15 İYUL HƏQİQƏTLƏRİ – I YAZI

Baxış sayı:
1388

15 Temmuz hadisələrinin hesabı sorulacaq...

Tale elə gətirdi ki, Azərbaycan Pedaqoji Universitetində oxuduğum zaman Türkiyədən olan tələbə yoldaşım ilə ailə həyatı qurduğuma görə 2000-ci ildən başlayaraq 2021-ci ilə kimi Türkiyədə daimi yaşamalı oldum. Bu baxımdan 15 iyul 2016-cı il tarixində Türkiyədə baş verən hadisələri və bu hadisələrdən sonra baş verənləri yaxından izləmək imkanım oldu.

Türkiyə dövlətinin 15 iyul (Temmuz) 2016-cı il tarixində baş vermiş hadisələrlə bağlı rəsmi açıqlamalarında FETÖ terror təşkilatı tərəfindən hərbi yolla dövlət çevrilişinə cəhd edildiyi, qiyam qaldıran hərbiçilər tərəfindən 250 nəfər insanın qətlə yetirildiyi və 1500 nəfərdən çox insanın isə yaralandığı bildirilirdi. Bildiyiniz kimi 2016-cı ildən başlayaraq hər il 15 iyul (Temmuz) Türkiyədə “Demokratiya və Milli Birlik günü” kimi ölkənin hər yerində, o cümlədən ölkə xaricində olan Türkiyənin diplomatik nümayəndəliklərində əlamətdar və tarixi gün kimi qeyd edilməkdədir. Sözsüz ki, 15 iyul (Temmuz) hadisələrinə istər Türkiyədə, istərsə də beynəlxalq aləmdə münasibət birmənalı deyil. Bir çoxları 15 iyul (Temmuz) hadisələrinə Türkiyənin o zamankı və hazırkı AKP hakimiyyətinin sərgilədiyi münasibətə uyğun mövqe ortaya qoyaraq həmin hadisəni bir qrup “terrorçu” tərəfindən Türkiyə dövlətinə qarşı hərbi çevrilişə cəhd kimi dəyərləndirir, bir çoxları isə 15 iyul (Temmuz) hadisələrini AKP hakimiyyətinin qabaqcadan planlaşdırdığı bir siyasi oyun olduğu qənaətindədir.

Bəs, əslində 15 iyul (Temmuz) 2016-cı il tarixində Türkiyədə baş verən hadisələrinin mahiyyəti nədən ibarət idi..? Doğrudanmı həmin gün hərbi qiyamçılar tərəfindən dövlət çevrilişinə cəhd olunmuşdu..? Doğrudanmı bu hadisələrə görə həbs olunanların “terror” hörgütləri ilə əlaqəsi vardı? 15 iyul (Temmuz) 2016-cı il hadisələrini və bu hadisədən sonra bir çox yaxın dostlarının başlarının FETÖ ittihamı ilə müsibətlər çəkdiyini yaxından izləmiş biri kimi bu suala cavab verməyə çalışacağam.

Hesab edirəm ki, yüz minlərlə insanın haqsızlığa məruz qaldığı o qaranlıq hiylənin, istər Türkiyə ictimaiyyətinə, istərsə də beynəlxalq aləmə yalandan “DARBE” kimi təqdim etməyə çalışdıqları bu oyunun baş qəhrəmanı Rəcəp Tayyib Ərdoğan və onun komandası idi. Sözsüz ki, sivil Qərb və Avropa ölkələri bu “darbe”nin, daha doğrusu tragikomedik teatr oyununun məhz Ərdoğanın göstərişi ilə əvvəlcədən qurulduğunu, ssenariləşdirildiyini və hətta baş rolda özünün də rol aldığını anlayırlar. Təəssüflər olsun ki, ikinci dünya ölkələri – yəni qeyri-azad, avtoritar, diktatator tipli ölkələr 15 iyul (Temmuz) 2016-cı il tarixində Türkiyədə baş verənləri görməməzlikdən gəldilər. Axı nə vaxtsa öz hakimiyyətlərinə təhlükə yaranacağı halda onlar da bu presedentdən istifadə edəcəkləri istisna deyil.

Təsəvvür edin ki, Türkiyəni öz bildiyi kimi idarə edən Ərdoğan “darbe” adı altında Türkiyədə yüksək nüfuzlu iş adamlarının mal və mülklərinə əl qoyaraq özü və ətrafı milyardların sahibi oldular. Şahidi olduğum ən acınacaqlı və dözülməz həqiqətlərdən biri də Türkiyə elminin qarşısında misilsiz xidmətləri olan elm adamlarına, ziyalılarına “FETÖ” damğası vurularaq həbsə atılmaları idi. Digər tərəfdən isə idarəçilikdə heç bir səriştəsi, savadı, biliyi və ən əsası millət və dövlət qarşısında heç bir xidmətləri olmayan AKP-çilər yüksək dövlət vəzifələrinə gətirildi və bununla da Türkiyə elminin, gəncliyinin və ümumilikidə isə Türkiyə dövlətçiliyinin taleyini sual altına salmış oldular. Bütün bu baş verənlərə biganə qalmayaraq vətəndaşlıq mövqeyi ortaya qoyan siyasətçilər, alimlər və ziyalılar AKP hakimiyyəti tərəfindən təqiblərə, təzyiqlərə və qondarma ittihamlarla həbsə məruz qaldılar.

AKP hakimiyyətinin yürütdüyü bu antimilli siyasətə etiraz edənlərin bir qismi də həbsə atılmaq təhlükəsindən özünü və ailəsini sığortalamaq üçün ölkədən didərgin düşərək müxtəlif Avropa ölkələrinə sığınmaq məcburiyyətində qaldılar. Həqiqəti deməyi bacaran, ölkədə baş verənləri öz adı ilə çağıran istənilən bir vətəndaş AKP hökuməti tərəfindən “terrorçu” elan olundu. Hesab edirəm ki, bütün bu baş verənlər cəzasız qalmayacaq. Zaman gələcək Türk milləti ayılacaq və ölkəni satıb-talamaq istəyən AKP hökumətindən 15 iyul (Temmuz) 2016-cı il tarixində Türkiyədə baş verənlərin hesabını soracaqdır.

Günay KALELİ