ADP-nin növbəti qurultayının tarixi bəlli oldu - BƏYANAT

Partiya dekabrın 3-də növbədənkənar qurultay keçirilməsi ilə bağlı qərar qəbul etdi
Bu gün ADP İdarə Heyətinin ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyətə dair növbəti toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Türk Dövlətləri Təşkilatının (TDT) Astanada keçirilən 10-cu zirvə yubiley görüşünün nəticələrinə münasibət bildirib. Yubiley görüşündə müzakirə olunan məsələlərin, verilən mesajların birlik üçün mühüm əhəmiyyətinə diqqət çəkən partiya yetkililəri TDT-nın yarandığı vaxtdan bu günə qədər keçdiyi inkişaf yolunu yüksək dəyərləndirib. Qeyd edilib ki, dünyada baş verən qloballaşma, yeni geosiyasi şərait, etnik, dini, mədəni baxımdan bir-birinə yaxın olan türk dövlətlərinin qarşısında zamanın tələblərinə uyğun birgə faliyyət göstərmək, iqtisadi, siyasi, hərbi gücünü balanslaşdırmaq kimi mühüm vəzifələr qoyub və birliyə daxil olan hər bir dövlət bu vəzifələrin həyata keçirilməsi istiqamətində öz töhfəsini verir.
Partiya rəsmiləri 10-cu zirvə yubiley görüşündə vahid dil, vahid təhlükəsizlik sistemi ilə bağlı səslənən fikirləri təqdir etməklə, qardaş türk dövlətlərinin iqtisadi əlaqələrinin Türkiyə və Avropaya qədər genişlənməsində Azərbaycanın xüsusi önəm kəsb etdiyini qeyd edib və gələcəkdə bütün türk dövlətlərinin vahid pul, gömrük, ümumi hərbi güc sisteminin formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb.
İdarə Heyəti Almaniya xarici işlər nazirinin Azərbaycana səfərinə də diqqət çəkib və xanım nazirin mətbuata açıqlamalarında ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini birmənalı şəkildə dəstəkləməsini təqdir edib. Eyni zamanda nazirin çıxışı zamanı Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı danışarkən bəzi şəhər adlarını təhrif etməsini erməni lobbisinin təbliğatından təsirləndiyini qeyd edib və bu cür naqis yanaşmaların ölkələrimiz arasında qarşılıqlı, səmimi əlaqələrə xələl gətirə biləcəyini diqqətə çatdırıb.
İdarə Heyəti qarşıdan gələn Zəfər Bayramının xalqımız üçün önəmli məqamlarını diqqətə çatdırıb. Qeyd edilib ki, İkinci Vətən müharibəsinin ilkin qələbə rəmzi olan 8 noyabr 2020-ci il tarixi 19 sentyabr 2023-cü il tarixində düşmən üzərində tam qələbəni doğuran gündür. Məhz 8 noyabr torpaqlarımızın böyük əksəriyyətinin düşməndən azad olunduğu, separatçı rejimin əsasən tərksilah edildiyi, təcavüzkar Ermənistanın kapitulyasiya aktına imza atdığı, ordumuzun düşmən üzərində parlaq qələbə çaldığı, Şuşada və digər azad olunmuş bölgələrdə bayrağımızın yenidən dalğalandığı gün kimi yaddaşlarda əbədi həkk olundu. Partiya rəsmiləri Zəfər Bayramı münasibəti ilə bağlı xalqımızı bir daha təbrik edib, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan övladlarımıza Allahdan rəhmət, qazilərimizə şəfa diləyib. İdarə Heyəti bu möhtəşəm qələbənin əldə edilməsində xalq, ordu, dövlət birliyinin, bu üçlüyü düzgün istiqamətləndirən Ali Baş Komandanın xidmətlərini qeyd etməklə, misilsiz qələbəyə yetməyimizdə dəstəyi, yardımı olan dövlətlərə, xüsusilə qardaş Türkiyəyə dərin minnətdarlığını ifadə edib.
İdarə Heyəti Qarabağ iqtisadi rayonunda Azərbaycanın yurisdiksiyasının təmin olunmasına, separatçı rejimin, bölgədə fəaliyyət göstərən qeyri-qanuni silahlı qüvvələrin tərksilah edilməsinə baxmayaraq rus sülhməramlı qüvvələrin hələ də bu və ya digər formada ərazilərimizdə qalmasını məqbul hesab etməyib və hakimiyyəti 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin dəyərdən düşməsi baxımından Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl ölkəmizi tərk etməsi üçün vacib addımlar atmağa çağırıb.
İdarə Heyəti İsraillə Fələstin arasında davam edən müharibənin acı nəticələrindən on minlərlə insanın həyatını itirməsindən, Qəzza bölgəsində humanitar fəlakətin yaşanmasından, müharibə alovunun digər ölkələrə yayılma ehtimalının reallığa çevrilməsindən, Qərbin, xüsusilə ABŞ-ın müharibəni durdurmaq əvəzinə birtərəfli mövqe tutmasından ciddi narahat olduğunu bildirib və dünya dövlətlərini bu qanlı müharibəni durdurmaq üçün təcili tədbirlər görməyə çağırıb.
İdarə Heyəti Vergi Məcəlləsində ölkədə mikrosahibkarlıq subyektlərinin 5 faizlik güzəştli gəlir vergisindən 20 faizlik gəlir vergisinə keçirilməsini nəzərdə tutan əlavə dəyişikliklərlə bağlı məsələyə də münasibət bildirib. İdarə Heyəti bu dəyişikliklərin Azərbaycanda orta təbəqənin aşılanmasına, kəskin qütbləşməyə, işsizliyin çoxalmasına və xidmət sahəsində qiymət artımına gətirib çıxaracağını bildirib və hesab edib ki, bu dəyişikliklərin əvəzinə ölkədə mütərəqqi vergi sistemi tətbiq olunmalıdır.
İdarə Heyəti sonda təşkilati məsələyə də baxıb. Siyasi Partiyalar haqqında qəbul edilmiş yeni Qanunun tələblərinə görə partiyanın Nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi zərurəti nəzərə alınaraq növbədənkənar Qurultayın dekabr ayının 3-də keçirilməsi ilə bağlı qərar qəbul edilib. Qərara əsasən, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb, Qurultaya nümayəndəlik norması, eyni zamanda Nizamnaməyə ediləcək əlavə və dəyişikliklərlə bağlı işləyəcək redaksiya heyətinin tərkibi müəyyən edilib.
Muxalifet.az