“Azərbaycanda inqilab olarsa, qələbə çalan olmayacaq”

Baxış sayı:
3085

“Parlament seçkiləri nisbətən demokratik keçəcək. Mən 100% demokratik keçəcəyinə inanmıram və heç bunu da istəmirəm. Çünki əhalinin seçib-seçmə qabiliyyəti həqiqətən yoxdur”
"Əvvəl bütün icra başçıları, yəni ölkənin idarəçiliyini həyata keçirənlər, güc sahibləri Prezident Aparatına gedirdilərsə, indi hamısı Akademiyaya gedirlər"

Azərbaycanda aparılan kadr islаhatları, 23 dekabrda keçirilən bələdiyyə seçkiləri, eləcə də 2020-ci il 9 fevralda keçiriləcək parlament seçkiləri ölkə ictimaiyyətinin diqqətində olan əsas məsələlərdir. Təbii ki, bu prosesə baxışlar da fərqlidir. Məsələn, kadr islahatlarını dəstəkləyənlərlə yanaşı, bunu sadəcə görüntü xarakteri daşıdığını iddia edən insanlar da var.  İslahatları dəstəkləyən insanlardan bir də tanınmış vəkil Aslan İsmayılovdur. Maraqlıdır ki, Aslan İsmayılov islahatların perspektivi haqqında nə düşünür?
- Mən bu gün baş verənləri tam islahat adlandırmamışam. Bəli, birmənalı olaraq dəstəkləyirəm, hamını da dəstəkləməyə çağırıram. Ancaq bu, hələ islahat deyil, yəni islahata girişdir. Mənim təsəvvür etdiyim islahat o deməkdir ki, parlament qanunvericiliyində parlamentin səlahiyyəti artırılır, məhkəmələrin tabeçiliyi tam aradan götürülür, vətəndaş cəmiyyətinin yaranması, mətbuatın, insan hüquq və azadlıqlarının qorunması üçün normal qanunvericilik bazası yaradılır. Onda mən buna islahat deyərəm. Amma bu gün bu addımları atmadan hansısa islahat aparmaq mümkün deyil.
Azərbaycanda son 20 ildə elə bir komanda formlaşmaşdı ki, o komandanı hansısa islahata inandırmaq, məcbur etmək mümkün deyil. Bunlar ancaq silinib, atılmalıydı. Və indi o addım başlayıb. Əlbəttə, mən komanda deyəndə açıq demək istəyirəm, Ramiz Mehdiyev və Əli Həsənov "cütlüyünü" nəzərdə tuturdum. Mən əminəm ki, çoxları bu gün bu "cütlüyün" nəyə qadir olduğunu, nələr etdiyini anlamırlar. Amma o ikisi də vəzifədən azad olunsa da, bü gün mən əminəm ki, ölkə idarəçiliyinin əksər sahələri bu cütlüyün kadrlarının, o zehniyyətin əlindədir. Biz bu zehniyyətdən azad olunmayınca, hansısa islahata başlamaq qeyri-mümkündür.
- Yaxın vaxtlarda bu zehniyyətdən azad olunacağını görürsünüz?
- Mən görürəm. Əsas iki nəfər vəzifədən uzaqlaşdırılıdı. Çoxları üçün Əli Həsənov görünüşündən qeyri-ciddi təsir bağışlayırdı ki, nəyə qadirdi. Amma bu ölkədə prezidenti tənqid edib, cəzasız qala bilərdin, Əli Həsənovu, Ramiz Mehdiyevi tənqid edib, cəzasız qalmaq mümkün deyildi. Mən bunu öz üzərimdə görmüşəm, onların gücünü, nəyə qadir olduqlarını və hüquq-mühafizə orqanlarının kimlər tərəfindən idarə olduğunu mən gözəl bilirəm. Mənim haqqımda heç bir əsas olmadan 3 hökm çıxarıldı və bunların hamısını da məni tanıyan hüquq-mühafizə orqanları, hakimlər mənə etiraf edirdilər ki, bilirik heç nə yoxdur, amma Ramiz Mehdiyevdən, Əli Həsənovdan qorxurdular.
- Sizcə, bu gün həmin o xof, qorxu aradan qaldırılıb?
- Hesab edirəm ki, bu qorxu tədricən aradan qaldırılacaq. Bir də bu baş verənlərə sıradan bir hadisə kimi yanaşanlara mən demək istəyirəm ki, idarəçilik elə asan məsələ deyil. Bəzən sosial şəbəkədə irad tutanlar mənə izah edirlər ki, bu, "əlinin papağını vəlinin başına qoymaq"dır. Əslində, elə deyil. Mən bu gün  həqiqətən də çox ciddi proseslərin getdiyini görürəm və inanmaq istəyirəm ki, ölkə vətəndaşları bu gedən proseslərə dəstək olacaq və bu proses davam edəcək. Ona görə ki, çoxlarından fərqli olaraq, mən o köhnə zehniyyətin nə qədər güclü olduğunu bilirəm. Və onu da bilirəm ki, onlar bu proses geri döndərə bilərlər. Bu prosesin geri dönməməsi üçün bizim hamımızdan ona dəstək lazımdır.
