Baş həkim xəstəxananı hələ də Surət Hüseynovun qərarları ilə idarə edir – VETERANLAR NİCAT CƏLİLOVDAN ŞİKAYƏTÇİDİR

Baxış sayı:
14206

Bakı şəhəri, Nərimanov rayonu, Habil Mirzəyev küçəsi, ev 10-da yaşayan Vətən Müharibəsi iştirakçısı Babazadə Mehdi Teymur oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə aidiyyəti qurumlara müraciət edən M.Babazadənin məktubunu olduğu kimi dərc edirik:
“Səhhətimdə problemlər olduğu üçün 08.07.2024-cü il tarixində göndərişlə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsində yerləşən Respublika Müharibə Veteranları Xəstəxanasının Nevrologiya şöbəsində müalicə almağa göndərildim. Yenicə müalicəyə başlamışdım ki, baş həkim Cəlilov Nicat Vidadi oğlunun mürtəce qanunlarına görə 11.07.2024-cü il tarixində xəstəxananı tərk etdim. Yəni müalicə olunmadan geri döndüm. Buna səbəb Nicat Cəlilovun özünü baş həkim deyil, kral kimi aparması oldu.
Belə ki, 10.07.2024-cü il tarixində hər gün axşam Qazilərə kartof püresi və balıq verilməsini baş həkim Nicat Cəlilova bildirdim. Bunu Qazilərə hörmətsizlik və diqqətsizlik kimi dəyərləndirdim. “Hər gün insan eyni qida ilə qidalana bilməz”, - dedim. Dövlətimizin imkanı var ki, ayrı qida normasını tətbiq etsin. Baş həkim Nicat Cəlilov hər axşam kartof pürüsi ilə   balıq verilməsinin tibbi əsaslarla düz olduğunu və bunun üçün 1994-cü ildə baş nazir olmuş Surət Hüseynovun 9 mart 1994-cü il tarixli, 103 nömrəli qərarını rəhbər tutduğunu bildirdi.
Xahiş etdim ki, bir gündən bir vətəndaşların qida normaları tətbiq edilməsi qaydasını günorta qidası ilə dəyişsin. Çünki bir ildən çoxdur ki, Nicat Cəlilovun özbaşına qərarına görə həmin xəstəxanada axşam vətəndaşların qida norması kartof püresi və skumbriya balığı olur.
Məndən sonra daha 6 nəfər baş həkim Nicat Cəlilovun qəbuluna getdi. Onlar da xahiş etdi, nəticəsi olmadı. Bunu araşdırmaq üçün Nicat Cəlilovun qəbul otağında olan müşahidə kameralarına baxmaq kifayətdir ki, mən və daha 6 nəfər vətəndaş veteranların qida normalarının düz tətbiq edilməsi üçün müarcət etmişik.
Xəstəxanaya müalicyə gələn veteranlar müxtəlif ictimai birliklərdə təmsil olunurlar. Veteranar ictimai birliyindən baş həkim, həkimlər üçün, yeməkxana heyəti (kiçik tibb bacıları)  və tibb bacıları üçün müxtəlif fəxri fərmanlar və təşəkkürnamələr təqdim edirlər.
Baş həkim Cəlilov Nicat Vidadi oğlunun qəbul otağında olan fəxri fərmanlar, təşəkkürnamələr və ona görə TƏBİB-ə göndərilən fərmanları verən həmin veteranlar, Qazilər yemək yeyəndən sonra bayıra çıxırlar. 34 dərəcə istidə özlərini elə hiss edirlər ki, baş həkimin kondisioner olan qəbul otağındadırlar. Yeməkxanada yuxuarı dərəcədə isti olur, kondisioner yoxdu. Bu barədə Nicat Cəlilov xəstəxananın rəhbəri kimi yuxarı təşkilatlara müraciət belə etmir ki, Qazilər bu istidə qidalana bilmir, yeməkxanaya kondisioner lazımdır. Yəni baş həkim öz vəzifəsini icra edə bilmir.
