Abutalıbovun şüşələri düşdü, Əzizov kran vermədi – Bakıda təhlükəli anlar - FOTO

Bu gün səhər Bakının Nəsimi rayonu ərazisində təhlükəli anlar yaşanıb.
Muxalifet.az bakuPost-a istinadən xəbər verir ki, Füzuli küçəsi 53 ünvanında fasadı şüşə konstruksiya ilə üzlənmiş binada şüşə laylardan biri qoparaq yola düşüb.
Xoşbəxtlikdən həmin vaxt oradan piyadalar keçməyib. Füzuli küçəsində hərəkətin sıx olmasına baxmayaraq, avtomobillərə də ziyan dəyməyib.
Sakinlər BakuPost-a bildiriblər ki, binanın 8-ci mərtəbəsində yapışdırılan şüşə layın laxlamasını dünən müşahidə ediblər və Fövqəladə Hallar Nazirliyinə məlumat veriblər: "FHN əməkdaşları hadisə yerinə gəldilər. Onlar 8-ci mərtəbəyə çıxıb həmin layı yerə düşməmiş götürmək istəsələr də, bu, mümkün olmadı. Bildirdilər ki, şüşə layı yalnız bayır tərəfdən götürmək olar, buna isə kran lazımdı. Onların təklifi ilə karanın verilməsi üçün "JEK”ə və bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Lakin kran verilmədi”.
Belə olduqda FHN əməkdaşları bir neçə metrlik ərazini qadağanedici lentlə dövrəyə alıb gediblər.
Bu gün səhər 9 radələrində həmin şüşə lay qoparaq yolun hərəkət hissəsinə düşüb.
Qeyd edək ki, Füzuli küçəsindəki Qış Parkına baxan yaşayış binaları Hacıbala Abutalbov tərəfindən 2014-cü ildə yeni fasadla "bəzədilib”.
Hadisə yerindən fotoları təqdim edirik: