Azərbaycan parlamenti 105 yaşında!

7 dekabr- Azərbaycanda parlament günüdür
105 il qabaq- 7 dekabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının parlamentinin ilk iclası keçirilib.
Parlamentin yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə başlanıb. Rusiyada 1917-ci il fevral inqilabından sonra Dövlət Dumasının Qafqazyanı deputatları Qafqazın yönədilməsi üzrə komitəni, sonra isə 1918-ci ilin fevralın 14-də Zaqafqaziya Seymini, 26 may 1918-ci ildə Seymin dağılması ilə mayın 27-də Seymin 44 müsəlman nümayəndəsi Tiflisdə Azərbaycan Milli Şurasını yaradıblar. Böyük öndər Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Milli Şura 28 may 1918-ci ildə Azərbaycanın istiqlal bəyannaməsini qəbul edib. 1918-ci ilin iyunun 16-da Milli Şura və hökumət Tiflisdən Gəncəyə, senyabrın 15-də Bakının erməni-bolşevik işğalçılarından qurtuluşundan sonra – 17 sentyabrda Gəncədən Bakıya köçür. Gəncədə 1918-ci ilin iyunun 17-dən işini dayandırmağa məcbur olmuş Milli Şura Bakıda noyabrın 16-dan işini bərpa edir və Müəssislər Məclisini – parlamenti çağırmaq işlərinə başlayır.
Azərbaycan Cümhuriyyəti Parlamentinin çağırılması ilə bağlı 1918-ci ilin 29 noyabrında Milli Şuranın adından Məhəmməd Əmin Rəsulzadənin imzası ilə türk və rus dillərində “Bütün Azərbaycan əhalisinə” müraciəti yayılır.
1918-ci ilin dekabrın 7-də saat 13-00-da indiki İstiqlaliyyət küçəsindəki Hacı Zeynalabdin Tağıyevin keçmiş “ Qızlar məktəbi”nin (indiki Füzuli adına Əlyazmalar İnstitutu) binasında Azərbaycan Parlamentinin ilk iclası keçirilir. İclası giriş sözü ilə açan Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə Parlament binasından ucalan istiqlal rəmzi AY-ULDUZLU ÜÇBOYALI BAYRAĞA işarə edərək “Bir kərə yüksələn Bayraq bir daha enməz!” deyir.
17 aylıq ömrü olan Parlamentin ilk sədri Əlimərdan bəy Topçubaşov, son (145-ci) iclası aprelin 27-də olub.
Parlament gününüz qutlu olsun!
Məğrur BƏDƏLSOY