​AY GİDİ DÜNYA – Eldəniz Quliyev yazır

Baxış sayı:
9134

Salıb bir manatını itirir, "hayıf o bir manatdan..." deyib, az qala bir gün vaysınır, amma göz önündəcə adamlığını itirir, heç vecinə də almır
 “Həyat uzaqdan baxanda komediya, yaxından baxanda isə faciədir...”

Yəqin ki, çoxlarının yadındadı... Əvvəllər "sürü" deyəndə, bunu qoyun, ya da iribuynuzlu heyvan sürüsü kimi başa düşürdük. Lakin son zamanlar nə oldusa, nələr baş verdisə, sürünün həm çeşidləri artdı, həm də fonetik transkripsiyası dəyişildi.
Misal üçün, - yaltaq sürüsü, troll sürüsü, məmur sürüsü. Yaxud qorxaqlar, yalançılar, riyakarlar, korrupsionerlər, rüşvətxorlar, işverənlər, qulbeçələr, dələduzlar və sairələr sürüsü...
Və bütün bu sürülərin oxşar xarakterik xüsusiyyəti də var: o da insanın insaniyyətliyini, adamın adamlığını salıb itirməsidir...
Əslində, bu, mat qalmalı, əcaib-qəraib bir işdi. Yəni adam təsadüfən salıb bir manatını itirir və "hayıf o bir manatdan..." deyibən, az qala bir gün vaysınır. Amma göz önündəcə, hətta bəzən bilə-bilə, yəni qəsdən, öz xoşuyla salıb adamlığını itirir...və heç vecinə də almır, - sanki elə belə də olmalıymış...
Sözümün canı var... Deyirəm, həqiqətən bu dünyanın at keçməz iştəkləri varmış...
Dünən 28 May metrosunun yanında qeyri-adi bir hadisənin şahidi oldum. Diqqətimi maraqlı, hətta deyərdim ki, çox qəribə bir "personaj" cəlb elədi...
Günortaydı. Havanın istisi nəfəs kəsirdi. Metronun çıxışında geyimindən daha çox "bomj"-a oxşayan balaca boylu, saqqalı bir kişi dayanmışdı. Bir suyu Caplinin "Avara"-sına oxşayırdı. Qəribəsi isə, onun heykəl kimi donub qalması və əlində neft lampası saxlamasıydı... Hərəkətsiz dayanmış "Caplin", deyəsən digərlərinin də marağına səbəb olmuşdu...
Əlbəttə, günün günorta çağı, şəhərin mərkəzində, qələbəlik yerdə, əlində yanan lampa gəzdirən adam görmək, sıradan bir mənzərə deyildi...
Sonradan baş verənlər pantomima teatrının tamaşasını xatırlatdı...
..."Heykəl" qəflətən diksinib canlandı...və cəld bir hərəkətlə metrodan çıxan sərnişinlərdən birinin qarşısına atıldı. Bayaqdan əlində məşəl kimi saxladığı çırağı, gözlənilməz həmlədən çaşıb qalmış adamın üzünə  yaxınlaşdırdı. Nüfuzedici nəzərlərini öz "ovunun" üzünə dikdi; elə bil, adamın üzündə, ya gözlərində nəsə çox vacib bir əlamət, ya nişanə axtarırdı...
Görünür, cəhdi boşa çıxmışdı - axtardığı "nə isə" tapılmamışdı...
Əlilampalı peşman halda köks ötürdü, sonra dabanı üstə fırlanıb sakitcə kənara çəkildi... Bir neçə dəqiqə keçməmiş, eyni hərəkət yenidən  təkrarlandı. Sonra yenə də...
Bu qəribə olaya marıtdayıb baxanlardan kimsə istehzayla güldü, kimsə hirsli-hirsli başını buladı, hətta ağzını büzüb xorultunu xatırladan nərilti səsi çıxarmağa üstünlük verən də oldu...
Daha sonra vaqe olanlar, eynən ləng şəkilmiş kino kadrlarına bənzədi...
...Əli dəyənəkli asayiş keşikçiləri, həmişə olduğu kimi, haradansa (bəlkə də, birbaş qeybdən) peyda oldular. Əvvəl onlar da bu hadisəni təəccüb və heyrətlə, az sonra isə, aşkar təşvişlə izlədilər.
Nəhayət polislərdən biri irəli keçib əlilampalıya yaxınlaşdı və nə üçünsə amiranə tərzdə:
-Vətəndaş, noolub, nə xəbərdi? - deyə soruşdu.- Nə itirmisən?.. Əlindəki bu çırağ-mırağ nədi?.. Nə axtarırsan burda?!
