“Allah, sən özün prezidentin düşmənlərinin cəzasını ver...” - İMAM CÜMƏ NAMAZINDA TÜRKMƏNBAŞI ÜÇÜN DUA EDİR

Baxış sayı:
4867

Aşqabad məscidlərində ötən həftə keçirilən cümə namazı zamanı imam vətəndaşları prezident Qurbanqulu Berdıməhəmmədovu sevməyə çağırıb. Allahdan ona can sağlığı, uzun ömür arzulayıb. Və Allahdan xahiş edib ki, prezidentin düşmənlərinin və onu sevməyənlərin cəzasını versin.

Virtualaz.org xəbər verir ki, imamın bu duası haqda “Azadlıq” radiosunun türkmən xidmətinin cümə namazında iştirak etmiş müxbirləri bildirir. Jurnalistlər deyirlər ki, Türkmənistan məscidlərində imamların prezident üçün dua etməsi əvvəllər də olurdu, amma ilk dəfədir bu duaya prezidentin düşmənlərinin və onu sevməyənlərin cəzalandırılması xahişi əlavə olunur.

“Allah onu bütün bəlalardan hifz edəcək və düşmənləri onun ayaqları altında sürünəcəklər”-imam moizəsində bildirib.

Jurnalistlərin bildirdiyinə görə, cümə namazı başa çatandan sonra imam prezidenti tərifləməyə başlayıb. O bildirib ki, türkmən xalqı bütün nailiyyətlərə və xoşbəxt həyata görə Arkadağa borcludur. “İmam habelə hamını Arkadağı və vətəni sevməyə çağırdı”-müxbirlər anonimlik şərti ilə bildirib.

“İmam Allaha dua etdi ki, o prezident Qurbanqulu Berdıməhəmmədova möhkəm cansağlığı və uzun ömür versin, Allah onu bütün bəlalardan qorusun və bütün düşmənlərinin cəzasını versin”-məlumatda deyilir.

Məlumata görə həmin gün məscid tam dolu idi və toplaşanların bir çoxu hakimiyyətin dini mərasimdən rəsmi təbliğat üçün istifadə etməsindən narazılıq ifadə ediblər.

Aşqabad məscidlərində cümə namazına qatılanlar deyirlər ki, əvvəllər də imamlar prezidenti qorumaq üçün Allaha dua edirdilər, amma düşmənlərin axırına çıxmaq məsələsi ilə bağlı ilk dəfədir Allaha müraciət olunur.