ADP Qərbi Azərbaycana qayıdacaq soydaşlarımızın kompakt yerləşdirilməsini təklif edir…

Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin ənənəvi həftəlik toplantısı keçirilib. Partiyanın mətbuat Toplantıda ölkədə və dünyada ötən həftə ərzində baş verən ictimai siyasi hadisələrlə bağlı fikir mübadiləsi edilib və partiyanın mövqeyi formalaşdırılıb.
İlk olaraq Avropa İttifaqının Ermənistandakı mülki missiyasının sayının Azərbaycanla müzakirə edilmədən artırılmasını qeyri-normal addım kimi dəyərləndirən partiya İdarə Heyəti bu cür addımların regiondakı gərginliyi daha da artıracağına, Rusiyanın rəsmi İrəvana təzyiqlərini artırmasına və sülh müqaviləsinin imzalanmasına süni maneələr yaratmasına rəvac verə biləcəyinə görə narahat olduğunu bildirib. Eyni zamanda İdarə Heyəti üzvləri Azərbaycan hökumətini bu cür addımlara baxmayaraq Avropa İttifaqı ilə əlaqələri daha da dərinləşdirməyə, rəsmi Brüssel ilə münasibətləri yeni səviyyəyə qaldırmağa ardıcıl cəhdlər etməyə çağırıb.
ADP İdarə Heyəti İrəvanda Rusiyanın nəzarəti altında olan bəzi dairələrin özünü buraxmış “Dağlıq Qarabağ” qondarma respublikası ideyasını yenidən diriltməyə yönələn cəhdlərini pisləyib. Həmçinin rəsmi İrəvanın bu separatistlərin oyununa olan münasibətini alqışlayıb və bu mövqenin Cənubi Qafqazda sülh və əmin-amanlığın möhkəmlənməsinə ciddi tövhə olduğunu qeyd edib.
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə dair son zamanlar səsləndirilən bəzi bəyanatlara cavab olaraq iclasda qeyd edilib ki, dayanıqlı sülh əldə etmək üçün iki öklə arasındakı bütün mübahisəli məsələlər barəsində prinsipial razılıq əldə olunmalı və yalnız bundan sonra yekun sülh müqaviləsi imzalanmalıdır.
İclasda həmçinin Rusiya Dumasının komitə sədri olan Leonid Kalaşnikovun Azərbaycan və Ermənistan arasında yalnız Rusiyanın iştirakı ilə sülh prosesi aparılmasına dair fikirlərinə də münasibət bildirilib. İdarə Heyətində bu ideya qətiyyətlə pislənilib və bir daha qeyd edilib ki, Azərbaycan və Ermənistan arasında dayanıqlı və etibarlı sülh prosesi yalnız Türkiyənin də iştirak etdiyi formatda mümkündür.
Eyni zamanda Rusiyanın silahlı qüvvələrinin baş qərərgah rəisi V.Gerasimovun rus qoşunlarının Azərbaycan ərazisində sülh tapşırıqlarını icra etməsinə dair açıqlamasını ADP İdarə Heyəti qətiyyətlə pisləyib. Qeyd edilib ki, bu qoşunların ölkəmizdəki mövcudluğu deyilənin əksinə olaraq regional sülhə təhdid yaradır və Cənubi Qafqazda sülhün gerçəkləşməsi üçün Rusiya qoşunu təcili olaraq bölgəni tərk etməlidir.
ADP İdarə Heyətinin iclasında Qərbi Azərbaycandan qovulan soydaşlarımızın öz doğma yurdlarına dönüş prosesi ilə bağlı mövcud vəziyyətə dair müzakirələr də aparılıb və qeyd edilib ki, yurda dönüş prosesi elə həyata keçirilməlidir ki, orada onlar səpələnmiş şəkildə deyil, tarixi torpaqlarında kompakt olaraq məskunlaşsınlar. Daha sonra qeyd edilib ki, bu prinsip Ermənistanla imzalanacaq sülh müqaviləsinə şərtlərdən biri kimi daxil edilməli və Azərbaycan hökuməti dədə-baba torpaqlarına qayıdan insanların hüquqlarının təminatını öz üzərinə götürməlidir. Həmçinin sülh müqaviləsinin digər vacib şərti Ermənistanın otuz illik işğalçılığı nəticəsində Azərbaycan dövlətinə vurduğu ziyanın ödənilməsi məsələsi olmalı və bu məsələ detallı olaraq müqavilədə qeyd edilməlidir.
İdarə Heyəti ötən həftə Türkiyə ordusunun Şimali İraqda və Suriyada həyata keçirdiyi antiterror əməliyyatlarında şəhid verməsi ilə bağlı Türkiyə dövlətinə və xalqına başsağlığı verib, həmin şəhidlərin eyni zamanda Azərbaycan şəhidləri olduğu vurğulanıb. İdarə Heyəti Azərbaycan hökumətini Türkiyənin Suriyada və şimali İraqda həyata keçirdiyi antiterror əməliyyatlarına hər cür dəstək verməyə çağırıb.
Muxalifet.az