Dövlətimiz 3 ədəd kondisioner problemini həll edə bilər ki, bunu Nicat Cəlilov baş həkim kimi rəhbərliyə bildirməli və  yeməkxana kondosionerlə təmin olunmalıdır. Çünki baş həkim ancaq fəxri fərman yığır, kolleksiya toplayır. Yuxarı təşkilatlara – TƏBİB-ə, hər ünvana nümunəvi baş həkim olması barədə mesaj verir, karyerası haqda düşünür. O, veteranlarla bir gün belə, həmin yeməkxanada yemək yeməyib, özünə yaraşdırmayıb. Özü və əzizləri hər gün kartof pürüsi və skumbriya balığı ilə qıdalanmayıb.
Vətən Müharibəsi iştirakçılarının yemək yediyi yeməkxanaya baxmaq kifayətdir ki, Nicat Cəlilovun veteranlara olan “hörməti” görünsün. Xahiş edirəm, bununla bağlı aidiyyəti qurumlar araşdırma aparsın. TƏBİB-in  idarə heyəti əgər belə bir insanı həssas qrupa aid veteranların xəstəxanasına baş həkim təyin edibsə, TƏBİB rəhbəri Vüqar Qurbanovdan da kömək gözləmək olmaz. Qışda - soyuqda həmin yeməkxanada  Qazilər gödəkcədə, palto ilə əyləşir, sonra qidalanırlar. Yeməkxananın dəhlizində şüşələr sınıb, yerini taxta və kartonla bağlayan baş həkim Qaziləri başa düşə bilməz. Çünki onu karyera maraqlandırır. Yayda 34 dərəcə istidə baş həkim həmin yeməkxanada  yemək yeməz, amma bunu Qazilərə məcbur edir.
Nicat Cəlilov xəstəxanada müalacə qəbul edən veteranların, Qazilərin yolunu bağlayıb. Əsas qapıya mərkəzi yoldan səki ilə gəlmək mümkün idi. Hal-hazırda istifadə olunan qapıya gəlmək həm çox uzun, həm də təhlükəli yoldur. Çünki səki yoxdur. Qazilərə yolun daha qısa, təhlükəsiz olması vacibdir ki, Nicat Cəlilov bunu düşünmür, ona çatmır. Xahiş edirəm ki,  əsas qapının hansı səbəbdən bağlanmasını da TƏBİB-dən soruşasınız.
Xahiş edirəm, Surət Hüseynovun 9 mart 1994-cü il tarixli, 103 nömrəli qərarının Nicat Cəlilov tərəfindən niyə rəhbər tutulduğunu aydınlaşdırasınız. Surət Hüseynovun bütün təltifləri dövlət tərəfindən ləğv olunub, özü qanunsuz əməlləri, göstərişləri ilə bağlı həbs olunub. Xalqın nifrətini, qəzəbini qazanıb. Baş həkim Nicat Cəlilovun isə Surətə hörməti,  rəğbəti hələ də davam edir.
Xahiş edirəm ki, ölkə  rəhbərliyini  Mərdəkanda, Baba Əliyev küçəsində yerləşən Respublika Veteranlar Xəstəxanasının  yeməkxanasında baş verənlər və acınacaqlı vəziyyət barədə xəbərdar edəsiniz. TƏBİB-in İdarə Heyətinin sədri Vüqar  Qurbanov burada baş verənlərə diqqət etmir və ya maraqları çərçivəsində deyil. Axşam saat 18:00-da xəstəxanada video çəkiliş etmək lazımdır ki, veteranlardan saysız-hesabsız fəxri fərman və  təşəkkürnamələr alan baş həkimin Qazilərə münasibətini görəsiniz.
Xəstəxanada olan təmirsiz palatalar isə tamamilə ayrı mövzudur...”.
Hazırladı: Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.