“Ankara “S-400” komplekslərindən yaxa qurtarmalıdır” – Dövlət Departamenti

Baxış sayı:
9538

Türkiyə “S-400” komplekslərini ya məhv etməli, ya Rusiyaya göndərməli, ya da hansısa başqa yolla onlardan xilas olmalıdır. Türkiyənin bundan sonra Vaşinqtonla tərəfdaşlıq şansı olacaq. Bunu Dövlət Departamenti bildirib.

ABŞ ilə danışıqları bərpa etmək üçün Türkiyə bir yolunu tapıb, Rusiyadan aldığı “S-400” komplekslərindən xilas olmalıdır. “Reuters” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi jurnalistlər üçün keçirilən brifinq zamanı bildirib. 

“Türkiyənin danışıqlar masasına geri qayıtmaq üçün hələ də şansı var. Onlar bilirlər ki, bunun üçün ya “S-400”ləri məhv etməlidirlər, ya geri qaytarmalıdırlar, ya da hər hansı başqa yolla onlardan xilas olmalıdırlar”, - deyə məmur qeyd edib. Amerika rəsmisinin sözlərinə görə, Türkiyə hökuməti “seçimi olduğunu bilir”. 

Dövlət Departamentinin nümayəndəsi xatırladıb ki, CAATSA qanunu çərçivəsində Türkiyə hələ də sanksiya riski altındadır. Qanunda məhdudlayıcı tədbirlərin həyata keçirilməsi üçün dəqiq tarix nəzərdə tutulmayıb. Belə ki, Çin Rusiyadan qırıcı aldıqdan doqquz ay sonra Vaşinqton həmin qanun əsasında Çinin dövlət strukturlarına sanksiya tətbiq edib. Türkiyə ötən il 2,5 milyard dollara Rusiyadan bir neçə “S-400” diviziyası əldə edib. Tədarük cari ilin yayında başlayıb və noyabrın 1-də vaxtından əvvəl başa çatıb. NATO ölkəsi olan Türkiyənin Rusiyadan HHM sistemi alması dəfələrlə Vaşinqton və alyans rəhbərliyi səviyyəsində tənqid edilib. ABŞ bu səbəbdən Türkiyənin “F-35” proqramında iştirakına xitam verib. Vaşinqton alternativ kimi Ankaraya “Patriot” komplekslərini təklif etsə də, razılıq almayıb. ABŞ-ın Nümayəndələr Palatası Türkiyəyə qarşı sanksiyaları dəstəkləyib. 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan noyabrda ABŞ-a baş tutan səfəri zamanı bəyan edib ki, Ankara komplekslərdən imtina etməyəcək, “bu haqda söhbət belə gedə bilməz”

Eyni zamanda Ərdoğan “S-400” məsələsini həll etmək üçün Tramplarazılaşdığını qeyd edib. Yaxın Şərq ölkələri də “S-400” kompleksinə maraq göstərir. Bundan başqa, Rusiya zenit raket kompleksinin beş diviziyasının tədarükü ilə bağlı Hindistanla razılığa gəlib. Müqavilənin dəyəri təxminən 6 milyard dollar təşkil edir. Təslimatın 2025-ci ildə başa çatacağı planlaşdırılır.

  (Tərcümə: xpressa.net)