AZƏRBAYCANLI İŞ ADAMININ İSTANBULDAKI ŞİRKƏTİNƏ BASQIN - Maskalılar 120 min dollar apardılar

Baxış sayı:
2318

İstanbul Cümhuriyyət prokurorluğu ötən il noyabrın 1-də Fatih Laləli rayonunda azərbaycanlı iş adamının şirkətinə edilmiş silahlı basqın və soyğunçuluq barədə yekun ittiham aktını məhkəməyə təqdim edib.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, soyğunu törədənlər Azərbaycan, Rusiya və Gürcüstan vətəndaşları olan 6 nəfərdir. Onlar iş adamı Zahid Həsənovun “Feniks cargo” adlı şirkətinin ofisinə basqın edərək 120 min dolları ələ keçiriblər. Soyğunçular başlarında kepka və onun üstündən qara maskalar keçirərək iş yerinə basqın ediblər.

İttiham aktına əsasən soyğunçular  iş yerinin səlahiyyətli şəxsi Əli Rəhimovun başına silah dayayıblar, işçi Eldəniz Rəfiyevi isə bıçaqla təhdid edərək zərərsizləşdiriblər. Daha sonra soyğunçular şirkətin kassasında olan 120 min dolları ələ keçirərək çantaya qoyublar və hadisə yerindən uzaqlaşıblar. Bu vaxt Eldəniz Rəfiyev soyğunçuların arxasınca qaçaraq “yaxalayın” deyə polislərdən yardım istəyib.

Köməyə gələn polislər soyğunçulardan birini-Vəli Vəliyevi yaxalaya bilib. Digər  şübhəli isə qaçıb gizlənə bilib, onları tutmaq hələ də mümkün olmayıb. Bu  nəfərin barəsində prokurorluq tərəfindən həbs orderi verilib.

Dindirmə zamanı Vəli Vəliyev deyib ki, Türkiyəyə Vüsal adlı şəxslə gəlib. “Digər şübhəlilərlə eyni oteldə qaldıq. Mənə mal boşaldıb qayıdacağımızı dedilər. Hadisə ilə əlaqəm yoxdur. Əvvəlcədən onların soyğunçuluq edəcəyini bilmirdim”,-həmin şəxs ifadəsində özünü müdafiə etməyə çalışıb.

İş adamı Zahid Həsənov isə ifadəsində soyğun hadisəsi zamanı Rusiyada olduğunu bildirib. “Polislər tərəfindən yaxalanan Vəli Vəliyev mənim həmkəndlimdir və tanıdığım adamdır. Şübhəlilərdən şikayətçiyəm”,-o ifadəsində deyib.

Prokurorluq V.Vəliyevin barəsində soyğunçuluq və başqasının malına zərər vermək ittihamları irəli sürüb. Bu ittihamlar üzrə onu 10 il 4 aydan 18 ilə qədər həbs cəzası gözləyir. Soyğunun görüntüləri iş yerində qoyulmuş videomüşahidə kameraları və küçədəki təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Polis müəyyən edib ki, dəstə soyğunçuluq üçün Bakıdan İstanbula gedib. Onlar ələ keçirdikləri pulları qanunsuz yollarla Türkiyədən çıxarıblar.

“Feniks cargo” 2000-ci illərin əvvəllərindən fəaliyyət göstərən nəqliyyat-logistika şirkətidir və Türkiyədən yüklərin əsasən Rusiyaya, digər yaxın xarici ölkələrə daşınmasını təşkil edir.