Azərbaycanda vaksin, sertifikat, 3-cü doza və digər məsələlər - ÜÇ SƏHİYYƏ STRUKTURU AKTUAL SUALLARA CAVAB VERDİ

Baxış sayı:
2419

Azərbaycanın səhiyyə sahəsinə cavabdeh olan dövlət strukturları-Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB koronavirusa qarşı vaksinlərin vurulmasına, vaksin sertifikatının alınmasına və digər bu kimi mövzulara aid olan suallara sosial şəbəkələr üzərindən cavab verib. Həmin sualları və onlara verilən cavabları təqdim edirik:

Peyvəndə əks göstərişi olanlara “kovid pasportu” necə veriləcək?

-Peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır. Və yaxın günlərdə bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

“Peyvənd sertifikatı” və onun müddəti 

-“Peyvənd sertifikatı” COVID-19 xəstəliyinə qarşı vaksinasiya ilə yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. Vaksin vurdurmaq üçün https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir. 2 doza istənilən vaksin vurdurmaqla peyvənd sertifikatı əldə etmək mümkündür. “Peyvənd sertifikatı” müddətsizdir. Dünyada COVID-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddəti istiqamətində elmi tədqiqatlar davam etdirilir. Aparılan tədqiqatların nəticələri açıqlandıqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumlarının tövsiyələri məlum olduqdan sonra bu məsələyə yenidən baxılacaq.

“İmmunitet sertifikatı” nədir?

-İyulun 2-dən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər 2-ci doza vaksini mütləq vurdurmalıdır

“İmmunitet sertifikatı” koronavirusa yoluxduqdan sonra yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyini keçirmiş və bununla bağlı PZR testi vermiş, nəticəsi pozitiv çıxmış və rəsmi qeydiyyata düşmüş şəxslər “İmmunitet sertifikatı” əldə edə bilərlər. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatında bildirilir ki, elmi tədqiqatlar göstərir ki, xəstəliyi keçirmiş şəxslərin qanında 6 aydan sonra anticisimlərin titri aşağı düşür. Bu səbəbdən “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 ay qəbul edilib.

3-cü doza hansı hallarda vurulacaq?

-Peyvənd vurdurmuş şəxsin vaksinin 3-cü dozasına (buster doza) qüvvətləndirici doza deyilir: “2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur. Tədqiqatlara görə qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər. Əvvəl qəbul edilən 2 dozadan asılı olmayaraq, ya eyni növ, ya da digər bir vaksin 3-cü (buster) doza kimi qəbul oluna bilər.

Fərqli peyvəndlərin vurulması

-2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkədə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər. “Peyvənd sertifikatı”nda son qəbul edilmiş 2 doza haqqında məlumat əks olunacaq.