“AZƏRİŞIQ”DA MİLYONLAR NECƏ TALAN EDİLİR... – ASC rəhbərinin müşaviri Kamil Hüseynova “dur” deyən olacaqmı?!
2015-ci ilin fevralında Prezident İlham Əlevin sərəncamı ilə “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) adlandırılmışdı. “Azərişıq” ASC-nin əsas vəzifəsi isə ölkə vətəndaşlarını, istehsal və xidmət obyektlərini fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, eyni zamanda, göstərilən xidmətin keyfiyyətini yüksəltmək, ölkənin elektrik şəbəkəsini dünya standartlarına uyğun yenidən qurmaq idi. Ötən müddət ərzində “Azərişiq” ASC-nin bu vəzifələrin öhdəsindən necə gəldiyini hər kəs aydın görür. Baxmayaraq ki, bu məqsədlə büdcədən kifayət qədər vəsait ayrılır, təəssüf ki, hələ də ölkənin enerji sektorunda köklü dəyişiklik baş verməyib.
Qurumun işinin lazımi səviyyədə təşkil olunmamasının səbəblərindən biri də korrupsiya və maliyyə maxinasiyalarıdır. Maraqlıdır ki, yeyintiləri üzə çıxaran əməkdaşlar isə heç bir əsas gətirmədən vəzifədən uzaqlaşdırılır. Məsələn, “Azərişıq”da audit yoxlaması apararaq ciddi maliyyə pozuntularını üzə çıxaran Ənnağı Cənnətov bu hesabatını rəhbərliyə təqdim etdikdən sonra “Azərişıq” Audit Komitəsinin sədri vəzifədən alınıb. Maraqlıdır ki, bunun ardınca “Azərişıq” ASC “KPMG Audit Azərbaycan” MMC ilə satınlama müqaviləsi imzalayıb.
“Akkord”dan “Azərişıq”a müəmmalı transfer
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun müşaviri, həm də tələbə yoldaşı Kamil Hüseyinovun “özfəaliyyət”i dövlətin milyonlarla vəsaitini müxtəlif tenderlər və birbaşa müqavilələrlə “buxarlandırmasından” ibarətdir. Bu məqsədlə müxtəlif illərdə müxtəli adlarla MMC-lərin təsis olunması və böyük məbləğdə tenderlərdə “qalib olması” kimi ənənəvi taktika xatırlanır. Xatırladaq ki, Kamil Hüseynov hazırkı vəzifəsinədək “Akkord”da əvvəlcə istehsalat departamentinin direktoru, sonra isə rəhbər işləyib. İnternet üzərindən apardığımız araşdırmalarla məlum olur ki, məhz bu zaman Kamil Hüseynov tərəfindən milyonlarla dövlət vəsaiti mənimsənilib. Bir faktı qeyd edək ki, Elçin Bədəlovun “Akkord”a rəhbərlik etdiyi dövrdə Azərbaycan Beynəlxalq Bankından götürülmüş yarım milyard manatdan çox kredit bölgələrdə müxtəlif layihələr adıyla su-kanalizasiya departamentinin rəhbəri Fariz Cəmilli və istehsalat departamentinin direktoru Kamil Hüseynov tərəfindən mənimsənilmişdi. Hətta bu faktın “Akkord”un çöküşündə başlıca amil olduğu da deyilir…
Bu hadisədən sonra Kamil Hüseynov “sudan quru çıxmağı” bacarmış və tələbəlik dostu Vüqar Əhmədovun yanında yer ala bilmişdir.
Tenderlərə KAMİL müdaxilə
Vüqar Əhmədovla uzun illərin sıcaq münasibəti sayəsində Kamil Hüseynov “Azərişıq” ASC-də əməllicə söz sahibinə çevrilə bilib. Rəsmi vəzifəsi müşavirlərdən biri olsa da, ona sədrin xüsusi bir münasibətdə olması və böyük etimad göstərdiyi deyilir. Məhz bu səbəbdən də “Azərişıq” ASC-nin maliyyə əməliyyatlarında, xüsusi ilə də, bütün tenderlərdə son sözü Kamil Hüseynov deyir… Ki, bu da müxtəlif tenderlərdə milyonlarla ölçülən vəsaitin xərclənməsinə yumşaq desək işıq salmır.
