"YOLUXANLARIN SAYI RƏSMİ RƏQƏMLƏRDƏN 5 DƏFƏ ÇOXDUR" - Həkimlərdən qorxudan açıqlamalar

Baxış sayı:
4083

"6-8 ay öncə sadəcə peyvənd alanlarda “Delta” variantına yoluxma riski xəstəliyə tutulub sağalanlarla müqayisədə 13 dəfə çoxdur"

“Ya hamı xəstələnməlidir ki, virusdan birdəfəlik qurtulaq, ya da...”

İndiyədək ölkədə ümumilikdə 401 828 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Xəstə sayının hər keçən gün artmasına baxmayaraq, Operativ Qərargah sərt karantinə keçilməyəcəyini anons edib ki, bu da bəzi iddialara səbəb olub. Bildirilir ki, hökumət sərt məhdudiyyətlərə o səbəbdən getmir ki, həm vaksinasiya, həm də kütləvi xəstəliklə immunitet yaransın.

Müxtəlif modellərə görə, kollektiv immunitet əhalinin 60-80 faizi onu əldə etdikdə formalaşır. Yəni cəmiyyətin özünü təhlükəsiz hiss etməsi üçün azərbaycanlıların 6-8 milyonu immunitet əldə etməlidir. Koronavirus testləri ilə bağlı müəmma da var. Bəzi hallarda xəstəni sağlam kimi göstərir və ya əksinə. Bu hansı hallarda mümkündür? Mövzu ilə bağlı həkim-mütəxəssislərin fikrini öyrəndik.

Həkim-infeksionist Gülnarə Əhmədova deyib ki, PCR testindən cavab səhv çıxa bilməz: “Test o zaman səhv çıxır ki, bəzən xəstələr boğazını perekislə təmizləyir, ondan sonra test verməyə gedir. Bu zaman səhv çıxa bilər. Bir də virusun burunda, boğazda qalma müddəti var. O müddət keçəndən sonra virus orada tapılmaya bilər. Ona görə həkimə müraciət etmək lazımdır ki, bilsin xəstəliyin neçənci günüdür və düzgün müalicə yazılsın”.

 

Gülnarə Əhmədova

 

G.Əhmədova hökumətin qapanmalara gedilməməsi məsələsinə də fikir bildirib: “Mən əvvəldən də demişdim, bütün insanları buraxmaq lazımdır, hamı xəstələnməlidir. Onda immunitet yaranacaq. Sərt qapanmalara getməklə heç nə əldə olunmayacaq, bu, mübarizə üsulu deyil. Yəni həm təbii immunitet yaranır, həm də insanlar peyvənd olunmağa cəlb olunur. Bu formada virusla mübarizə aparmaq daha məqsədəuyğundur”.

G.Əhmədova əlavə edib ki, insanlar yenə də simptom olan zaman məsuliyyətsiz yanaşır: “Son günlər xəstələr gəlir, deyirlər ki, onlarda korona deyil, sadəcə, soyuqdəymədir. İnadkarlıq edirlər, analiz vermək istəmirlər. Ona görə də səhv nəticələr olur. Ilkin simptomlar başlayanda ”yaxma" götürülməlidir. Xəstə gözləyir, bir həftə keçəndən sonra ətrafdaklar məcbur edəndən sonra test verməyə gedir, bu zaman da nəticə səhv çıxır. Əksəriyyət hesab edir ki, onlarda soyuqdəymədir. Ağırlaşmalar da ona görə olur. Biri də gəlir ki, “qarnım pozulub”. Deyirsən, bu koronanın simptomudur, deyir “yox, yüz dəfə belə olmuşam”. Elə xəstələr də var ki, peyvəndin 5-ci ayı tamam olub, yoluxublar. Ona görə də qorunmaq lazımdır, yoluxub sağalanlar da, peyvənd olunanlar da özlərini qorumalıdırlar".

 

Mərdan Əliyev

 

İnfeksionist-hepatoloq Mərdan Əliyev də mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Yoluxma ilə bağlı kifayət qədər çox yüksək rəqəmlər açıqlanır. Bunlar, sadəcə olaraq, rəsmi qeydiyyata düşən şəxslərlə bağlı rəqəmlərdir. Təqribən bundan beş dəfədən çox qeyri- rəsmi olaraq xəstələnib sağalanlar var. Bu şəxslər də qeydiyyata düşmədiyi üçün rəsmi rəqəmlərdə öz əksini tapmır. Əslində bundan da çox immuniteti olan şəxslər var, yəni bu şəxslərdə təbii immunizasiya baş verib. Bundan başqa, süni immunizasiya, yəni peyvənd vasitəsilə də immunitet yaradılır. Peyvənd olunanların sayı təqribən iki milyon yarımdır. Söhbət hər iki doza peyvənd olunanlardan gedir. 

