıb ki, indi artıq “Fitch” kimi nüfuzlu təşkilat da bəyan edir ki, neft qiymətləri qalxan kimi ölkə köhnə modelə döndü, məzənnə inzibatidir: “Çox güman Mərkəzi Bank “Fitch”-ə heç kəsin anlamadığı, bu günə qədər dünyada artıq ölmüş sayılan, itən 5 min dildən birində cavab verəcək, yenə zülmü biz çəkib, MB dilindən normal dilə “tərcümə” edəcəyik”.
“Bizdə əsl “süzən” məzənnədir. Mərkəzi Bankdakı müəllimlər hər axşam 100-100 süzüb, sabaha olan məzənnəni müəyyən edirlər”,-deyə iqtisadçı vurğulayıb.
Cavid, Muxalifet.az