"Bir müddət sonra manatı ucuzlaşdırmaqdan başqa yol qalmayacaq"

Baxış sayı:
9571

"Manatın və ölkə iqtisadiyyatının taleyi sırf neftdən asılıdır. Bu fakt artıq heç kimdə şübhə doğurmur". Bu fikirlər iqtisadçı ekspert Natiq Cəfərliyə məxsusdur.

Manatın məzənnəsinin əmrlə, inzibati qaydada təyin edildiyini vurğulayan ekspertin sözlərinə görə, bu fakt da artıq mübahisə yaratmır. Bununla yanaşı, manata yan təsirlərin də kifayət qədər artdığını qeyd edən Natiq Cəfərli hesab edir ki, qonşu dövlətlərdə baş verən hadisələr milli valyutamıza həm psixoloji, həm də iqtisadi təsir göstərir: "Birincisi, İranda real dəyərdən düşüb dollar qıtlığı yaranıb. Qonşu ölkədə məmnuniyyətlə bizim manatı qəbul edirlər, camaat manatla İrandan mal alır, sonra həmin manat inzibati yolla sabit tutulan məzənnə faktoruna görə ölkəyə gəlib dollar olub İrana qayıdır. İkincisi, Türkiyədə lirə çox ucuzlaşıb, deməli türk lirəsi ilə satılan mallar, əgər qardaş ölkəyə dollar aparırsansa, çox cəlbedici qiymətə düşüb. Son günlər Azərbaycandan xeyli valyuta müxtəlif yollarla Türkiyəyə gedib, lirəyə çevrilir, həmin lirə ilə daha çox mal alınıb ölkəyə gətirilir. Məktəb mövsümünü nəzərə alsaq, ölkədə adi qələm, corab, tuman istehsalının belə olmadığı düşünsək, indi Türkiyədən daha çox mal gətiriləcək, bu da ölkədən daha çox valyuta çıxması deməkdir. Üçüncüsü, Rusiya rublu da 10 faizə yaxın ucuzlaşıb, sərhədyanı ərazilərdə rusiyalılar məmnuniyyətlə manatla yağ-ət, kolbasa-sosiska satırlar. Çünki bu mallar bizdə manatla daha bahadır, həmin manatlar yenidən ölkəyə gəlir, dollar olub Rusiyaya qayıdır. Dördüncüsü, Gürcüstanda da lari ucuzlaşıb, gürcülər yenidən həvəslə manat götürüb mal satırlar, eyni qaydada həmin manatlar da ölkəyə gəlib dollar olur və Gürcüstana dönür. Deməli, qonşularda baş verənlər manata artıq həm psixoloji, həm də iqtisadi təsir göstərir. Deyə bilərsiniz ki, bizim şanlı gömrük işçiləri imkan verməz o qədər valyutanı ölkədən çıxarsınlar. Cavabım fəlsəfi olacaq: Dünya yaranandan bəri heç bir dövlət iki məsələnin dövriyəsini əngəlləyə bilməyib - ideya və pul (kapital). Ən qəddar total sovet nəzarəti dönəmində belə, alverçilər "kapstran" malı, valyuta ilə məşğul olanlar isə dollar satırdılar və heç bir ağır cəzalar belə bunun qarşısını ala bilmirdi, ala da bilməzdi. Rüşvətlə hər şeyin həll olunduğu bizim məmləkətdə isə sərhədlər də, gömrük də valyuta çıxışına əngəl deyillər. Deməli, bir müddət sonra manatı ucuzlaşdırmaqdan başqa yol qalmayacaq".