Sədrlə dostluq münasibətindən ruhlanan müşavir tenderlərə girişməyin yoluna özünə doğma, etibarlı sandığı adamların adına şirkətlər yaratmağla başlayıb. Və ilkin olaraq dostluq xatirinə bir “Dost Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yaradılıb. “Qədəmləri mübarək olan” bu şirkət “Azərişıq” ASC-dən tenderlər “udmağa” başlayır. Bu ilin mart ayında “Azərişıq” ASC-nin keçirdiyi 4 milyon 928 manat 215 manat 66 qəpiklik tenderin qalibi də “Dost Group” MMC olub. Amma şirkətin adındakı “Dost” sözü həm “Azərişıq”ın koridorlarında, həm də digər dairələrdə müxtəlif söz-söhbətə səbəb olur… Bu səbəblərdən də “Dost Group” MMC-nin adının dəyişdirilməsi və bazasında yeni adlı şirkətin yaradılması qərara alınır. Belə də olur – “Dost Group” MMC dönüb olur “Enerjı Constructıon” MMC. Sonuncu – “Enerjı Constructıon” MMC ilə bağlı açıq internet resurslarda heç bir məlumat yoxdur. Şirkətin nə saytı, nə də sosial şəbəkə hesabları var(?)
Bir mənbəyə görə, 2020-ci il yanvar ayının 13-də dövlət qeydiyyatına alınan və cəmi 100 manat nizamnamə kapitalına malik olan bu şirkətin qanuni təmsilçisi Şahin Mansur oğlu Mollayevdir. Şahin Mollayev əvvəllər Dövlət Vergilər Xidmətinin Lokal Gəlirlər Baş İdarəsində vəzifə tutub. O, ötən ilin yanvar ayında İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə işdən azad edilib. Amma kommersiya qurumlarının dövlət reyestri məlumatlarında göstərilir ki, “Enerjı Constructıon” MMC 13.01.2020-ci ildə 100 manat nizamnamı kapitalı ilə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Yusifli Yusif Eldar oğlu olan şirkətin hüquqi ünvanı “Binəqədi r. Biləcəri ŞTQ, Natəvan, ev 2”də yerləşir. Google üzərindən bir axtarış yetər ki, “Azərişıq” ASC-dən müxtəlif tarixlərdə, müxtəlif adlarla milyonlarla vəsaitin bu şirkətə köçürülməsinin sübutları ilə rastlaşaq…
Və bir də, “Smart Energy Services” MMC var
Kamil Hüseynova bağlılığı ilə tanınan “iriçaplı” şirkətlərdən biri də, “Smart Energy Services” MMC-dir. Bu şirkət də zaman-zaman “Azərişıq” ASC-dən milyonlar almağı bacarıb və bacarır…
“Smart Energy Services” MMC (VÖEN-1504953841) 29.01.2020-ci ildə 10 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Tiniyev Anar Nemət oğlu olan şirkətin hüquqi ünvanı “Binəqədi r. Həsrət Ağamalıyev, ev 10, m. 25”də yerləşir.
“Enerjı Constructıon” MMC kimi “Smart Energy Services” MMC-də dövlət qeydiyyatına alınan zaman adı, hüquqi ünvanı və qanuni təmsilçisi fərqli olub. Belə ki, qeydiyyata alınan zaman şirkətin adı “RX İnvest Layihə” MMC olub. Hüquqi ünvanı “Nərimanov r. Məmməd Arif ev 27, m. 195”də olan MMC-nin qanuni təmsilçisi Şıxıyev Rəşad İsa oğlu olub. Daha əvvəl Şıxıyev Rəşad İsa oğlu “R and X” adlı MMC-nin də qanuni təmsliçisi olub. Digər şirkətlər kimi “R and X” MMC-nin də adına yalnız müxtəlif tender müsabiqələrində rast gəlmək mümkündür. Şıxıyev Rəşad İsa oğlunun qanuni təmsilçi olduğu daha bir şirkət “Energo” MMC adlanır. 07.07.2020-ci ilə 100 manat nizamnamı kapitalı ilə qeydiyyata alınan şirkətin adına yalnız “Azərişıq” ASC-nin keçirdiyi tender müsabiqələrində rast gəlmək olur… “Smart Energy Services” MMC Ağdam şəhərinin ilkin mərhələdə elektrik təchizatının təmin olunması məqsədilə 2 (iki) ədəd (TM №1 və TM №2) 35/0,4 kV-luq 4×2500 kVA gücündə Transformator Məntəqəsinin tikintisi, avadanlıqların quraşdırılması və 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işləri üçün “Azərişıq”dan 11 milyon 637 min 560 manat 21 qəpik alıb.
