"Azərbaycan xalqı hakimiyyətin dəyişməsini istəyirsə..."

Sərdar Cəlaloğlu: “Baxmayaraq ki, 90 faiz əhali narazıdır, amma mitinqə 2-3 min adam gedir, bu da müxalifətin əzilməsi üçün zəmin yaradır”
“Xalqımız son 30 ildə yanlış düşüncə aşılanması nəticəsində özünün narazılığını ifadə etmək qabiliyyətini itirib”
“Azərbaycan xalqı istəyirsə ki, bundan yaxşı yaşasın, ədalətsizliklər olmasın, birinci növbədə öz halını dəyişməlidir”
Bəzi müxalif partiyalar sentyabrın 26-da Azərbaycanda keçiriləcək referenduma etiraz olaraq aksiyalar keçirməkdədir. İstər Milli Şuranın 17 sentyabr mitinqi, istər də Müsavatın bir gün sonra – 18 sentyabrda keçirdiyi aksiyada hakimiyyətin bu addımına qarşı kəskin fikirlər səslənsə də, referendum zamanı qarşı tərəfin gözlədiyi nəticəni əldə edəcəyi şübhə doğurmur. Maraqlıdır, belə bir vəziyyətdə müxalifət hansı addımı atmalıdır? Ümumiyyətlə, pərakəndə mitinqlərlə iqtidarı öz yolundan döndərmək mümkündürmü?
Bu və digər suallara ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.
- Sərdar bəy, bəzi müxalif partiyalar referenduma etiraz əlaməti olaraq aksiyalar keçirir. Bu aksiyaların perspektivini görürsünüzmü? Sizcə, bu partiyalar öz məqsədinə nail ola biləcəkmi?
- Ümumiyyətlə, Azərbaycan cəmiyyətində mitinqlər haqqında düzgün təsəvvür yoxdur. Adamlar elə bilir ki, mitinqlər hakimiyyətin dəyişilməsi və yaxud, ən azından hakimiyyətin siyasətinə ciddi təsir etmək üçün bir vasitədir. Halbuki bütün dünyada mitinq xalqın bəlli bir kəsiminin fikrini açıq şəkildə bilavasitə hökumətə çatdırmaq üsuludur. Yəni, məsələn, “biz çıxdıq küçəyə, dedik ki, referendum istəmirik”. Bununla da qurtardı. Mitinqin perspektivi bundan ibarətdir. Mitinqlər nə qədər inkişaf edir-etsin, öz fikirini ifadə etməkdən başqa ikinci bir məqsədə xidmət etmir.
Əgər düşünsək ki, bu mitinqlər hakimiyyətin dəyişilməsinə səbəb olacaq, bu artıq mitinq olmur. Mitinqlər iğtişaşlara, çevrilişlərə və s. keçə bilər. O mənada bu artıq mitinqlikdən çıxır və yeni bir sosial hadisəyə çevrilir. Bu baxımdan mənə elə gəlir ki, mitinqlərin yeganə nəticəsi meydana toplaşan insanların fikirlərini dövlətə bildirmək olduğundan, hər bir mitinq baş tutdusa, konkret olaraq öz nəticəsinə çatır. Mitinqin baş tutması orda iştirak edən adamların sayı ilə bağlı deyil. Mitinqin baş tutması təyin edilən meydanda bəlli sayda insanın olması, bəlli bir müddət ərzində həmin insanların orda dayanması və mitinq təşkilatçılarının müəyyən etdiyi şüarları dəstəkləmək və mitinqin manifestini lazım olan ünvana çatdırmaqdır. Bununla da mitinq başa çatmış hesab olunur.
İndi cəmiyyətdə mitinqlərin mahiyyəti haqqında aydın fikir olmadığına görə, çox adam elə bilir ki, mitinq hakimiyyəti hər hansı bir addım atmağa məcbur edən və yaxud hətta hakimiyyəti dəyişməyə gətirib çıxaran bir vasitədir. Mitinqlərin belə bir funksiyası yoxdur…
- O halda, sizcə, bu mitinqlərlə hakimiyyət hansı mesajı aldı?