- Nə üçün bu qənaətdəsiniz ki, bu şəxslərin indiki prosesi geri döndərmək imkanları var...
- Bu gün rayon icra başçılarının əksəriyyəti Ramiz Mehdiyevin kadrlarıdır. Tanıdığım bir adam mənə deyib ki, əvvəl bütün icra başçıları, yəni ölkənin idarəçiliyini həyata keçirənlər, güc sahibləri Prezident Aparatına gedirdilərsə, indi bunlar hamısı Akademiyaya gedirlər. O sıradan işçilərdən, qapıda duranlardan gedin maraqlanın ki, ora gedib-gələnlər kimlərdir, nə qədər deputat gəlir, nə qədər icra başçıları gedib-gəlirlər. Yəni o güc hələ oradadır və bu tədricən götürülür. Mən də onu görürəm. Mənə elə gəlir ki, sonuncu həbslər köhnə komandaya çox böyük zərbə oldu. Ona görə, mən şəxsən sabah ölkədə hansısa qarşıqlıq düşsə, buna şübhə etmərəm. Mən əminəm ki, bu köhnə komanda ona qadirdir. Ona görə ki, onlar o gücə sahibdirlər. Mən onların gücünü bilirəm. Bu gün ölkədə iqtisadi-siyasi vəziyyət ağırdır. İnsanların vəziyyəti ağırdır, bunu hamı bilməlidir.
Mən hakimiyyətdəkilərə də daima sosial şəbəkədən yazılarımda müraciət edirəm ki, Azərbaycan prezident iqamətgahı ilə Zaqulba arasındakı yoldan ibarət deyil. Azərbaycanın hansı vəziyyətdə olduğunu bilmək üçün elə Zabrat tərəfdə düşsünlər, hasarın arxasına keçsinlər, o dalanları, xirtdəyə çıxan palçıqları, yolsuzluğu görsünlər. Ona görə, insanların vəziyyəti çox ağırdır və bu zehniyyət da insanları idarə etməyi çox gözəl bilir. Onlar insanların bu sosial-iqtisadi narazılıqlarından istifadə edib, prosesi dayandıra bilərlər.
- Bəs, bu aparılan islahatlar fonunda mövcud ağır vəziyyətin aradan qaldırılmasını mümkün hesab edirsiniz?
- Bu olanlar hələ insanların kütləvi şəkildə maddi vəziyyətinə təsir edəcək dərəcədə deyil. Əlbəttə, mən bu gün 20-30, 50 manat pensiya və maaşların qaldırılmasının kasıb təbəqə üçün əhəmiyyətini çox gözəl bilirəm. Amma bu gün elə kəndlər var ki, onun nə qazı, nə suyu, nə də yolu var, insanlar çox pis vəziyyətdə yaşayırlar. Bakıda Zaqulba prezident iqamətgahı arasında olan yol regionlarda da elədir, Qəbələyə gedərsən, cənnətdir, amma ucqar kəndlərinə get, cəhənnəmdir. Məsələn, mən Qazağa, Ağstafaya gedirəm, cənnətdir, amma Qazağın, Ağstafanın Sadıqlı kəndinə get, cəhənnəmdir, yolu, qazı yoxdur. İndi orada yağış yağanda insanlar xirtdəyinə qədər palçığın içində olacaqlar. Məktəbi yox, tökülüb itir. Adi tibb məntəqəsi yox. Yəni bu, deyilən kimi deyil. Bəzən mənə söz atırlar ki, İsmayılov deyəcək, prezidentin xəbəri yoxdur. Bəli, yoxdur. Ona görə ki, xəbəri çatdıracaq nə mətbuat orqanı, nə də elə Aparatda adamlar var. Bu Aparat o qədər rəndələnmişdi, insanlar o qədər hamarlanmışdı, nəyi kimə necə çatdırmağı bilirlər, yerdə olan icra nümayəndəsi başçıya tam vəziyyəti çatdırmır.
- İndi bu "hamarlanmış" insanlara ictimai nəzarət həyata keçiriləcəkmi? Hnası ki, Prezident də  yerli media  nümayəndələri ilə görüşdə bunu qeyd elədi...