Onu da qeyd edək ki, “Azərişıq” ASC-dən 11,6 milyon manatlıq tenderi udan zaman “Smart Energy Services” MMC-nin dövlət büdcəsinə 4 min 259 manat 78 qəpik vergi borcu olub. Vergi borcu olan şirkətlərin tenderdə iştirakı isə “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə ziddir…
“Smart Energy Services” MMC indi də Neftçalada…
Verilən məlumata görə, Kamil Hüseynovu kiçik məbləğlərlər maraqlandırmır… Söhbət ən azı bir milyonun üzərində olmalıdır. Elə “Smart Energy Services” MMC-nin “Azərişıq” ASC-dən “udduğu” sonuncu tenderin də məbləği nə az-nə çox 1507831 manatdır. Şirkət bu dəfə Neftçala rayonunun Mayak, Qırmızı şəfəq və Yenikənd kəndlərində 10 kV-luq hava xəttinin və KTM-lərin qurulması işlərini həyata keçirməlidir. Üç gün əvvəl-25.10. 2022-ci il tarixdə baş tutan tenderdə də son sözün sahibi Kamil Hüseynov olub.
Tenderlərdən əlavə “Azərişıq” ASC-nin hansısa fövqəladə ehtiyac səbəbindən lazımı instansiyalara rəsmi müraciətlə hansısa mənbədən müəyyən mal-materialların alınması kimi imkanları da var. Daxil olan məlumata görə, belə məqamlarda da Kamil Hüseynov “işgüzarlığını” nümayiş etdirir…
Bütün bu işlərdə isə Kamil Hüseynovun “sağ əli”, “Akkord”dan özü ilə “Azərişıq”a gətirdiyi, hazırda da birbaşa dövlət satınalmalarını həyata keçirən xidmətin direktor müavini Uğur müəllimdir… Aldığı mal-materialların pulunun verilməməsi, işçilərin əməkhaqqısının kəsilməsi və s. kimi xoş olmayan hallarda da cənab müşavirin adı hallanır…
Kamil Hüseynova “DUR” deyən olacaqmı?!
Kamil Hüseynovla bağlı yuxarıda toxunduğumuz tender “uduşları”nda bir məqam daha var… Məlumata görə, cənab müşavir tender “uduşları” ilə bağlı yerlərdə görülməli olan işlərə “Azərişıq” ASC-nin yerli idarələrini cəlb edir. Başqa sözlə vəzifəsinin verdiyi imkanlardan yararlanaraq tender “uduşları” ilə bağlı işləri “Azərişıq” ASC-nin yerli idarələri həyata keçirir və beləliklə də tenderdən gələn böyük məbləğdə vəsait xərclənmədən kimlərinsə cibinə axır…
Kamil Hüseynovla bağlı toxunduğumuz və hələlik yazılmasını uyğun bilmədiyimiz bu kimi faktların qaynaqlandığı səbəb kimi ona bu dərəcədə etimadın göstərilməsi və az qala sonsuz səlahiyyətin verilməsidir. İnsafən qeyd edək ki, Vüqar Əhmədovun rəhbərliyi ilə ölkəmizin ən ucqar nöqtələrində belə, işıqla bağlı problemlər yox dərəcəsindədir, epizodik hallar istisna olmaqla. Bu gün Azərbaycanın işıqlandırılmasını, ölkə insanının işıqla bağlı təminatını yüksək qiymətləndirmək olar. Son iki ildə işğaldan azad olunmuş ərazilərimizdə “Azərişıq” ASC-nin həyata keçirdiyi nəhəng layihələr isə xüsusi ilə yüksək qiymətləndirilməlidir… Təəssüf ki, bu uğurlarla bərabər “Azərişıq” ASC-də Kamil Hüseynov faktoru da mövcudluğunu qorumaqdadır… Bəzi məlumatlara görə isə Vüqar Əhmədov yüksək etimad göstərdiyi müşavirinin bu “özfəaliyyət”indən məlumatlı deyil. Bu da inandırıcı məlumat kimi görünür. İnanmaq olmur ki, “Azərişıq” ASC-dən tender adı ilə milyonların dövriyyədən çıxarılıb da, “Sevinc-M” MMC kimi tikinti şirkəti ilə paytaxtın mərkəzində hündürmərtəbəli binaların tikintisinə xərclənməkdən Vüqar Əhmədovun xəbəri olsun. Digər bir məqam isə “Azərişıq” ASC-nin birbaşa tabeliyində olduğu Nazirlər Kabinetinin bu tender əməliyyatlarından, “göbələk kimi” peyda olan şirkətlərdən məlumatlı olması ilə bağlıdır. Baş nazirin birinci müavini Yaqub Eyyubovun da “Azərişıq”da yaşananlardan xəbərdar olması qətiyyən inandırıcı görünmür…
Elçin ƏMİRLİ
İqtisadi korrupsiya üzrə araşdırmaçı jurnalist
Redaksiyadan: Yazıda qeyd olunan iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.