Avropadan Vətəni “daşa tutanlar”

Baxış sayı:
5106

Erməni lobbisi ilə əlaqəda olan Mehman Məmmədov nə üçün dövlətimizə qarşı düşmən olub?

Azərbaycanda hakimiyyət əleyhinə olan siyasi fəalların təzyiqlərə məruz qalması kimsəyə sirr deyil. Hazırda onlarla vətəndaşımızın məhz siyasi baxışlarına görə həbsdə olduğu da çoxlarına bəllidir. Bu səbəbdən, türməyə düşməkdən ehtiyat edərək ölkəmizi tərk edən vətəndaşların sayı da günbəgün artır. Lakin çox təəssüflə qeyd edirik ki, bu insanların bəziləri sərhədi keçən kimi dövlətimizə qarşı düşmən mövqedə dayanırlar. Belə şəxslərdən biri də siyasi fəal Mehman Məmmədovdur.
Xatırladaq ki, Məmmədov Mehman Tofiq oğlu 2000-ci ildən 2007-ci ilədək Bakı şəhəri Nizami rayon Polis İdarəsində "çavuş" olaraq çalışıb. Bəzi iddialara görə, polis işlədiyi zamanlarda xalqa qarşı haqsızlıqlara etiraz etdiyi üçün işdən qovulub.
Azərbaycan Liberal Demokratik Partiyasının (ALDP) Binəqədi Rayon Təşkilatının sədri olaraq 2019-cu ilin 19 yanvar mitinqinin təşkilində iştirak etdiyi üçün həbs edilib və sərt xəbərdarlıq alıb. Buna baxmayaraq, həmin il oktyabrın 19-da keçirilən mitinqdə də iştirak etdiyi üçün polisə "çağırış" alıb. Deyir ki, həbs olunacağını bildiyi üçün polisin çağırışından imtina edib və ailəsini qorumaq üçün 2019-cu ilin noyabr ayında ölkəni tərk edib.
Qeyd edək ki, hal-hazırda İsveçrədə siyasi fəaliyyətini davam etdirən siyasi fəal, burada da Azərbaycan əleyhinə mitinqlərin təşkilində iştirak edir. Sözdə Azərbaycanın demokratik bir dövlət olması üçün çalışdığını bildirən M.Məmmədov, çox təəssüf ki, hazırda ölkəmizi parçalamağa hazır olan qüvvələrin yanında yer almaqdadır. Belə iddialar var ki, Mehman Məmmədov və onun ətrafında olan bir qrup azərbaycanlı Avropadakı erməni lobbisi ilə də sıx münasibətdədir və Azərbaycana qarşı hər zaman qarayaxma kampaniyası aparan düşmən qüvvələrlə həmrəydirlər.
Əlbəttə, bu cür insanların fəaliyyətinə şahid olduqda, onların müəyyən yollarla ölkəyə gətirib, Azərbaycan qanunları çərçivəsində cəzalandırılmasının daha düzgün olduğu qənaətinə gəlmək olur. Hər halda, inanırıq ki, M.Mehmanov və onun ətrafındakı şəxslər də tezliklə qanun qarşısında cavab verməlidirlər.
Muxalifet.az