​ AXCP VƏ MÜSAVAT BİRLƏŞİR? – Tofiq Yaqublu başqan seçilərsə, bu partiyaların birləşəcəyi iddia olunur!

Baxış sayı:
12322

Oktyabrın 12-də Müsavat Partiyası özünün növbəti qurultayını keçirəcək. Qurultayda partiyanı növbəti 5 ildə idarə edəcək yeni başqan seçiləcək. Muxalifet.az xəbər verir ki, artıq indiki başqan Arif Hacılının rəqibləri də bəllidir. Bunlardan biri 2010-cu ildən 2018-ci ilə qədər partiya başqanının müavini olan Tofiq Yaqubli, ikincisi Müsavatın Lənkəran rayon təşkilatının keçmiş sədri Yadigar Sadıqlıdır. Tofiq Yaqublu Müsavat Partiyası başqanlığına namizəd olacağını özünün şəxsi feysbuk hesabında açıqlayıb: "Müsavat Partiyasının Divanı növbəti qurultayımızın 12 oktyabr 2019-cu il tarixində keçirilməsi haqqında qərar qəbul etdi. Əminəm ki, Müsavat Partiyası bu dəfə də cəmiyyətimizə növbəti demokratiya örnəyi verəcək. Son günlər bir xeyli götür-qoy etdikdən sonra, nəhayət partiya başqanlığına namizədliyimi irəli sürməyə qərar verdim. Uğurlar, Müsavat!". O cümlədən Yadigar Sadıqlı da mətbuata açıqlamasında başqanlıq uğrunda mübarizə aparacağını vurğulayıb: “Əvvəl də bildirdiyim kimi, öz namizədliyimi irəli sürəcəyəm. Partiyanın son 5 ildə idarə olunmasını qənaətbəxş hesab etmirəm və bunu Müsavatın reytinqinin zəifləməsində də müşahidə etmək olar. Hesab edirəm ki, mənim başqan seçilməyim təkcə Müsavatda deyil, ümumilikdə demokratik düşərgədə ab-havanı kökündən dəyişər, yeni qüvvələrin axınına xidmət edər”. Əlbəttə, seçkilərə hələ 3 həftə qaldığından, qarşıdakı dönəmdə yeni-yeni namizədlərin ortaya çıxacağı da gözləniləndir. Amma görünən odur ki, hazırkı namizdlər Müsavat başqanı Arif Hacılının siyasətini bəyənmədikləri üçün, axıradək mübarizə aparmaq və partiyanın mövcud idarəçilik sistemini dəyişmək fikrindədirlər. İstisna deyil ki, bundan sonra seçki yarışına qatıla bilcək namizdələr də eyni prinsip üzrə mübarizə aparacaq. Çünki İsa Qəmbərdən sonra Müsavat Partiyasının bir addım da qabağa getmədiyi etiraf olunmalıdır. Üstəlik, Arif Hacılı dönəmində partiyada bir sıra parçalanmaların olduğu, bəzi nüfuzlu fiqurların Müsavatı tərk etdiyi də bəllidir. İnsaf naminə onu da qeyd etmək lazımdır ki, bu illər ərzində təkcə Müsavat Partiyası deyil, bütün müxalifət partiyaları zəifləməyə doğru yön alıb və cəmiyyətdə nüfuzunu itirib. Bunun da məsuliyyətini tam olaraq partiya sədrlərinin üzərinə atmaq doğru olmaz. Çünki hakimiyyət son illər ərzində müxalifəti sıradan çıxarmaq üçün bütün qanunsuz əməllərə imza atıb. Amma sıravi vətəndaşı, tutaq ki, ucqar kənddə yaşayan hansısa müsavatçını partiyanın zəifləməsinə səbəb olan amillər deyil, nəticə maraqlandırır. Ortada da heç bir müsbət nəticə olmadığından, Arif Hacılının (eləcə də digər partiya sədrinin) yarıtmaz fəaliyyətdə ittiham olunmasına tamamilə normal yanaşmaq lazımdır. Haşiyə çıxaraq qeyd edək ki, hər bir partiyanın nizamnaməsində hakimiyyətə gəlmək əsas hədəflərdən biri, daha doğrusu birincisidir. Vətəndaşlar da inandığı ideologiyanı daşıyan partiyalara o səbəbdən üzv olur və dəstək verirlər ki, bu təşkilat hakimiyyətə gəldikdə dövlət həmin ideoloji siyasi xətt üzrə idarə olunsun. Təbii ki, burada şəxsi maraqlar da istisna deyil. Amma vətəndaşlar hansısa siyasi təşkilata ona görə üzv olmur ki, onun rəhbər şəxsləri hakimiyyətlə bazarlığa gedib, özü üçün yüksək təminat əldə etsin, partiyanın da taleyi sual altına düşsün. Təbii ki, belə olan halda vətəndaşlar üzvü olduğu partiyalardan üz döndərməyə məcbur olurlar, nəticədə isə, Azərbaycanda olduğu kimi, acınacaqlı vəziyyət yaranır. Əlbəttə, biz fərd olaraq hansısa partiya sədrini