Azərbaycan Avropa Şurasından çıxarıla bilər?

"The Guardian" yazır ki, Avropa Parlamenti, nüfuzlu Avropa siyasətçilərinin Azərbaycanın pozitiv imicini yaratmalarına təsir etmək üçün Bakının 2, 9 milyard dollarlıq çirkli pullar fondundan istifadəsinə dair "The Guardian" da daxil, media partnyorları tərəfindən açıqlanmış iddiaların araşdırılmasına çağırıb.
Avropa millət vəkilləri "Azərbaycanın və başqa avtokratik rejimlərin Avropa siyasətçilərinin qərarlarını qanunsuz yollarla təsirləndirməsi cəhdlərinin hərtərəfli araşdırılmasını" tələb ediblər.
Bu, korrupsiya haqqında hesabata son anda edilmiş düzəlişlər sayəsində mümkün olub.
Bu arada Avropa Şurasının rəhbəri Thorbjorn Jagland,Avropa məhkəməsinin hökmlərinə baxmayaraq, Azərbaycanın "siyasi məhbusları" azad etməkdən boyun qaçırması ilə əlaqədar Bakıya qarşı misli görünməmiş hüquqi prosedurun keçirilməsinə çağırıb.
"The Guardian" yazır ki, Jagland-ın bu məsələyə müdaxiləsinin əsas səbəbi Avropa İnsan Haqları Məhkəməsinin müvafiq qərarlarının olmasına baxmayaraq, müxalifət lideri İlqar Məmmədovun hələ də həbsxanada saxlanması olub.
O, 2013-cü ildə kütləvi iğtişaşların təşkilinə görə məhkum edilsə də, Avropa Məhkəməsi onun hökuməti tənqid etdiyinə görə məhbus edildiyi barədə hökm çıxarıb.
Ötən çərşənbə günü Avropa Şurası səfirlərinin görüşündə Jagland Azərbaycana qarşı hüquqi addımların atılmasına çağırıb.
Məqalədə deyilir ki, bu, Avropa Şurasının 68 illik tarixində görünməmiş presedent olardı.
Jagland "The Guardian" qəzetinə açıqladığı bəyanatda bildirir ki, Avropada siyasi məhbusların olması, Avropanın ən yüksək məhkəmə instansiyasının qərarına rəğmən İlqar Məmmədovun məhbusluğunun davam etməsi yolverilməzdir və Azərbaycanın öz öhdəlikləri haqqında ciddi düşünməsinin zamanı çatıb.
"The Guardian" yazır ki, Azərbaycanın onun qərarlarını yerinə yetirməməsi Avropa Məhkəməsinin özündə də böhrana səbəb olub.
Məqalədə deyilir ki, Jagland Azərbaycana qarşı Avropa Şurası Konvensiyasının 46.4 maddəsinin tətbiqini istəyir. "The Guardian" yazır ki, bu, "nüvə variant" sayılır və Azərbaycanın Avropa Şurası üzvlüyünü itirməsi ilə nəticələnə bilər.
Amma "The Guardian" yazır ki, belə bir addımın atılması yalnız Avropa İttifaqı xarici işlər nazirlərinin qərarı və məhkəmənin rəyi əsasında reallaşa bilər.
Bundan başqa Avropa Parlametində Azərbaycana qarşı korrupsiya araşdırmasının keçirilməsinə dair hesabat qəbul edilib.
"The Guardian" yazır ki, bu düzəliş "Avropa İttifaqının üzvü olmayan ölkələrdə korrupsiya və insan haqları pozuntuları barədə" hesabata son anda əlavə edilib.
Qəzet yazır ki, sözü gedən təhqiqatın miqyası çox geniş ola bilər, lakin ona başlanıb-başlanmayacağı hələlik məlum deyil.
Məqalədə deyilir ki, Avropa Parlamentinin əvvəllər Panama və Lüksemburq sənədləri ilə bağlı buna bənzər bəzi qərarları heç bir nəticə verməyib.
Qəzet yazır ki, elan olunan təhqiqatın mümkün iflası Avropa Parlamentinin nüfuzdan düşməsi ilə nəticələnə bilər.
"The Guardian" yazır ki, Azərbaycana qarşı çirkli pul yuyulması iddialarında heç bir Avropa millət vəkilinin adı çəkilmir və bu iddialarda söhbət Avropa Şurası Parlament Assambleyasının keçmiş üzvlərindən gedir.
Bunların arasında keçmiş Almaniya millət vəkili Eduard Lintner və keçmiş italiyalı deputat Luca Volonte-nin adları çəkilir.
Belçika mediası çərşənbə axşamı yazıb ki, kələfin bir ucu iki belçikalı siyasətçiyə tərəf uzanır. L'Echo və De Tijd qəzetlərinin müştərək təhqiqatında bunların liberal millət vəkili Alain Destexhe və keçmiş siyasətçi Stef Goris olduqları iddia olunur. Onlar birlikdə qeyri-mənfəət seçki müşahidəsi qrupu yatamışdılar. Bu təşkilatın 2012 və 2014-cü illərdə Lintner-dən 800 min dollar aldığı iddia edilir.
Destexhe bu təşkilatın menecmentində hər hansı rol oynadığını inkar edib, Goris isə Azərbaycandan heç bir pul almadığını bildirib.
Destexhe Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatın müəllifidir və bu hesabatda korrupsiya məsələsinə toxunmadığına görə tənqid edilib.