​Azərbaycan Farer Adalarına qarşı - Yenilənir

Baxış sayı:
3067

Noyabrın 17-də futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının D liqasının üçüncü qrupunda keçirdiyi növbəti oyununda Bakı Olimpiya Stadionunda Farer Adaları yığması ilə qarşılaşır.
Muxalifet.az xəbər verir ki, oyunda Azərbaycan millisinin heyətində meydana Kamran Ağayev, Rahil Məmmədov, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev, Qara Qarayev, Riçard Almeyda, Dmitri Nazarov, Araz Abdullayev, Mahir Mədətov və Rüfət Dadaşov çıxıblar.
Farer Adaları yığmasının start heyətində isə Hunnar Nilsen, Hilli Serensen, Atli Qreqersen, Odmar Fere, Vilormur Davidsen, Rene Yonsen, Hallur Hansson, Yohan Edmundson, Brandur Hendriksson, Kay Bartalsstovu və Finnur Yustinussen yer alıblar.
Oyunu kiprli hakimlər briqadası idarə edir. Matçın baş hakimi Dimitrios Masiasdır. Ona həmyerliləri Marios Kalogerou və İoannis Lazarou kömək edirlər. Dördüncü hakim funksiyasını Omiros Tziortzis yerinə yetirir. Görüşün hakim-inspektoru ukraynalı Volodimir Petrov, UEFA nümayəndəsi çexiyalı Yaroslav Dudldir.
Qrupun digər oyununda Malta yığması doğma meydanda Kosovo seçməsini qəbul edir.
Xatırladaq ki, dörd turdan sonra Qurban Qurbanovun yetirmələri 6 xalla qrupda ikinci pillədə qərarlaşıblar. Kosovo 8 xalla birinci, Farer Adaları 4 xalla üçüncü, Malta isə 2 xalla sonuncu yerdədir. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız oktyabrın 11-də səfərdə Farer Adaları yığmasının qapısından üç cavabsız top keçirib. Oktyabrın 14-də Bakı Olimpiya stadionunda keçirilən Azərbaycan-Malta oyununda isə qalib müəyyənləşməyib - 1:1.