itihham etmək fikrində deyilik. Amma, çox təəssüf ki, Azərbaycanın müxalif düşərgəsindəki vəziyyət təxminən bizim təsəvvür etdiyimiz kimidir. Bu səbəbdən də son illər ölkədə müxalifət tamamilə nüfuzdan düşüb. Şübhəsiz, Azərbaycanda hakimiyyətlə bazarlığa getməyən, müstəqil fəaliyyət göstərməyə meylli olan siyasi təşkilatlar, eləcə də müxalifət fəalları, ziyalılar da yox deyil. Lakin ölkədə həmin şəxslərin üzərinə bütün qapılar bağlanıldığından, onların fəaliyyətinə çox böyük əngəllər yaradıldığından, bu partiyaların və şəxslərin də cəmiyyətə təsir imkanı yetərli səviyyədə deyil… Mövzudan uzaqlaşmadan, diqqətləri Müsavat Partiyasının gözlənilən qurultayına yönəldək. Təbii ki, bu qurultayın nəticəsi haqda indidən proqnoz vermək o qədər də asan deyil. Zənnimizcə, burada seçkinin taleyi bir neçə amildən asılıdır. Məsələn, keçmiş başqan İsa Qəmbərin əlini hansı namizədin çiyninə qoyması, müsavatçıların bu prosesdə nə dərəcədə aktiv rol alması və s. önəmli məsələlərdir. O cümlədən, seçki prosesinə yan təsirlərin rolu da nəzərdən qaçmamlıdır. Hansı ki, bu təsirlər müxtəlif istiqamətlərdən və müxtəlif şəkildə özünü göstərə bilər… Konkret namizədlərə gəldikdə isə, onu deyə bilərik ki, son illər Müsavat rəhbərliyindən narazılığın artmasına rəğmən, başqan Arif Hacılının yerlərdə bütün strukturları öz əlində cəmləşdirdiyi də diqqətdən qaçmamalıdır. Amma, ümumilikdə, onun hər iki rəqibinin son vaxtlar cəmiyyətdə, eləcə də müsavatçılar arasında ciddi nüfuz qazandığı da istisna deyil. Sirr deyil ki, istər Tofiq Yaqublu, istər də Yadigar Sadıqlı zaman-zaman öz həbslərini göz önünə alaraq, prinsipial mövqelərindən geri çəkilməyiblər. Hakimiyyət tərəfindən yaradılan bütün məhrumiyyətlərə rəğmən, onlar müsavatçılıq ideologiyasına sadiq olduqları inkaredilməzdir. Şübhəsiz, seçim hüququ müsavatçıların olduğundan, Müsavatın yeni başqanının kim olacağı haqda bizim öncədən hər hansı fikir söyləməmiz doğru olmaz. Amma son vaxtlar siyasi kuluarlarda gəzən bəzi söz-söhbətlər bizim daha çox diqqətimizi cəlb edir. Belə iddialar var ki, Tofiq Yaqublu Müsavat Partiyasının başqanı seçilərsə, müxalif düşərgədə ciddi birliyin şahidi olaraq. Söhbət AXCP-Müsavat birliyindən gedir. Oxucularımıza da bəlli olduğu kimi, bu partiyanın hər ikisi eyni ideologiyanın daşıyıcısıdır. O baxımdan AXCP və Müsavatın gələcəkdə birləşməsi üçün ortada hansısa ideoloji bariyer mövcud deyil. Hansı ki, zamanında bu partiyanın rəhbərliyi eyni təşkilatda və eyni hədəf uğrunda mübarizə aparıblar. Görünür, məhz bu səbəblərdən həmin siyasi təşkilatların yenidən birləşməsi ideyası ortaya atılıb. Yəqin sizin üçün də maraqlıdır ki, bu partiyalar niyə məhz Tofiq Yaqublu Müsavat başqanı olduğu halda birləşə bilər. Məsələn, Arif Hacılı dönəmində niyə belə birlikdən söhbət getmədi? Yaxud Yadigar Sadıqlı başqan seçilərsə, AXCP və Müsavatın birliyinə nə mane ola bilər? Dəyərli oxucularımıza xatırladaq ki, Tofiq Yaqublunu AXCP ilə bağlayan bir sıra amillər var. Birincisi, o, AXCP-nin faktiki olaraq nəzarətində olan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvüdür. Hansı ki, vaxtilə Müsavat Milli Şuranı tərk edəndə, Tofiq Yaqublu partiyadakı müavinlik postundan istefa verərək, bu qurumda qalmağa üstünlük verdi. İkincisi, AXCP sədrinin müavini Seymur Həzi onun kürəkənidir. Üstəlik, onun AXCP sədri Əli Kərimli ilə də yaxın münasibətinin olduğu haqda informasiyalar var. Görünür, bütün bunlar T.Yaqublunun Müsavat Partiyası başqanı seçiləcəyi təqdirdə, hər iki təşkilatın yenidən eyni çatı (dam) altında fəaliyyət göstərməsi üçün zəmin yaradıb. Muxalifet.az