- Hakimiyyət belə bir mesaj aldı ki, bu qədər repressiyalar aparmasına, bu qədər çox ciddi sıxıntılara baxmayaraq, cəmiyyətdə hələ də sözünü açıq şəkildə deyə bilən və yaxud da müxalif sözü eşitmək istəyən müəyyən qrup insan var. Yəni bütün cəmiyyət susdurulmayıb. Hələ də insanlar real repressiyalar təhlükəsi altında belə, gəlib müxalif sözü eşitmək, ona dəstək vermək iddiasındadır.
İkincisi, hökumət başa düşdü ki, Azərbaycan müxalifətinə qarşı uzun illər repressiv siyasət aparsa da, xalqla müxalifət arasında sədlər çəksə də, müxalifəti xalqdan gizlətsə də, müxalifət haqqında “qara piar” aparsa da, müxalifət hələ də mövcuddur və istənilən vaxt Azərbaycanda müəyyən bir kəsim əhalini hakimiyyətə qarşı mübarizəyə qaldıra bilər. Hakimiyyətin aldığı mesaj bundan ibarətdir.
- Belə aydın olur ki, hakimiyyət heç də müxalifətin bu mitinqlərindən, deyildiyi qədər də, narahat deyil…
- Hakimiyyət mitinqlərdən narahat deyil. Hakimiyyət müxalifətin mövcudluğundan və müxalifətin xalq tərəfindən dəstəklənməsindən narahatdır.
- Belə bir dəstək varmı?
-Əlbəttə, belə bir dəstək var. İndi mitinqə gələn insanlar cəmiyyətdəki narazı kütlənin pionerləridir. Bilirsiniz ki, narazılığın özünün səviyyəsi var. Müəyyən mərhələyə qədər narazılıq ürəkdə ifadə olunur, sonra insanların öz arasında, qapalı mühitlərdə ifadə olunur, ondan sonra küçələrə çıxır və nəhayət artıq müqavimətə çevrilir. Hələlik Azərbaycan xalqının narazılığı müqavimət fazasına qədəm qoymayıb. Bu mitinqlərə gəlmək isə artıq narazılığı açıq şəkildə ifadəetmə mərhələsidir. Bundan sonra artıq müqavimət mərhələsi gəlir. Onda müxalifət oldu-olmadı, xalq öz narazılığını müqavimətlə ifadə edəcək. Biz, elə bil, hazırda sondan ikinci mərhələdəyik.
- Sizcə, daha neçə il lazımdır ki, xalq bu müqaviməti ortaya qoysun?
- Əslində, bu və ya başqa şəkildə bu müqavimət ortalığa qoyulub. Sadəcə olaraq kütləvi xarakter almayıb. Bunun da əsas səbəblərindən biri Azərbaycanda xalqın apolitik olmasıdır. Biz uzun müddət Rusiyanın itaətində olmuşuq, köləlik, ələbaxımlılıq psixologiyası aşılanıb. Eyni zamanda, belə demək mümkünsə, xalqımız son 30 ildə, yanlış düşüncə aşılanması nəticəsində özünün narazılığını ifadə etmək qabiliyyətini itirib. Başqa xalqlar bizim xalqın vəziyyətinə salınacağı təqdirdə ən radikal addımlar atar. Məsələn, Fransada hökumət əmək hüququ ilə bağlı bir qərar qəbul edib, neçə həftədir ki, Fransanın paytaxtını dağıdırlar. Və yaxud Yunanıstanda maliyyə böhranı vaxtı bütün xalq ayağa qalxdı, Afinanı od vurub yandırdılar. Yəni Qərb xalqları ki, daha çox özlərinə hörmət edirlər, daha çox fəaldırlar, demokratik düşüncədədirlər, onlar öz narazılıqlarını dərhal ifadə edirlər. Amma hansısa xalqda demokratik düşüncə yoxdursa, öz narazılığını gizli, anti-demokratik yollarla ifadə etməyə üstünlük verir. Tutaq ki, gizlində söysün, hökumət haqqında anekdotlar danışsın, amma narazılığını açıq-aşkar şəkildə ifadə etməkdən çəkinsin. Yəni vəziyyət bununla bağlıdır.
