44 GÜNLÜK SAVAŞDA 2 DƏFƏ YARALANDI, ÜRƏK XƏSTƏLİYİ TAPDI, AMMA… - Samir Abbaslıya müharibə əlili hesab edilmədiyi bildirilib / VİDEO, FOTOLAR
Ucar rayonu, Bərgüşad kənd sakini, Vətən müharibəsi Qazisi Abbaslı Samir Yusif oğlu tərəfindən Muxalifet.az-ın elektron poçtuna şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Cənab Prezident!
Sizə müraciət etməyimə səbəb hərbi xidmətim zamanı rastlaşdığım və həyatımı bütünlüklə məhv edən haqsızlıqdır. Məlumat olaraq bildirirəm ki, mən 16 yanvar 2012-ci il tarixindən 2013-cü ilin iyul ayına qədər hərbi xidmətdə olmuşam. 2020-ci il avqust ayından etibarən MAHHXHQ əsgər kimi xidmətə başlayaraq, əvvəl bir ay N saylı, sonra isə N-2 saylı hərbi hissələrdə xidmət etmişəm.
Vətən müharibəsi zamanı iki dəfə yaralanmışam. Bakıda “Papanin” adı ilə tanınan hərbi xəstəxanada müalicə almışam. Buradakı müayinələr zamanı müharibədə aldığım əlavə qəlpə yaralarından başqa, ürək çatışmazlığının da olduğu müəyyən edilərək, hərbi xidmətə tam yararsız hesab edilmişəm.
Lakin mənə bildirirlər ki, ürək çatışmazlığmın kökü anadan gəlmədir. Amma bu, tam yalandır, mən xidmət zamanı ürək xəstəliyinə düçar olmuşam. Bu xəstəliyə görə də hərbi xidmətə tam yararsız hesab edilirəm.
Ürək çatışmazlığımın kökü guya “anadangəlmə olduğuna görə” müharibə əlili hesab edilməyəcəyimi, mülkidə ümumi səbəblərlə əlillik ala biləcəyimi deyirlər.
Mən bunu ədalətsizlik, qanunsuzluq və cinayət hesab edirəm. Əgər məndə ürəkçatışmazlığı anadangəlmədirsə, niyə məni həqiqi hərbi xidmətə aparıblar və niyə məni hərbidə işə götürüblər? Yox, əgər ürək çatışmazlığımın əvvəl hiss olunmayacaq dərəcədə olduğundan orduya qəbul edilmişəmsə, yenə də indiki sağlamlıq vəziyyətimə görə müharibə əlili sayılmalıyam. Axı, bu vəziyətə müharibə nəticəsində düşmüşəm.
Xəstəliyə görə, mənə nə iş vermirlər, nə də əlillik dərəcəsi təyin etmirlər. Belə çıxır ki, mən yıxılıb ölməliyəm?
Hazırki vəziyyətimə əsasən, həkimlər açıq ürək əməliyyatı olunmağımı zəruri saysalar da, əməliyyatın uğurla başa çatacağına, iki azyaşlı övladımın atasız qalmayacağına əminliklə söz vermirlər, həyatımı itirmə riskinin çox olduğunu bildirirlər. Digər bir tərəfdən, müharibə əlili sayılmayacağımdan, bu əməliyyatı mülki xəstəxanalarda ödənişli şəkildə etdirməliyəm ki, sözün tam mənasında bunu ödəmək üçün heç bir maddi gücüm yoxdur.
Sizdən acizanə şəkildə xahiş edirəm, müraciətimi obyektiv araşdırıb, mənim müharibə əlili sayılmağıma yardımçı olasınız”.
Muxalifet.az
Redaksiyadan: Mövzunu davam etdirəcəyik.