- Prezidentin ictmai nəzarətlə bağlı çıxışı barədə, səhv etmirəmsə, 2 il bundan qabaq yazmışdım. Özü də onun o çıxışı ya, Mingəçevirdə, ya da Kürdəmirdə olmuşdu. Mən onda yazmışdım ki, bundan istifadə etmək lazımdır. Son həbslərdən sonra vəziyyətə baxın, insanlara yuxarıdan aşağı baxan, adi bələdiyyə sədri deyirdi ki, mənə yaxın gəlmə, səndən tər iyi gəlir. İndi nə oldu, bunlar hamısı dəyişdi? Şəmkirin icra başçısı mələk donunda şəhid evinə getdi. Başqa birisi qocalar evinə gedir. Bunlar dəyişdi? Bilirsiniz, bunlar hamısı bu gün də nə fikirdədir? Səhv etmirəmsə, ərəb baharı 2011-ci ildə oldu, onda ki, bir dalğa gəldi, göstəriş oldu ki, rüşvət almayın, sakit olun, tam hər şey dayandı, bir aya qısıldılar. O bir ay keçəndən sonra, bir ay almadıqlarını 5 qat aldılar. İndi bu gün də yerlərdə hamı o fikirdədir ki,  bu, müvəqqəti bir dalğadır, bir az gözləyək, bu gün artistlik edək, şəkil çəkdirək, video yayaq, özümüzü qayğıkeş göstərək. Yerlərdə olan bir nəfər icra başçısı da qalmamalıdır. Ona görə ki, o zehniyyətlə onlar idarə edə bilməz. Bugünləri Bakının rayonlarında hansındasa başçı olan cənub rayonlarından birində başçı olub, sonra Yasamalda başçı olan bu gün Suraxınıda başçıdır. Bu, yer dəyişikliyidir. Bu adamlar öyrəniblər. Ayına 100 min pul alan indi 2 min manata işləyə bilər? Mümkün deyil.
- Aslan müəllim, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev dövlət səviyyəli vəzifələrin təsadüfi adamlara həvalə edilməsinin doğru olmadığını vurğuladı. Yeni kadrlar təsadüfi adamlardır, yoxsa işinin peşəkarları?
- Mən sizin vasitənizlə həm də o gənc nəslə müraciət edirəm, hansı ki, o cavanlar bəzən mənim ünvanıma təhqir də səsləndirirlər. Mən onlara bir şey demək istəyirəm ki, mənim bu cür davranmağımın səbəbi həm də yaşımla, həyat təcrübəmlə bağlıdır. Mən Ramiz Mehdiyevin o yazısını bir neçə dəfə oxudum, çox ciddi yazıdır. O yazının altında o qədər fikir durur ki. Ramiz Mehdiyevin bir deyimi var idi, biz yeni bir elita formalaşdırırıq. 
Sovet dövrü Andrey Suslov var idi, Mərkəzi Komitənin ideologiya üzrə katibi idi. Stalinin dövründən tutmuş Brejnevin dövrünə qədər işlədi. O vaxtı onların bir tezisi var idi, biz Sovet düşüncəli insan düzəldəcəyik. Buna görə, SSRİ Elmlər Akademiyasının prezidenti dahi Vavilovu çıxartdılar, onun yerinə Lısenko kimi bir dələduzu qoydular. Lısenko deyirdi ki, bəli, mən belə bir adam düzəldəcəm. Amma o, gördü ki, mümkün deyil. Ramiz Mehdiyev yenə o təfəkkürdədir. Bu gün sosial şəbəkənin belə olduğu bir məqamda bu, yenə fikirləşir ki, bunlar Ramiz Mehdiyev tipli elita düzəldəcəklər, qəşəng ütülənmiş geyinənlər, qəşəng danışanlar, mahiyyət etibari ilə çirkab olanlar. Ramiz Mehdiyevin dediyi təsadüfi kadrlar dünyanın aparıcı universitetlərində oxuyublar, böyük yerlərdə işləyiblər, holdinqlərdə rəhbər olublar, harada ki, baş lazım olub, oğurluq yox. Ramiz Mehdiyevin dediyi Sovet necə ki, böyüdürdü, əvvəlcə oktyabryat, sonra pioner, sonra komsomol, sonra isə kommunist olurdu. Yəni bu oğurluq, yalan, riyakarlıq, yarınmaq və şüura təsir etmə yollarını, bu sistemi keçib, öyrənirdi. İndi Ramiz Mehdiyev də hesab edir ki, bunlar əvvəlcə YAP-ın gənclər təşkilatında olmalıdır, sonra gəlib YAP-ın üzvü olmalıdır, ondan sonra Aparatda işləməlidir. Yəni bu riyakarlığı lap əvvəldən öyrənməlidir. Ramiz Mehdiyevin məqaləsində dediyi o təsadüfi adamlar, bu yeni komandaya bir etiraz, xəbərdarlıq və köhnə komandanı mobilizə etmək deməkdir. Mən bu komandada olanları adbada çəkmək istəmirəm, onların içində elələri var ki, bütün Ramiz Mehdiyevin komandasını yığsan, onların o qədər ağlı yoxdur. Ramiz Mehdiyev komandasının faktlarla spekulyasiya etmək, gözə kül üfürmək, yalan danışmaq sahəsində istedadı var. Məsələn, yeni komandada Miqrasiya Xidmətinin rəhbəri var, fəaliyyətinə fikir verirəm. Prezidentin yeni köməkçiləri təyin olunub, onların içində bəzilərini şəxsən tanıyıram, işlərinin peşəkarı, daxilən təmiz və dövlətini, xalqını sevəndirlər. Bunlar ayrı-ayrı kateqoriya adamlarıdır. Məsələn, Ramiz Mehdiyevin komadasının heç bir üzvü, icra başçısı sosial şəbəkəyə çıxıb, insanlarla ünsiyyət yarada bilməz. Yaratdılar da, Ramiz Mehdiyev, Əli Həsənov, Siyavuş Novruzov, Əli Əhmədov sosial şəbəkələrdə səhifələrini açdılar, birinin şərh bölməsi yoxdur, hamısı bağlıdır. Ona görə ki, bu, sadəcə, görüntü üçündür. Amma yeni komandanın üzvləri “feysbuk”da insanlarla canlı bağlantıya girib və sualları cavablandırırlar.  