Belarus TŞ katibi Putin “NATO”suna görə gəlmişdi? - Reaksiya...

Baxış sayı:
9787

Ekspertlərə görə, KTMT-yə qoşulmaq Azərbaycanın planlarına daxil deyil və onlar prezidentin bu barədə mövqeyinə  istinad edirlər...

Sentyabrın 18-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkəmizdə səfərdə olan Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Yeni Müsavat” xəbər verir ki, görüşdə Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov da iştirak edib. S.Zas daha sonra prezident İlham Əliyevlə görüşüb.

Ekspertlərin qənaətinə görə, bu səfər Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusu alması ilə bağlı mühüm əhəmiyyət kəsb edir.

Bir neçə gün əvvəl rusiyalı ekspert Yevgeni Mixaylov deyib ki,  əgər Azərbaycan KTMT-də müşahidəçi statusu alsa, bu, postsovet məkanında təhlükəsizliyin əldə edilməsi üçün böyük bir addım ola bilər. “Siyasi stabillik və iqtisadi inkişafın hökm sürdüyü Azərbaycan bu təşkilata lazımdır. Bakının öz siyasi kursu var və dünya dövlətləri onunla hesablaşır. Hətta müşahidəçi qismində belə bir müttəfiq əldə etməyə bir çoxları can atır”, - deyə rus politoloq bildirib.

Aydın məsələdir ki, KTMT-də dominant rolu Moskva oynayır. Son zamanlar isə Ermənistanla Rusiya arasında münasibətlərdə ziddiyyətlər meydana çıxıb. Bu durumda görünən odur ki, Azərbaycanın KTMT-də müşahidəçi statusu alması ehtimalı da Rusiya ilə Ermənistan arasında mövcud olan ziddiyyətlərə yeni çalarlar qatacaq. Belarus TŞ katibinin səfəri isə KTMT-də müşahidəçi kimi iştirakımızla bağlı müzakirələri yenidən aktuallaşdırıb.

Fərəc Quliyev ile ilgili görsel sonucu

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin Təhlükəsizlik, Müdafiə və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü Fərəc Quliyev Azərbaycanın KTMT-də hər hansı statusda iştirakının qəti əleyhinədir. Onun sözlərinə görə, Azərbaycanın dünən də, bu gün də başına gələn bəlaların səbəbkarı Rusiyadır: “Qəti mövqeyim bundan ibarətdir ki, dövlət olaraq son 100 ildə aldığımız zərbələr, qara ləkələr Rusiya ilə bağlıdır. İstər uzaq, istərsə yaxın tarix olsun, ölkəmizin bölünməsi, 1920-ci ildə Azərbaycanın müstəqilliyinə son qoyulması olsun, hər birində Rusiyanın baş rolu var.  Ondan sonra ziyalılarımızın repressiyalara məruz qalması, milli hökumət üzvlərinin qətlə yetirilməsi, ən yeni tarixdə 20 Yanvar qırğını törədilməsi Rusiyanın adı ilə bağlıdır. Qarabağda separatçı erməni hərəkatının başladılması da Rusiyanın proyektidir, Qarabağın işğalı da Rusiyanın işidir, problemin bu gün də həll olunmaması onlara bağlıdır. Siyahını çox uzatmaq olar. Çünki Rusiya bu gün də sakit durmur, Azərbaycanın daxili işlərinə qarışır.

2013-cü ildə “Milyarderlər ittifaqı” və Milli Şura onların layihəsi idi. Bəzi partiyalar bunu bilərək Milli Şuradan uzaqlaşdı. İndi də Rusiya hərbi “sapoq”larını geyinərək KTMT ilə bura ayaq qoymaq istəyir".

Deputatın sözlərinə görə, KTMT-yə qoşulmaq Azərbaycanın dövlət maraqlarına uyğun deyil: “Bu avantüraya getmək ölkəni fəlakətə apara bilər. Azərbaycanın yolu NATO, Avropaya inteqrasiyadır. Azərbaycan Rusiyanın silahından da imtina etməlidir. Çünki rusun satdığı rəmzi olaraq desək, 1 ballı gücə malikdirsə, düşmən Ermənistana satdığı silah 2 ballı olacaq.

Bu mənada türk dövlətləri ilə ortaq ordu yaranması reallaşmalıdır və qətiyyən Rusiyanın həmin proyektində iştirak etmək olmaz".

F.Quliyev Belarus TŞ katibinin Bakıya səfərinin KTMT ilə bağlı olmasını istisna etmir: “Prezident Davosda qoyduğu mövqedən çəkinməməlidir, özünü tək hiss etməməlidir, milli demokratik düşərgə də bu mövqedə dəstəyini ifadə etməlidir”.

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Belarus TŞ-nin katibinin Bakı səfərində Azərbaycanın KTMT-də müşahidəçi status alması barədə bir nəbz yoxlaması aparılması mümkündür. 

Ekspertin fikrincə, Belarus TŞ katibi KTMT-nin baş katibi olacaq: “Bu baxımdan onun səfəri əhəmiyyətli idi. Amma Azərbaycan prezidentinin ilin əvvəlində Davosda mövqeyi belə oldu ki, KTMT-yə üzvlük gündəmdə deyil. Eyni fikri Hikmət Hacıyev də bu yaxınlarda təkrarladı. Ona görə də bu məsələ gündəmdə qalmamalıdır. Axı sual yaranır ki, KTMT-də olmaq bizə nə verəcək ki, bu dərəcədə aktuallığını qoruyur”.

Politoloq Elxan Şahinoğlu ile ilgili görsel sonucu

E.Şahinoğlunun sözlərinə görə, Belarus tərəfdaş ölkədir, Qarabağ məsələsində dəstək verir: “Ancaq düşünürəm ki, KTMT-yə üzvlük faydalı deyil. Bunun tərəfdarı olanlar belə şərh verirlər ki, üzvlük olduğu halda Rusiyadan ucuz silah ala bilərik. Ancaq nəyimizə lazımdır? Azərbaycan ruslardan 5 milyardlıq silah alıb, başqa dövlətlərlə də silah ticarətini həyata keçirir. Ona görə ciddi arqument deyil”.

Politoloq hesab edir ki, bu quruma üzvlük işğal edilmiş Azərbaycan torpaqlarının boşaldılması prosesini sürətləndirəcəyinə də təminat vermir: “Kim zəmanət verir ki, Rusiya üzv olduğumuz halda Qarabağ probleminin həllini sürətləndirəcək? Əgər belədirsə, ərazilərin boşaldılmasına başlansın, sonra rəsmi Bakı addım atsın. Əks təqdirdə, sən KTMT-yə qoşul, sonra Qarabağ məsələsində heç bir irəliləyiş olmasın, nəticəsiz qalsın.

İkincisi, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Bu isə o deməkdir ki, heç bir hərbi blokda yer ala bilməzsən. Nə KTMT, nə NATO-ya qoşula bilərsən. Eyni zamanda Azərbaycanın NATO ilə yüksək səviyyədə münasibətləri var, müdafiə naziri Zakir Həsənov da bunu gizlətmir, Türkiyə ilə birgə hərbi təlimlərin keçirilməsi də yaxınlaşmanın göstəricisidir. Belə olan halda KTMT-yə qoşulmaqla niyə NATO ilə münasibətlərə kölgə salmalıyıq?"//musavat