Yaxın Şərqi külə döndərmək planı - TRAMPIN GİZLİ NİYYƏTİ ORTAYA ÇIXIR

Baxış sayı:
7495

ABŞ prezidentinin fəaliyyətləri planetin ən mürəkkəb regionunu hər keçən gün daha dərin böhrana sürükləyir

ABŞ hakimiyyətinin, konkret olaraq prezident Donald Trampın Yaxın Şərqdəki addımları regionda onsuz da uzaq olan sülh ümidlərini azaldır. Şəksizdir ki, hazırda planetin ən mürəkkəb və ən çox münaqişənin olduğu region Yaxın Şərqdir. Xüsusən də son 8 ildə bu regionda onsuz da gərgin vəziyyət daha da pisləşib.

Xüsusən də prezident Tramp qərarları Yaxın Şərqdəki münaqişələri bir az da alovlandırır. Məsələn, cənab Tramp prezident səlahiyyətlərinin icrasına başladıqdan dərhal sonra İranla uzun bir prosesdən sonra əldə olunmuş nüvə sazişindən çıxdı və ardınca Tehrana qarşı sanksiyalar qəbul etdi. Eyni zamanda Vaşinqton Yaxın Şərqdəki ənənəvi ərəb müttəfiqlərini İrana qarşı qoymaqla regionda münasibətləri daha da gərginləşdirdi.

Eyni zamanda ABŞ prezidenti ərəb ölkələrinin öz arasında da nifaq saldı. 2017-ci ilin mayında Səudiyyə Ərəbistanına səfər edən Tramp bu ölkə ilə 110 milyard dollarlıq silah satışı müqaviləsi imzaladı. Bu anlaşmadan və ər-Riyadda keçirilən qlobal antiterror konfransından 15 gün keçməmiş Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Bəhreyn və Misir kimi ölkələr Qətəri terrorçuluğa dəstək verməkdə ittiham edərək bu ölkəni blokadaya aldılar.

2017-ci ilin dekabrında isə Tramp daha bir “bombanı partlatdı”, ABŞ prezidenti Qüds şəhərinin İsrailin paytaxtı olaraq tanıdı və bununla da Yaxın Şərqdə gərginlik atmosferini bir qədər də yüksəltdi.

2018-ci ildə isə ABŞ prezidenti ordusunu Suriyadan çıxaracağını bəyan etməsi fərqli yozumlara səbəb olsa da, Vaşinqtonun Suriyadakı son addımları bu münaqişə bölgəsində qeyri-müəyyənlik atmosferi yaradıb.

Bu il martın 26-da isə ABŞ prezidenti bu dəfə Colan Yüksəkliyini İsrailin ərazisi olaraq tanımaqla Yaxın Şərqdə atmosferin bir qədər də gərginləşdirdi. Hətta o qədər ki, Vaşinqtonun ərəb müttəfiqləri belə bu qərarı – baxmayaraq ki, ərəb ölkələrinin bir çoxu hazırda Suriya ilə münaqişə vəziyyətindədir – pislədilər.

Trump golan ile ilgili görsel sonucu

Doğrudur, ABŞ prezidenti Ərəb-İsrail münaqişəsinin köklü şəkildə həll edəcək “əsrin anlaşması” hazırlayıb. Lakin bu anlaşmanın qəbul edilməsi artıq indidən şübhə ilə qarşılanır. Üstəlik Trampın Yaxın Şərqdəki əsas müttəfiqi olan Səudiyyə Ərəbistanı ötən ilin oktyabrında jurnalist Qaşıqçının yoxa çıxmasından sonra ciddi qınaqlara məruz qalıb.

Aprelin 9-da İsraildə parlament seçkiləri keçiriləcək. Gözlənilir ki, seçkilərdən sonra Tramp Yaxın Şərq planını elan edə bilər. Lakin indi gərginliyin yüksəldiyi bir zamanda bu planın nə qədər effektiv olacağı ciddi sual doğurur. ABŞ prezidenti ən azı özündən əvvəlki 6 prezidentinin etmədiyi addımları atıb. Və hazırda həm də onun qərarları səbəbindən Yaxın Şərqin sabit ölkələri belə bir-biri ilə müharibənin astanasındadır.

Bu vəziyyətin ABŞ-ın məqsədli siyasi kursunun nəticəsi, yoxsa hazırkı administrasiyanın cari mənfəətlərə köklənmiş fəaliyyəti olduğunu demək çətindir. Bir şey aydındır ki, bu vəziyyət dünyanın ən qarışıq və mürəkkəb bölgəsini hər keçən gün daha dərin böhrana sürükləyir./musavat.com