Tamam başqa-başqa zehniyyət sahibidirlər. Biz Azərbayan xalqı olaraq bu gün bir tarix ərəfəsindəyik, Ramiz Mehdiyev epoxası qurtarıb. Biz bu gün azacıq müsbət addıma da dəstək verməsək, hər şeydən məhrum ola bilərik. Ona görə, mən həyatımı buna həsr etmişəm. Mən o gənclərdən də  çox arzulayıram ki, hər şey yaxşı olsun, mən Aslan İsmayılov işsiz qalmayım, dünyanın ən aparıcı universitetlərində təhsil almış balalarım xaricdə yaşamasınlar, onların üzünə həsrət qalmayım. Mənim yaşım o yaşdır ki, istəyirəm balalarım, nəvələrim yanımda olsun, amma birdən-birə bu, mümkün deyil. Buna səbr və tələb lazımdır. Yeni komanda olsa belə, əgər ictimai tələb olmayacaqsa, bu yeni komanda da 3-5 ilə köhnə komandanın yerini tutacaq.
- Artıq islahatlar prosesi davam etsə də, seçkilərin ənənəvi olaraq saxtalaşdırılması metodu dəyişməz qalıb. Sizcə, bu sahədə ciddi islahatlara ehtiyac yoxdur?
- Son bələdiyyə seçkilərində iki hal mənim üçün çox önəmli oldu, birinci gənclərin seçkiyə həvəsi.  Ənənəvi müxalifət və bu hakimiyyət, Ramiz Mehdiyev komandası insanlarda seçki həvəsini, inamını öldürmüşdülər ki, seçki heç nəyi həll etmir. Bu gün insanların 90%-də həmin o fikir, şüur qalmaqdadır. Məni sevindirən o oldu ki, çoxlu sayda gənclər seçkiyə bir həvəs yaratdılar, adi Mehman Hüseynovun apardığı kampaniyada. Orada çox xoşuma gəlməyən hadisələr, qanun pozuntuları var idi, amma bunlar insanlarda seçkiyə bir inam yaratdılar ki, iştirak etmək lazımdır. İkinci mənim diqqətimi cəlb edən və məyus edən hal bu seçkilərdə olan köhnə həyasızlıq, biabırçılıq oldu. Yəni Mehmanın səsini necə oğurlamaq olar? Mən istisna etmirəm ki, Mərkəzi Seçki Komissiyası bugünlərdə Mehmanın hansısa addımında seçki qanunvericiliyinin pozulmasını tapıb, bu bəhanə ilə onun nəticəsini ləğv etdiyini deyəcək. Bu, yolverilməzdir. Ona görə ki, seçki prosesində elə qanunsuzluqlar olub ki, indi qanunun bu bəndini Mehman pozubdur deyə, onun seçki nəticələrini ləğv etmək olmaz.
- Belə iddialar da var ki, bələdiyyə seçkilərinin total saxtalaşdırılması prezidentə qarşı sobatajdır və müəyyən güclər bununla dirəniş göstərirlər...
- Bunu istisna etmirəm. Amma mən bəri başdan elan edirəm, əgər parlament seçkilərində də bu, olarsa, onda mən bunun günahının hamısını Azərbaycan Respublikasının prezidentində görəcəm. Ona görə ki, ortada 1 ay vaxt var. Bu seçkilər oldu, hamısı gördü, nə baş verdi. Bu, biabırçılıqdır, insanlarda o yaranmış inamı öldürür. Mən özümü götürürəm. İndi çoxları hesab edir ki, ola bilsin mənim hakimiyyətlə hansısa əlaqələrim var, görüşürəm. Söhbət satılıb-satılmamaqdan getmir. Söhbət ondan gedir ki, təmas qururam, onların hansı addımı atacağını bilib, fikir yürüdürəm. Tam səmimi deyirəm, mən bu dəqiqə nə iqtidarla, nə müxalifətlə, heç kimlə ünsiyyətdə deyiləm. Mən gördüyüm sosial şəbəkədir. Yəni mənim hansısa məlumatım yoxdur, amma  mən oxuduğum ciddi yazılardan, atılmış addımlardan, prezidentin bu yaxınlarda olan çıxışından gördüm. Mən yenə Əli Həsənov məsələsinə qayıdıram. Əli Həsənov sıradan bir firqur kimi mənim üçün heç kimdir. Ümumiyyətlə, mahiyyət kəsb etmir, amma onun başçılıq etdiyi sahə bu ölkənin gələcəyidir, yəni bu ölkənin mətbuatı, fikir azadlığı, ideologiyasıdır. O, bu sahəni məhv elədi. Bu sahəni məhv elədiyi üçün də bunu işıqlandıranlar yoxdur, amma bu  gün sosial şəbəkə var. Mənə elə gəlir ki, hələ bu gün də bu hakimiyyət sosial şəbəkənin gücünü anlamır. Yeni islahatçı qrup da o sahədə işləmir. Əgər gücləri yoxdursa, bunu təcili etmək lazımdır.