Əlilampalı qəddini dikəldib, kədərli-kədərli:
- ADAM AXTARIRAM, ADAM! İNSAN AXTARIRAM, İNSAN! - deyə, cavab verdi.
- Nəə?..- deyəsən polis əməkdaşı qulaqlarına inanmadı.
- Adam! A-dam! İn-san!!!
Təbii ki, şanlı polislərimiz, nümunəvi qayda-qanun keşikçilərinə xas olan ədəb-ərkanla, ictimai asayişi pozan bədbəxt subyektin qollarını qatlayıb burmaqdan savayı özgə əlac tapmadılar. Başqa neynəməliydilər ki?..
Təəssüf ki, bu zaman lampanın hisli şüşşəsi yerə düşüb çilikləndi...
Əlidəyənəklilər zəruri "qolburma" prosedurundan sonra, əlilampalını (artıq, əlilampasızı) yaxınlıqdakı maşınlarına tərəf sürü...aparmaq əməliyyatına start verdilər...
Bu zaman (bunu şəxsən özüm eşitdim), asayiş keşikçiləri arasından ağıllı (hətta ola bilsin ki, müdrik) birisi, çox nazik və çox da həlim bir səslə:
- Güman ki, bu,  müxalifətçidi, özü də lap radikalınnan, - dedi.- Toçnı hökümətə qarşıtəbliğat aparır! Erməni dəyirmanına su tökənin buynuzu olmur ki!..  
Daşdan səs çıxdı, marıtdayıb baxan seyrçilırdən səs çıxmadı...
Həlim səsli, ağıllı-müdrik asayiş keşikçisi sağ gözünü qıyıb, sol qaşını qaldırdı və leksikonuna qeyri-normativ "notlar" əlavə edərək:
- Diogen oğlu, diogen!" - dedi. Dedi və bu zaman həzin bir ciyiltiylə qışqırmağı da vacib saydı; nəticədə, (güman ki, öz səsindən ruhlanaraq), biçarə lampalının (yəni,- lampasızın) yumşaq yerinə qəşəng, ancaq, təbii ki, qeyri-estetik bir təpikcik də vurmağa səy göstərdi. Şübhəsiz ki, o, vəzifə səlahiyyətinə daxil olan bu hərəkətləri etik davranış qaydaları çərçivəsində və əsil asayiş keşikçisinə yaraşan bir tərzdə həyata keçirdi...
Bəlkə də bu hadisə elə buradaca tamamə yetəcəkdi, əgər...
...əgər ADAM axtaran kişinin, hamıya və heç kəsə, dediyi bu kəlmələr olmasaydı:
-Həyat uzaqdan baxanda komediya, yaxından baxanda isə faciədir...
Bu məqamda "stop kadr", yaxud "zamri" oldu; yəni əlidəyənəkli asayiş keşikçiləri lappadan donub qaldılar. Ağıllı-müdrik qardaşımızın sir-sifətində isə... məcburən qurtum-qurtum limon suyu içən əzablı qrimas yarandı:
-Nəə, nə dedin?.. Faciə nədi, adə?! Deyəsən sən başdan xosunbaysan ha!..
Eks-əlilampalı pırpız saqqalına sığal çəkib, əvvəl əlidəyənəklilərə, sonra ətrafda toplaşan marıtdıyanlara baxdı. Daha sonra başını qaldırıb bulanlıq, ancaq məğrur və işıqlı nəzərlərini göy üzünə zillədi. Bu dəm araya elə bil qatı bir sükut səpdilər...
Qəhrəmanımız, yəni bizim Çaplinimiz aramla, təmkinlə pıçıldadı:
-Bədbəxtlər... Bu dünya Süleymana da qalmadı axı...Kimsə zənn eləməsin ki, əllərini qaldırıb günəşin qarşısına tutmaqla... dünyanı zülmətə qərq eləmək olar... Yox! Bu mümkün olan iş deyil. Bunu heç Makedoniyalı İsgəndər də bacarmadı. Teymurləng də, Hitler də, hətta Bağdaddakı kor xəlifə də, heç kor şeytanın özü də bacarmadı... Bacarmayacaqlar da! Qəflət yuxusundan oyanın! Sadəcə, ADAM olmağa, İNSAN olmağa çalışın, vəssəlam, - bu kifayətdi elə!
Bircə bunu deyə bilərəm ki, (lazım gəlsə, hətta lap and da içərəm) bu qəribə adamın pıçıltıyla dediyi son kəlmələr, az qala şimşək təki çaxıb dörd bir tərəfdə əks-səda yaratdı...
Ya bəlkə... mənə belə gəldi,- bilmirəm!..
Eldəniz QULİYEV