Hazırda yoluxanların əksəriyyəti yoluxub sağalmayanlardı və peyvənd olunmayanlardı. Peyvənd olanların içində də yoluxanlar kifayət qədər çoxdur. Amma onlar üçün xəstəxana şəraiti tələb olunmur. Hazırda yoluxma sayı çoxdur. Aktiv xəstələrin sayı əsasən virusla təmasda olmayanlardır. Operativ Qərargahın sərt karantin rejiminə keçməməsi ilə bağlı onu deyə bilərik ki, burada sərt karantin rejiminin, məhdudiyyətlərin tətbiqi aktiv xəstə sayına əsasən deyil, xəstəxana şəraiti tələb olunanların sayı ilə əlaqədardır. Yəni xəstəxana şəraiti tələb olunan xəstələrin sayı kifayət qədər çox olarsa, bu da xəstəxanaların dolmasına səbəb olur və səhiyyə sistemi yüklənir. Çünki ölkədə yalnız koronavirus xəstələri deyil, başqa ağır xəstələr də var. Buna görə dövlət məcburi sərt qapanmalara gedir ki, xəstəxanalarda yerlərdə boşalmalar olsun. Yəni sərt karantinə və məhdudiyyətlərə gedilməməsinə səbəb gündəlik yoluxma sayı ilə də bağlı deyil. Bizdə modul tipli xəstəxanaların, bildiyimə görə, hələ ehtiyatda olanları var və rayonlarda bir neçə gün bundan öncə bəzi modul xəstəxanalar açıldı. Ehtiyatda saxlanılan modul tipli xəstəxanalar bir neçə gün öncə açılmağa başladı və Bakı şəhərində də bu, əsas iki modul xəstəxana- Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən xəstəxanası və ”Yeni klinika"dır. Hər ikisində də yerlər artıq dolub. Ona görə də “Semaşko” da COVİD xəstələri üçün açıldı. Xəstəxana şəraitində vəfat edənlərin sayı əvvəlki qədər deyil. Yəni karantinə getməmək üçün əsas səbəb budur. Xəstəxana şəraiti tələb olunan xəstələrin sayı əvvəlki qədər çox deyil, burada həm peyvəndləmə rol oynayır, həm də əvvəldən yoluxub sağalanların da əhəmiyyəti çox böyükdür. Düzdür, ağır xəstələrin sayı da çoxdur. Amma bunların əksəriyyəti evdə ağırlaşıb, sonra müraciət edənlərdir. Evdə 5-6 gün müalicə alırlar, ağırlaşmış halda xəstəxanalara müraciət ediblər. Bu da ağırlaşmış xəstələrin və ölümlərinin sayının artmasına səbəb olur".

 

Nuran Abdullayev

 

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev isə vaksinlərin elmi nəticələri barədə məlumat verib: “İsraildə aparılan və uzun zamandır bitməsini gözlədiyim elmi tədqiqatın ilkin nəticələri artıq hazırdır. Bu tədqiqatın nəticəsi pandemiya dönəmində virusla mübarizənin elmi əsaslı olmasının vacibliyini bir daha özündə əks elətdirir. Bu tədqiqatda ilk dəfə olaraq virusa yoluxub sağalanlarla, sadəcə, BionTech/Pfizer peyvəndini alanlar müqayisə edilib. Nəticəyə görə, 6-8 ay öncə sadəcə peyvənd alanlarda “Delta” variantına yoluxma riski xəstəliyə tutulub sağalanlarla müqayisədə 13 dəfə çoxdur. Tədqiqatın digər önəmli nəticəsi odur ki, xəstəliyə yoluxub sağalanlara tətbiq edilən BionTech/Pfizer peyvəndindən sonra yüksək qoruyuculuq müşahidə edilib. Təəssüf ki, peyvənd alanlar arasında xəstəliyə yoluxduqdan sonra ağır kliniki gedişatlara da rast gəlinib”.