-Köhnə komanda gördüyü işləri necə təqdim edirdi ki?
-Köhnə komanda daha inadkar, həyasız şəkildə yalana don geyindirib, müsbət kimi verirdi. Yeni komanda isə gördüyü işləri insanlara çatdıra bilmir. Yəni əllərində mətbuat yoxdur. Mətbuat yoxdur, birmənalıdır.
- Axı, istənilən qədər media qurumu var, hökumətyönlü mətbuat orqanları da kifayət qədərdir...
-Mən sizə bir şey deyim, mənim “Facebook” səhifəm əhaliyə təsir baxımından bütün Əli Həsənovun mətbuatından güclüdür. Mən onu gözəl bilirəm. Əli Həsənovun 100 milyonlar xərcləyib yaratdığı telekanallara insanlar inanmır. O telekanallar o qədər yalan danışıblar ki, bu gün doğrunu görəndə də insanlar inanmır, onu da yalan kimi qəbul edirlər. Burada bədbəxtçilik nədir? O, Ramiz Mehdiyev komandası insanları inandıracaq müstəqil insanları və qeyri hökumət təşkilatlarını məhv etdi. İndi baxırsınız, ölkədə nə yaranıb: iki qütb var. Məsələn, mənim hakimiyyətə də, müxalifətə də münasibətim eynidir, ikisinə də mənfidir. Bu gün seçkilərə münasibətdə müxalifətə münasibətim daha mənfidir, nəinki hakimiyyətə. Milli Şuranın seçkiləri boykot etməsi bu xalqa qarşı xəyanətdir. Əlbəttə, seçkilərə getməliydi. Mən müraciət də ünvanladım. Bilirsiniz, ölkədə insanların öz həyatını dəyişmək üçün bircə dənə hüququ var. Yəni birbaşa hakimiyyətə təsir etmək imkanı bircə dəfədir, o da seçmək və seçilmək hüququdur. Bizim iştirakçılıqda başqa hüququmuz yoxdur. Ona görə ki, bizdə normal bələdiyyələr yoxdur ki, deyəsən, insanlar seçilib, rayonu idarə edir. Ya da bölgələrdə seçki ilə seçilənlər yoxdur. Ancaq seçki vasitəsilə biz təsir edə bilirik, o da seçib, seçilmək hüququdur. Əksinə, insanlara aşılamaq lazımdır ki, bu, sənin yeganə hüququndur.
- Seçkidə saxtakarlıq olduğu təqdirdə seçkiyə getməyin əhəmiyyəti qalırmı?
-Bilirsiniz ki, parlament seçkiləri olacaq. Mənim bununla bağlı yazım oldu ki, bu ölkədə 5 mindən artıq seçki məntəqəsi var. Bu 5 min seçki məntəqəsinin sədri, üzvləri var. 125 dairə komissiyası, bunların da sədri, üzvləri var. Sonra bu seçkilərdə iştirak edən müşahidəçilər, vəkillər var. Hansı ki, seçkini bilavasitə keçirir, ən azı bu komanda 100 mindir. Ölkədə də əhali 10 milyondur. Elan edirlər ki, təxminən 6 milyon seçici var. Mən 3 milyonu kənara qoyuram, tutaq ki, 3 milyon seçici var. Bunun da 50 faizi 1,5 milyon edir. Çox demirəm, o 1,5 miyon seçkiyə getsə, səs verdiyi şəxs seçilmirsə, həmin 1,5 miyonun demirəm ki, hamısı, 300 mini küçəyə çıxıb, “Seçkini saxtalaşadırma!” tələbi  etsə, nə olacaq? Bu hakimiyyət 1 saata Ukraynada, Gürcüstanda olduğu kimi, seçkinin nəticəsini ləğv edəcək. Ona görə, müxalifət buna köklənməlidir. Bizdə isə müxalifət ala, boz, rəngli inqilablara köklənib ki, biz 10-20, 50 min yığacağıq, uçuracağıq, asacağıq, kəsəcəyik, hakimiyyəti yiyələnəcəyik.
- Əslində, bu da doğru yol deyil...
