“AZƏRİŞIQ”DA KORRUPSİYA FAKTLARI - “Rəhbərlik ölkə qanunlarına, Prezidentin sərəncamlarına məhəl qoymur” / ŞİKAYƏT

Baxış sayı:
5038

“Azərişıq” ASC Sumqayıt RETSİ-nin istismar üzrə mühəndisi, şəhid ailəsinin üzvü, Qubadlı rayonundan məcburi köçkün olan Quliyev Anar Ələmqulu oğlu tərəfindən Muxalifet.az saytının redaksiyasına növbəti şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən A.Quliyevin məktubunu olduğu kimi dərc edirik:
“Möhtərəm Prezident!
Sizi növbəti dəfə ölkə Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm, Allahdan Sizə və ailə üzvlərinizə cansağlığı, uzun ömür diləyirəm.
Mənim şikayətim “Azərişıq” ASC-də olan özbaşınalıqlar haqdadır.
Cənab Prezidet!
Siz məmurları yüksək vəzifəyə təyin edərkən onların qarşısında qoyduğunuz  bir nömrəli öhdəlik xalqa ləyaqətlə xidmət etmək, vətəndaşlarla sadə davranmaqdır. Əfsuslar olsun ki, “Azərişıq” ASC-də ölkə qanunlarına, Prezidentin sərəncamlarına və göstərişlərinə məhəl qoyulmur, məmur özbaşınalığı ifrat dərəcəyə çatıb.
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədova dəfələrlə rəsmi qaydada müraciət edərək özbaşınalıqlar barəsində tədbir görülməsini, məni qəbul etməsini xahiş etmişəm. Lakin “Azərişıq” ASC əməkdaşı, həm də bir şəhid ailəsinin üzvü kimi 1 ildir V.Əhmədovun qəbuluna düşə bilmirəm.
Möhtərəm Prezident!
“Azərişıq”dakı qanun pozuntularına qarşı Vüqar Əhmədov tərəfindən heç bir tədbir görülmədiyi üçün Sizə müraciət etməyə məcburam.
Sizin 01 oktyabr 2023-cü il tarixindən qüvvəyə minən müvafiq sərəncamınıza əsasən,  qeydiyyatı olmayan evlərə elektrik enerjisi verilməsi qəti qadağandır! Lakin “Azərişıq” ASC bu sərəncama məhəl qoymadan, 01 oktyabr 2023-cü ildən indiyə qədər qeydiyyatı olmayan evlərə 170 manatlıq cərimə aktı yazıb, sayğac quraşdırıb. Deyirlər ki, buna görə abonentlərdən 1000-1200 manat rüşvət alınır. Bu “qayda”nın hamıya şamil edilməməsi buna əsas verir.
Bu məlumatın prokurorluq orqanları tərəfindən araşdırılaraq, dəqiqləşdirilməsini xahiş edirəm. Bildiyim budur ki, istənilən halda cənab Prezidentin imzaladığı sərəncama məhəl qoyulmayıb.
Cənab Prezidentin sərəncamı ilə 01.10.2023-cü ildən  qadağan edilməsinə baxmayaraq, məhz 01.10.2023-cü ildən sonrakı 4 ayda təxminən 15000-ə yaxın qeydiyyatsız evə qanunsuz kodlar açılıb, sayğaclar quraşdırılıb. Qanunsuz əməllərini ört-basdır etmək üçün yazdıqları aktları işçilərdən bacardıqca gizlətməyə çalışırlar. Lakin proqram üzərindən quraşdırılan sayğacların tarixlərinə görə bu faktı aşkar etmək mümkündür.
Mən başa düşmürəm, cənab Prezidentin imzaladığı sərəncama məhəl qoymamaq cürətini bunlar kimdən alırlar?!  Hamı da deyir ki, Vüqar Əhmədov ölkə Prezidentinin köməkçisi  xalası oğlı Anar Ələkbərova arxayınıdr.
Sizdən xahiş edirəm, ölkə Prezidentinin sərəncamlarına məhəl qoymadan 01.10.2023-cü ild tarixdən indiyə qədər qeydiyyatsız evlərə açılan bütün kodların, quraşdırılan sayğacların araşdırılması, qanunsuzluqlara yol verənlərin cəzalandırılması üçün Dövlət Təhlükəsizlik Xidmətinə, Baş Prokurorluğa və s. orqanlara göstəriş verəsiniz.
Əvvəlcədən Sizə minnətdaram.
Tanrı Sizi, Dövlətimizin, Xalqımızın üzərindək əskik etməsin!”
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.