Bill Geyts və masonların kirli oyunları haqqında: Karantindən sonra nə olacaq...?

Baxış sayı:
4609

Dövri elmi ədəbiyyatı yaxşı izləsəm də türk və rus BİLİM ADAMLARINI yaxşı izləmirəm. Bir az əvvəl Bill Geytsin TEdx-də çıxışını izlədim. Adam bir sonrakı virus epidemiyasına hazır deyilik deyir.

Mənə göndərilən videoya yazılan şərhdən belə başa düşdüm ki, Bill Geyts və ona bağlı milyarderlər lazımsız saydıqları milyardlarca insanı qırmaq planı qurublar və indi bunu həyata keçirməklə məşğuldurlar.

Vallah, bundan 25 il əvvəl belə nağılları yenə dinləyə bilərdim, amma indi ali məktəb imtahanlarına övlad hazırlayan atayam.... Kam onnnnn!!!!

Qardaş, bir dəfə başınızı nağıllardan qaldırıb elmi ədəbiyyat oxuyun.

Elmi ədəbiyyat illərdir bir KORONAVİRUS epidemiyasının olacağını yazırdı, siz oxumamısınızsa, öz günahınızdır. Britaniya Kral Akademiyasının (Royal Institution) düz bir il əvvəl gözəl bir mühazirəsi var idi. İndi baş verənləri tək-tək danışmışdı orada alimlər. Bu necə fərsiz masonlardır ki, edəcəklərini bir il əvvəl internetə yerləşdiriblər?

Elmi ədəbiyyatı təqib edən biri kimi sizə gələcəkdə.... özü də yaxın gələcəkdə insanları ən azı yüz minlərlə qıran fəlakətlər haqqında belə məlumat verim:

Yoluxucu xəstəliklər

Gələcəkdə öldürücü vərəm epidemiyası gözlənilir. Alimlər onillərdir buna çarə axtarırlar. Amma çarə hələ ki yoxdur.

Virus infeksiyaları. Artıq bənzərini yaşayırıq

Adi bakteriyalar. Bəli, təbabətdə artıq başqa antibiotik qalmadı. Keçən ilin aprelində urologiya dərnəyi biz uroloqlara bəzi antibiotikləri istifadə etməyi qadağan etdi. Çarəsizlikdən. Çünki əldə başqa antibiotik qalmayıb. İnsanlıq yaxın gələcəkdə adi tonzillitdən ölə bilər. Yeni antibiotiklərə dəhşətli pul lazımdır, amma ağıllı və populist siyasətçilər bu araşdırmalara pul vermək istəmirlər. Çünki parlamentə ancaq qanunları yaxşı bilən hüquqşünaslar seçilməlidir - deyən populistlər var.

Ekoloji problemlər

Yaxın gələcəkdə insanlığın həyatını hədələyən əsasən ekoloji faktorlar olacaq. Başda hava kirliliyi gəlir. Bu gün belə səs və işıq kirliliyindən elə bizim Azərbaycanda sonsuzluq xeyli yayılıb. Dədə-babalarınız kimi zil qaranlıqda yatmırsınız və pəncərələrinizin rezinləri də "kitayskidir" deyə çöldəki səsləri eşidirsiniz - gecə vaxtı belə. Bunlar isə keyfiyyətli yuxuya mane olur. Qalanı sonra gəlir.

Meşələri kürüyüb meyvə bağları salırsınız. Bunun uzaq deyil, yaxın gələcəkdə içdiyiniz suda necə təsir buraxdığını isə düşünmürsünüz. Badam bağları yerinə "Badam villaları" saldıq - qum fırtınalarına hazır olun.

Su problemi

Yaxın gələcəkdə ən böyük problemlərdən biri içməli su olacaq. Sonra suvarmaq üçün də su tapa bilməyəcəyik. Günahkarı da indi masonalrın işi olduğunu düşündüyünüz qlobal istiləşmədir.

Ağılın yolu birdir. Elm isə ağılın zirvəsidir. Qalan hər şey isə... boş-boş söhbətlərdir.

Karantin bitəndən sonra yaxşıca oturub... içməyəcəyik... papağımızı qabağımıza qoyub yaxşı-yaxşı düşünəcəyik.

Vasif İsmayıl, tanınmış uroloq cərrah