-Nə doğru yoldur, nə də mümkün deyil. Azərbaycanda inqilab mümkün deyil. Hansısa ölkənin inqilab yolu ilə xoşbəxtliyə çıxdığını görməmişəm. Mən sizə bir şey deyim, SSRİ vaxtı Rusiya imperiyasının inkişaf dövrüdür. Bütün göstəricilərə görə, inkişaf tempi dünyada birinci olub. Onu radikal xətti tutan bolşeviklər devirdi, keçmiş SSRİ-ni elə günə saldı ki, bütün göstəricilərə görə, imperiya dövründən geriyə düşdü. Onu kənara qoyduq, uzaq keçmişdir. 1979-cu ildə İranda inqilab oldu, mollalar hakimiyyətə gəldi. İndi şah rejimi ilə bugünkü molla İranını müqayisə etmək olar? Ona görə, inqilabı kənara qoymaq lazımdır. İnqilabın bizim üçün ziyanlı ikinci tərəfi də var. Bizdə olan inqilabda qələbə çalan olmayacaq. Məsələn, SSRİ-də bolşeviklər, İranda mollalar qələbə çaldı, amma burada qələbə çalan olmayacaq.
- Nə üçün belə düşünürsünüz?
- Çünki köhnə komandanın milyardlarla resursu var. Bu milyardlarla resursdan əgər indi 10 manat verib,  kiminsə səsini alırsa da, ondan 1000 manat verəcək, deyəcək, mənim silahlı dəstəmə keç. Bundan başqa axı, bunların silahlı dəstələri var, hakimiyyət strukturları, Daxili İşlər Nazirliyi, Sərhəd Qoşunları Xidməti, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Fövqalədə Hallar Nazirliyi, SOCAR-ın Mühafizə Xidməti, bunlar hamısı silahlı dəstələrdir. Bunlar hakimiyyəti belə verərlər? Mümkün deyil. Ona görə, yolu ancaq və ancaq islahatdır. Mən başqa yolu görmürəm.
- Aslan müəllim, ümumiyyətlə, Azərbaycanda prezidentə və onun apardığı islahatlara müqavimət göstərə biləcək güc görürsünüzmü?
-Bəli, birmənalı. Bütün rayon icra başçıları müqavimət göstərəcək gücdür, tək başçıları yox, müavinləri, şöbə rəisləri, adi bələdiyyə sədrləri də. Bu yaxınlarda mən Xaçmazla bağlı sosial  şəbəkədə yaydım, bir bələdiyyə sədri rayon əhalisinə qarşı zorakılıq edir, insanlar çıxır etiraz edir... Orada heç kim yoxdur, polis zorakılıq etmir, bir bələdiyyə sədri pulun hesabına zorakılıq edir. Ona görə ki, torpaqları satıb, pul toplayıb. Bu, bilir ki, yeni bələdiyyə gəlsə, köhnələrin pulunu tələb edəcək. Hələ çoxlarının da torpağını verə bilməyib, amma pulunu alıb. Bunlar, icra nümayəndəsi müqavimət göstərir. Ona görə ki, bunlar hamısı gəlir yerini itirirlər. Adi bir “jek” müdiri ayda 10 min qazanc götürürdüsə, sabah o, min manata işləyəcəkdi? Yox. Mən bir vaxtı bir neçə gəncdən xahiş etmişdim ki, cavanlar arasında sorğu edin ki, təmiz min manata maaşa, yəni vergisini ödəmək şərtilə, yaxud çirkli, yəni paket almaqla, 2 min manata işləyərsən? Əksəriyyət seçmişdi ki, mən 2 min manatı qoyub, niyə min manata gedirəm. Bizdə şüur o səviyyədədir. Bu gün gedib, əyilən, əl öpən icra başçısının içində gedən proseslərə o qədər nifrət var ki, o, bütün varını-dövlətini qoyacaq ki, bunun qarşısı alınsın. Ona görə ki, o, ona öyrənməyib, onun əlini opüblər. Salyanın Tahir adlı icra başçısı vardı, o, güldən düzəltmişdi ha, altından keçirdi, bax, icra başçılarının hamısı bu gündədir. Bunlar bu zehniyyətin sahibidirlər. Bunlar rayon əhalisinə qulu kimi baxırlar. İndi birdən-birə ağa gedib hansısa qulun əlini öpməlidir? Allah Zuckerbergin atasına rəhmət eləsin, sosial şəbəkədə onu da vermişdilər ki, bu guya, əlini öpür, arada öz əlini öpür. İndi bu, iyrəndiyi adamın öz əlini öpür, adam yerinə saymadığı adama deməyə başlayır ki, gəlmişəm görüm nə probleminiz var. Başçının hərəkətindən başqa, yerdə olan insanlar da çaş-başdır. Bunlar da bunu görmür, axı. Buna inanmaq lazımdır. Sən islahata inan, islahat aparan qüvvəyə dəstək ver, amma tələbini elə ki, mən bir əjdahadan canımı qurtarıb, o biri gənc əjdahaya canımı verən deyiləm.
- Qeyd etdiniz ki, icra başçılarını bu rayondan o rayona dəyişirlər. O halda, islahatın nəticəsi nə olacaq?
