BİR DAMLA SU OLAQ – Eldəniz Quliyev yazır

Baxış sayı:
3277

Azərbaycanı qorumaq, onun ruhunu, varlığını hifz etmək, ən başlıcası, ONU sevmək çətindi, çox çətindi... Bir yandan üstümüzə yağış kimi yağan yalan və riyakarlıq, bir yandan üzdəniraq qonşuların bitib tükənməyən zəhərli nəfəsi, bir yandan da məmləkəti didib-parçalayan təpəgöz məmur sürüsünün tükənməyən nəfsi... SÖZdən savayı özgə bir müdafiəsi olmayanlar üçün bu vəziyyəti görüb də dözmək ağırdır... Sizi bilmirəm, amma mən özümçün müəyyən etdim ki, bu gün nə ziyalıların, nə qurama vətənpərvərlərin, nə də boğazdan yuxarı "vətən", "azadlıq", "demokratiya" hayqıran psevdo-siyasətçilərin bir qram da xüsusi çəkisi yoxdu... Məncə, bu yerdə, hamıya "çəki atan" qapançı haqqında kiçik bir rəvayət yerinə düşər... Biri variydi, biri yoxuydu, məmləkətdə acgöz, kinli və əliəyri bir qapançı varıydi... Həmişə hamıya kəf gələr və ömründə bircə dəfə də olsun tərəzisini halal işlətməzdi. Günlərin bir günü qapançı öz-özünə dedi ki: "... hər şeyi çəkirəm, noolasıdı, qoy bir dəfə də özümü çəkim..." Və çəkdi... Çəkdi və gördü ki, çəkisi yoxdu... Tamam yoxdu! Oturub bir müddət key-key içini ovub çıxartdığı tərəzi daşlarına baxdı, baxdı... Sonra arvadını, oğlunu çağırdı, özüylə bərabər qapana çıxarıb dübarə çəkdi. Amma yenə də tərəzinin əqrəbi sıfırda ilişib qaldı... Daha sonra, yan-yörəsində quyruq bulayan bir sürü dost-tanışını da yanına alıb çəkdi. Eyni nəticə!.. Bədbəxt qapançı hannan-hana anladı ki, sən demə, onların heç bir misqal, bir çimdik də çəkisi, ağırlığı, vəzini yox imiş!.. Nağıl burada tamamə yetdi... və göydən alma yerinə üç dənə qara daş... yox, yox, - düşməsə yaxşıdı... Bəli, əziz oxucu, bu gün həqiqətən elə bil hamımızı kosmosa daşıyıblar və elə bil külli-əhali "optovoy" şəkildə çəkisizlik şəraitində yaşayır - ayaqları yerdən, əlləri göydən, ümidləri isə hər yerdən və hər şeydən üzülüb... Lütfən məni pessimizdə qınamayın, amma, vallah, xalqımı indiyəcən bu qədər boynubükük, yiyəsiz, yetim hiss eləməmişdim... Yalan və riyakarlıqla zəhərlənmiş, haqsızlıq və dərəbəylik hökm sürən vətənimin bu vəziyyəti məni sıxır, kövrəldir... Bu gün özümü, özümlə birgə elə hamını mis kumi qızarmış qaynar tavaya atılmış bir damcı soyuq suya bənzədirəm. Dəhşətli istidən atılıb-düşür, qovrulur-qıvrılırıq, cızdağımız çıxır... Amma tavanın heç vecinə də deyil!.. Bu qaynar tavanı soyutmağın, ram etməyin çarəsi varmı, əcaba? Əlbəttə var! Və bu "çarə", əslində çox sadədir: o soyuq damcıların sayını çoxaltmaq, lap çoxaltmaq! Eldəniz QULİYEV