​Bir günlük müharibə! Bir gündə qazanılan qələbə! – ELDAR SABİROĞLU YAZIR

Baxış sayı:
2006

Dünya doğrudan, ədalətsiz dünyaymış. Axı, Azərbaycan nə istəyir?! Birinci olaraq biz öz qədim torpağımızı istəyirik, hansı ki, 30 ildən artıqdır Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Azərbaycan bu torpaqların qaytarılmasını tələb edir. Biz regiona sülh, əmin-amanlıq gətirməyin tərəfdarıyıq. Hər zaman erməni rəhbərliyinə bu məqsədimizi bildirməklə yanaşı, ikinci tələb və istəyimizi - birgə yaşamaq tələblərimizi də onların diqqətinə çatdırmışıq. Həmişə də düşmən real təkliflərdən qaçmışdır.
Ya sakitcə çıxıb getməliydilər, ya da son nəticə etibarilə müasir erməni faşizminin regionda yerləşdirilmiş qanunsuz silahlı dəstələri Azərbaycanın Müzəffər Ordusu tərəfindən darmadağın edilməliydi. Ermənistan hər iki yoldan imtina etdi və müharibəni seçdi… Bu məsələnin üzərində çox dayanmaq istəmirəm. Bunun ən gözəl və region üçün daha vacib izahını Prezident İlham Əliyev xalqa etdiyi tarixi müraciətində vermişdir. Həqiqətən, dövlət rəhbərimiz böyük iradə, ağlagəlməz cəsarət nümayiş göstərdi. O, bununla bütün dünyaya onu çatdırdı ki, heç kimin torpağına, ərazisinə iddiamız yoxdur və heç kimə də Azərbaycanın suverenliyinə, onun ərazi bütövlüyünə əl uzatmağa icazə verməyəcəyik. Azərbaycan əvvəlki Azərbaycan deyil, onun müasir texnikaya malik güclü ordusu, öz torpağına bağlı olan güclü xalqı vardır.
Elə bu cümləyə nöqtəni qoymuşdum ki, dostlardan biri sevinc dolu xəbərlə məni təkrar sevindirdi: "Qarabağın Ağdərə rayonu da erməni faşistlərindən geri alındı".  Bəli, internet vasitəsilə çətinliklə tapıb baxdım ki, igid Azərbaycan əsgərimiz üçrəngli bayrağımızı Ağdərədə ucaldır. Çox yəqin ki, bu həftə Qarabağ bütünlüklə bizim olacaq!
Erməni ordusunun Azərbaycan əsgəri qarşısında çöküşü cəmi 24 saat çəkdi. Bir günlük müharibə!!! Bir gündə qazanılan qələbə!!! Dünyanın görmədiyi, yaşamadığı bir savaş!!!
Ermənidə səmimiyyət yoxdur. Onların dabbaqda gönünə bələdəm. Amma gəlin bir daha yoxlayaq, görək "Rusiya Azərbaycanla Ermənistan arasında müharibənin davam etməsini istəyir, mən buna getməyəcəm", - deyən Paşinyan sözünə nə dərəcədə sahib olacaq…
Lakin Qarabağ problemini bir daha dərinliyə uğratmaq olmaz. Bu yaranın müalicəsi tezliklə aparılmalıdır, əks təqdirdə Paşinyanın sözünə inanıb, fürsəti fövtə verə bilərik. Düşmənin hansı məzhəbə işlədiyi bütün dünyaya bəllidir. Azərbaycan Prezidenti İlham Əliyev də maymaq ermənini gözəl tanıyır. Guya Qarabağda mülki əhalinin raket zərbələri altında qaldığını iddia edən və bu haqda ortaya konkret bircə fakt  qoymayan da baş nazir Paşinyanın özüdür. Ona görə də hər hansı erməniyə çox da ümid bəsləmək olmaz...
İki il əvvəl Gəncə şəhərini bombardman etmək barədə əmrini verən bəlkə Paşinyan deyilmiş?! Mən düşmənlə müharibədə qalib gələn hökumətimizdən xahiş edərdim ki, 100-ə yaxın günahsız gəncəli qardaş və bacımızı gecə yataqdaykən “İsgəndər” raketi ilə atəşə tutmaq əmrinin haradan gəldiyi araşdırılsın. Bəlkə, bu haqda əmri verən Paşinyan deyil, başqa planetin adamıymış?!
Eldar SABİROĞLU,
Sabiq millət vəkili