-Mən sizi əmin edirəm ki, bu, uzun sürməyəcək. Baxın, parlament niyə buraxıldı? Parlament ömründə bircə dəfə prezidentin göndərdiyi hansısa qanuna “yox” demişdimi? Yox. Prezident nə deyirdi, edirdi də. Onu prezident niyə çıxartdı? Bizim bəlamız ondadır ki, müxalifət bugünləri bu məsələləri çözüb, əhaliyə, həm də başda duranlara bunu çatdırmaq əvəzinə, elə bil blok vəziyyəti qoyub. Əksinə maraqlıdır ki, islahat dayansın, getməsin, insanlar daha da qəzəbələnsinlər və inqilab olsun. Mənim gördüyüm nədir? Ola bilsin, bu islahat aparanların, prezidentin də xoşuna gəlməyəcək. Mən hesab edirəm ki, onun kökündə duran o deyildi. Bundan da qul parlament tapmaq mümkün deyil. Dedilər, get otur, oturdu. Dedilər, yararsızsan, əl qaldırdı ki, yararsızam. İndi deyirlər, get namizədliyini ver, verir. Yəni buna sifət lazımdır. Demək, bunlarda qürur deyilən bir şey yoxdur. Bəs, niyə buraxdı?
-Siz daha yaxşı cavablandırarsınız...
-Mən 100% əminəm. Prezident istisna etmədi ki, bu 125 deputatın ən azı 100-ü Ramiz Mehdiyevin adamıdır, sabah onlar yığışıb, parlament səviyyəsində hansısa bir inqilab edərlər...
-Fikirlərinizdən belə çıxır ki, parlament Ramiz Mehdiyevə görə buraxıldı.
-Bu tək Ramiz Mehdiyev deyil, onun komandasıdır. Burada Ramiz Mehdiyev də, bu Əli Həsənov da, o biri Əli Həsənov - “Qaçqınkom”un keçmiş sədri də var. Onu da çoxları sıradan bir adam sayırdı.
-Onun da siyasi proseslərdə ciddi rolu varmı ki?
-Əli Həsənov sıradan bir adam deyildi. Əli Həsənov bu ölkədə inqilab etməyə qadir adam idi. Tam səmimi deyirəm, ola bilsin, bunlar düz edir. Ona görə ki, mən dediyim o radikal addımlar bəlkə ölkəni stabillikdən çıxarda bilərdi. Mən də çoxları kimi radikal addım tərəfdarıyam ki, bunu tezləşdirmək lazımdır. Bilirsiniz, “Qaçqınkom”a təzə sədr gəlib. O, sədr gələn kimi mənim tanıdığım adamlar dedilər ki, o, son bir il ərzində köhnə “Qaçqınkom” Əli Həsənov elədiyindən 5 dəfə artıq elədi. Amma fikir verdiniz, yataqxanalar yandırılmağa başladı. Sonra bunu bütün sosial şəbəkədə Əli Həsənovun komandası bilərəkdən yayırdı. “Qaçqınkom”un qarşısında etirazlara  baxmışdınızmı, qadın gedib özünü gah polisin üstünə, gah da başqa yerə atır. Yəni görünür ki, bu öyrədilmiş adamdır, bu narazı deyil, narazılıq fonu yaratmaq istəyir. Xatırlayırsınızsa, “Qaçqınkom”un yeni sədri Rövşən Rzayev bir dəfə dedi ki, bu yataqxanalar bilərəkdən yandırılır, amma sonra sözünün dalından qaçdı. Yəni insanlarda narazılıq yaratmaq üçün edirlər.
İnqilabı 1993-cü ildə kimlər elədi? Ayaz Mütəllibovu kimlər yıxdı? Elçibəyi kimlər yıxdı? Qaçqınlar yıxdı da... Ermənistandan olan köçkünlər, Qarabağdan olan qaçqınlar. Ona görə ki, evi-eşiyi, heç nəyi yox, itirəcəyi də heç nə yoxdur. Və bu Əli Həsənovun müqavimətini mən onda gördüm. Bu köhnə komanda tək bu Əli Həsənov, o biri Əli Həsənov, Ramiz Mehdiyev deyildi, adını çəkmədiyim çoxları var. Bu gün mühüm vəzifədə oturan, külli miqdarda pul, güc sahibi olan adam var ki, o da o biri dəstədəndir. Onlar da istəmir, dəyişiklik olsun. Bütün icra başçıları istəmir. Ona görə ki, o icra başçısı ora elə-belə getməyib. O icra başçısı ora getmək üçün 300-500 min, 1 milyon pul verib. Bu gün onu çıxardanda bunlar tökülüşəcək ki, pulumu ver. O da var. Ona görə, bu prosesin tədricən getməyini mən görürəm.
