Bayıldan Bakıya yollar bağlanacaq, amma... - rəsmi açıqlamalar

Baxış sayı:
9880

DYP və BNA rəsmiləri şəhərin cənubunda yaşayanları “Formula-1” günləri narahat olmamağa səslədi, yol xəritəsi hazırlanır: ”Heç kim narazı qalmayacaq”

Bakının mərkəzi yolları aprelin 26-sı və 28-i günlərində bağlanacaq. “Formula-1 Azərbaycan Qran-Prisi” yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə paytaxtın bir sıra mərkəzi yollarında avtomobillərin hərəkətinə məhdudiyyət artıq tətbiq olunmağa başlayıb. 

“Yeni Müsavat” xəbər verir ki, artıq 4-cü ildir ölkəmizdə bu yarışlar təşkil olunur. Lakin bu dəfə Badamdar yolunun da təmirə bağlanması şəhərin cənub istiqamətində yaşayanları narahat etməyə başlayıb.

Onlar sual edirlər ki, 20-ci sahədə, Bayıl massivində yaşayanlar şəhərə necə gəlib-gedəcəklər, hansı alternativ yollar təklif olunacaq və s...

Çünki Badamdar yolunun da bağlanması artıq Bakının cənub istiqamətində nəqliyyatın işini əməlli-başlı çətinləşdirəcək. 

Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidməti rəhbəri İsrafil Kərimov bildirdi ki, yarışlar zamanı ictimai nəqliyyatın hərəkəti Bakı Nəqliyyat Agentliyi tərəfindən tənzimlənəcək: “Bizə aid nə suallarınız olarsa, onlara kömək edə bilərik”.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov “Yeni Müsavat”a bildirdi ki, vətəndaşlar qəti şəkildə narahat olmasınlar. Onun sözlərinə görə, yarışlara bir neçə gün qalmış ətraflı məlumat veriləcək.

İlgili resim

V.Əsədov qeyd etdi ki, indidən konkret istiqamətləri açıqlamaq insanlarda çaşqınlıq yarada bilər: “Lakin bu, Bakıda keçirilən 4-cü ”Formula-1" yarışıdır və ötən dövrdə kifayət qədər təcrübə toplamışıq, yarışları yüksək səviyyədə başa vurmuşuq. Bu il də yüksək səviyyədə nəqliyyatın hərəkəti tənzimlənəcək, heç kim narazı qalmayacaq".

DYP sözçüsü əlavə etdi ki, “Azneft” dairəsindən dağüstü yolla Badamdar, Bayıldan Mehdi Hüseyn küçəsi olmaqla Parlament prospektinə yollar olacaq: “Əhmədlidən gələnlər üçün Afiyəddin Cəlilov küçəsinə, Yusif Səfərov küçəsinə, ”Gənclik" və “Nərimanov” istiqamətlərinə yollar nəzərdə tutulub. Aeroporta getmək istəyənlər Yasamaldan keçməklə “20 Yanvar”a, oradan Ziya Bünyadov prospektinə çıxmaqla hərəkət edə biləcəklər.

Yəni hər şey yüksək səviyyədə təşkil olunacaq, hazırda da heç bir problem yaşanmır. Biz sürücülərə daha ətraflı məlumat verəcəyik. Avtobuslara gəlincə, Bakı Nəqliyyat Agentliyindən soruşmaq lazımdır".

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə məlumat verdi ki, hazırda iş aparılır, alternativ yolların xəritəsi çoxdan hazırlanır, vətəndaşların rahatlığı təmin ediləcək.

Mais Ağayev ile ilgili görsel sonucu

BNA sözçüsü bildirdi ki, yarışlar üç gün davam edəcək və adi intervaldan fərqli olaraq, bu müddətdə avtobuslar gecə saat 3-ə qədər işləyəcəklər: “Adi günlərdə avtobuslar axşam saat 11-12-yə qədər işləyir, yarış vaxtı isə avtobuslar daha çox işləyəcəklər. Əsas məqsədimiz bu cür tədbirlər keçirilən zaman nəqliyyatın fəaliyyətinin fasiləsiz təşkilini təmin etməkdir ki, insanların gündəlik güzəranına təsir göstərməsin. Artıq çoxdan alternativ yolların xəritəsi hazırlanır, heç kəs narahat olmasın, vətəndaşlara daha ətraflı məlumat veriləcək”.

Nigar Arpadarai ile ilgili görsel sonucu

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai isə mətbuata bildirmişdi ki, yollar Qran-pri həftəsində məhdudlaşdırılacaq: “Bununla bağlı öncədən hər şeyi bildirəcəyik. Hazırda heç bir yolda məhdudiyyət yoxdur, bir çox işləri gecə saatlarında aparırıq”.