O ki qaldı xalq kütləvi şəkildə nə zaman müqavimət göstərə bilər, nəzər alın ki, sosiologiyda təbiətdən fərqli olaraq sərt determinasiya yoxdur. Biz göyün üzünə qara bulud gələn kimi dərhal bilirik ki, təzyiq aşağı düşdüsə, hava soyudusa, deməli yağış yağaşacaq. Çünki təbiətdə determinasiya sərtdir. Cəmiyyətdə səbəb-nəticə əlaqəsi yumşaqdır. Və bəzən səbəb nəticədən, nəticə səbəbdən əvvəl gəlir. Ona görə də cəmiyyətdə bəzi hadisələrin nə vaxt baş verəcəyini proqnozlaşdırmaq çox çətindir. Yadınızdadırsa, mən “Hürriyyət”də Azərbaycanda aşağı keyfiyyətli idarəçilik və onun sosial nəticələri haqda bir silsilə məqalə yazmışdım. Orda da qeyd etmişdim ki, əslində, sosiologiyanın ən ciddi problemlərindən biri sosial hadisələrin vaxtının müəyyən edilməməsidir. Məsələn, Lenindən 1917-ci ilin avqust ayında soruşublar ki, Rusiyada sosialist inqilabı nə vaxt baş verəcək, o deyib ki, çox güman, bizim nəslimiz onu görməyəcək. 3 aydan sonra Rusiyada inqilab oldu və elə Lenin də o inqilaba rəhbərlik etdi. Yəni hətta inqilab nəzəriyyəsi ilə məşğul olan adamın özü belə, inqilabın yetişdirilməsində iştirak etmir və o inqilabın nə vaxt olacağını deyə bilməz. Bu qəflətilik onu göstərir ki, təbii proseslərdən fərqli olaraq sosial proseslərdə bir də təbiətüstü güclər iştirak edir…
- Hansı gücləri nəzərdə tutursunuz?
- Belə deyək ki, ilahi gücü. Çünki sosial qanunlar da təbiət qanunları kimi işləsə, sosial qanunlarda da sərt determinasiya müşahidə olunar. Amma biz görürük ki, belə deyil. Məsələn, Azərbaycanda AXC özünün ən zəif vaxtı hakimiyyətə gəldi. Amma 1 milyon adam mitinqə çıxdı, o vaxt “26 Bakı Komissarı” rayonu vardı, onun birinci katibini istefaya göndərə bilmədilər. Eləcə də bir zavod direktorunu. Amma hərəkatın ən zəif vaxtı, heç cəbhəçilərin ağlına gəlməyəndə, xalq ölkənin prezidentini və Milli Məclisi istefaya göndərdi. Bu da onu göstərir ki, mitinq içtirakçılarının çoxsaylılığı ilə siyasi nəticələr arasında əlaqə yoxdur. Bizim öz təcrübəmiz də göstərdi ki, mitinqlərə 1 milyon insan toplaşanda adi bir “JEK” işçisini belə, istefaya göndərə bilmədik, mitinqlər olmayan dövrdə isə birdən-birə hakimiyyət çökdü.
Dinc-demokratik mübarizənin böyük tədqiqatçılarından olan Amerika sosioloqu Cin Şarp da məşhur əsərində yazır ki, bu günə qədər sosioloqlar dinc-demokratik mübarizə nəticəsində hakimiyyətlərin çökməsinin səbəbini izah edə bilmirlər. Məsələn, belə getsə, Bəşər Əsəd uzun illər hakimiyyətdə qala bilər. Çünki orda dinc-demokratik mübarizə getmir, silahlı mübarizə gedir. Amma bəzən çox yumşaq bir mübarizə şəraitində ən qatı diktator belə, hakimiyyəti tərk edir. Niyə? Bunun elmi izahı yoxdur. Mən bunu belə izah edirəm ki, burda həm də ilahi güc rol oynayır. Yəni elmi izahı yoxdursa, demək, teoloji izahı var. Psixologiya elmi də sübut edib ki, hakimiyyət xalqın ümumi xarakterinin təzahüridir. Yəni Azərbaycanda korrupsioner, ədalətsiz bir hakimiyyət varsa, biz təkcə hakimiyyətdə olan adamları ittiham etməməliyik. Çünki bu, Azərbaycan xalqının ən xarakterik xüsusiyyətidir. Hakimiyyətdəki adamların hamısı da bizim kimi ailələrdən çıxıb, bizim kimi azərbaycanlıldırlar, bizim mühitin yetişdirmələridir. Yəni bu gün əgər Azərbaycan xalqı hakimiyyəti dəyişdirmək istəyirsə, öz xarakterini dəyişdirməlidir. Nəticədə, hakimiyyət görəndə ki, qarşısında kifayət qədər ağıllı, düşüncəli, qorxmaz, onun yalanına inanmayan bir xalq var, ya o xalqın dediklərini edəcək, ya da xalqı qoyub, çıxıb gedəcək. Çünki artıq o xalqın xarakterini özündə ifadə etmədiyinə görə, o xalqa hakimlik edə bilməz. Elm bunu deyir. Məsələn, xalqın haqqını müdafiə edən insanlar mitinq təşkil edib, baxmayaraq ki, 90 faiz əhali narazıdır, amma ora 2-3 min adam gedir, bu da müxalifətin əzilməsi üçün zəmin yaradır. Hanı bəs o narazı toplum? Çünki onlar qorxaqdır, onlar etirazlarını açıq ifadə etməkdən, müqavimət göstərməkdən çəkinirlər. Ona görə də biz hakimiyyətin dəyişməsini bu mitinqlərlə əlaqələndirməməliyik. Əgər Azərbaycan xalqı hakimiyyətin dəyişməsini gözləyirsə, hakimiyyətdən qabaq özü dəyişməklidir.