İkincisi, bu gün islahat gedəndə inandığın adamlar olmalıdır. Mən bu gün gətirim nazir, yaxud müavini təyin edim, deyim ki, sən ora get, ayına 5 min alıb, işləyəcəksən, bu köhnə komanda da ona 500 min verəcək, deyəcək ki, sobataj elə. Bu da mümkündür. Bilirsiniz, biz Sovet ideologiyasından hələ heç kənara çıxmadıq. Ona görə ki, Allah rəhmət eləsin, Heydər Əliyev 1998-ci ildən sonra xəstə oldu və mən əminəm ki, rəhmətə gedənə kimi var gücü ilə işləyə bilmədi. Artıq 1998-ci ildən sonra ölkənin faktiki idarəçiliyi Ramiz Mehdiyevin əlinə keçdi. Ondan sonra, İlham Əliyev gələndə də o, bütün gücünü xarici siyasətə, Qarabağ siyasətinə verdi, ildə ən azı xaricə 100 səfəri oldu. Ən azı ilin yarısını bu adam xaricdə oldu. Bütün daxili siyasət hamısı Ramiz Mehdiyevin əlində oldu. İçra başçısından, onun müavinlərindən, şöbə müdirlərindən tutmuş hamısı Ramiz Mehdiyevin qılıncının altından keçdi və özünə uyğun, hansı ki, indi deyir, təsadüfi olmayan kadrlar, onları ora yerləşdirdi. Onlar da 1, 10, 100 deyil, 1000 də deyil, bu, zehniyyətdir ki, bunlar vəzifəyə rüşvətə görə gedib. Heç min manatlıq işə gedən adam 500 min verər? Yəni bu, buna öyrənib ki, verir və bu öyrəncəlikdən də əl çəkməsi mümkün deyil.
Təxmin elədiyim nədir: parlament seçkiləri nisbətən demokratik keçəcək. Mən 100% demokratik keçəcəyinə inanmıram və heç bunu da istəmirəm. Çünki əhalinin seçib-seçmə qabiliyyəti həqiqətən yoxdur. Mən bunu 5 dəfə seçkidə iştirak etmiş adam kimi deyirəm. Deyək, bu dəqiqə Sulutəpədə kim onların yolunu, suyunu çəksə, onlar ona səs verəcək, oraya 100 nəfər Aslan İsmayılov gəlsin. Get Zabrata, insanlar boğazına qədər çirkabın içində üzürlər, bir nəfər pullu gedib, bütün yolunu çəkəcək, zabratlıların hamısı bir nəfər kimi gedib səslərini həmin o pulluya verəcək, Aslan İsmayılova orada səs verməyəcəklər. Bu problem də var. Amma inanıram ki, əvvəlki tək parlament olmayacaq. Ona görə ki, əvvəlki parlament deyildi, o, əcaib bir şey idi. Nətəhər ola bilər ki, bir adam 5 il parlamentdə otursun, danışmasın. Bizdə elə deputatlar olub, 5 il danışmayıb. Yaxud ağzının danışığını bilməyib. Mənim parlamentə keçənlərdən tanıdıqlarım var, mən onunla heç vaxt bir süfrədə oturmaram, özümə sığışdırmaram. Ona görə ki, əllam-qəllam, dələduz, “moşennik”dir. Siz sosial şəbəkədə yayılanlara baxmırsınız?
-Təbii ki, baxırıq.
-O deputatlar haqqında nələr yayılır.
- Doğrudur.
-Bu gün mən əminəm ki, parlament gənc olacaq. Ora gedən gənc deputatlar da inanmıram ki, bu deputatlar kimi ola. Mən əminəm ki, bu deputatlar prezident qanun layihəsi göndərsə ki, sən ailəndən imtina elə, onlar onu da imzalayacaqlar. Bu, nə deməkdir? Orada mənim bircə nəfərə hörmətim yarandı. İndi mən Vahid Əhmədovu çoxdan tanıyıram, xətrini istəyirəm və hesab edirəm ki, o, həqiqətən ölkə üçün faydalı deputat idi, amma mən orada bir nəfərə hörmət etdim, hansı ki, bu günə qədərə içimdə Ramiz Mehdiyevə olan münasibət ona da var idi, Arif Rəhimzadəyə. O, köhnə zehniyyət sahibidir, bolşevikdir, kommunist necə var idi, elə də qalıb, öz əqidəsinə xəyanət etməyib. Amma mən bircə ona hörmət etdim. Çünki etiraz etdi ki, “bizim ölkədə qəbul olunan qədər qanun heç bir yerdə qəbul olunmayıb, prezidentə bir dəfə yox deməmişik, biz özümüzü necə buraxaq?” Bu mövzuda çox danışmaq istəmirəm. Mən ümumiyyətlə, nikbin adamam, bədbinliyi qəbul etmirəm və hesab edirəm ki, heç kim bədbin olmamalıdır. Bədbin olmaq bəri başdan bədbəxtçiliyə düçar olmaq deməkdir. Ancaq nikbin və mübariz olub, hansısa uğur qazanmaq olar.
-Aslan müəllim, parlament seçkilərinə bir aydan bir neçə gün çox qalıb. Ancaq seçkiləri eyni seçki komissiyaları, eyni insanlar keçirəcək, bu halda 9 fevral parlament seçkilərinin bələdiyyə seçkilərindən fərqlənməyəcəyinə əmin ola bilərik?
(Ardı var)
Hurriyyet.org