- Belə bir nümunə deyə bilərsiniz ki, nə vaxtsa xalq dəyişir…?
- Məsələn, sovet hökumətinin son illərində biz açıq şəkildə bir də gördük ki, Azərbaycanda qeyri-adi dərəcədə davranışlar meydana gəldi. Əvvəllər adamlar vardı, heç nə vecinə deyildi. Amma sonradan adamlar evlərindən mələfəsini, yeməyini, pulunu gətirib əsgərə göndərirdilər, analar övladlarını evdə gizlətmirdilər, məcbur edirdilər ki, getsin sərhədi qorusun. Belə bir vəziyyət idi. Və yaxud bir adamı Xalq Hərəkatında iştirakına görə haqsız yerə işdən çıxarırdılar, həmin gün on minlərə adam yığışıb onu dərhal işə qaytarırdı. Məsələn, mənim özümə Naxçıvanda məhkəmə 15 sutka iş verdi, amma nə polis gəlib məni apardı, nə də məhkəmə məni həbsxanaya göndərə bildi. Hakim dedi ki, səni saxlaya bilmərəm burda, polis gəlib səni aparır aparsın, aparmır özün qərar ver. Durdum gəldim işə. Orda iş yoldaşlarıma dedim ki, məhkəmə mənim haqqımda 15 sutkalıq həbs qərarı çıxarıb, amma nə polis gəlib məni həbs etmir, nə də məhkəmə həbsxanaya göndərmir. Məsləhət bildilər ki, sən bir günlük qonşu rayona get, istirahət elə, biz o işə baxarıq. Mən getdim Şərura, həmin günü Naxçıvanda 15 minlik mitinq keçirildi, Ali Məhkəmənin hakimini gətirdilər meydana, meydanda hakim qərarını dəyişdirdi. Və yaxud, mənim rəhmətlik qardaşım yaralananda onun yanında bir əsgəri də yaralanmışdı. Gəliblər bu əsgəri götürməyə, əsgər deyib ki, məni götürməyin, komandiri çıxarın, mən vacib deyiləm. Qardaşım deyirdi ki, məni götürüb qoydular xərəyə, qaldırdanda dönub baxdım ki, artıq o əsgər ölüb. Yəni insanlar bu dərəcədə dəyişilir. Özü ölür, amma komandirini xilas edir. İndi bizə elə gəlir ki, o cür insanlar yoxdur. Amma dəyişilə bilər…
Allah-təala Qurani-Kərimdə deyir ki, halını dəyişməyənlərə mən kömək edə bilmərəm. Əgər Azərbaycan xalqı istəyirsə ki, bundan yaxşı yaşasın, ədalətsizliklər olmasın, birinci növbədə öz halını dəyişməlidir. Bunun nə müxalifətə, nə mitinqə, nə də hökumətə aidiyyatı var. Insanlar halını dəyişməlidir. Necə? Dinin, əxlaqın tələb etdiyi davranışlara keçməlidir. Bunun üçün Sərdar Cəlaloğlunun mitinqdə çıxış etməsinə ehtiyac yoxdur və xeyri də yoxdur. Əgər sən milli dəyərləri mənimsəmirsənsə, dini dəyərlərə uyğun yol getmirsənsə, sən heç vaxt dəyişə bilməzsən.
Muxalifet.az