“Xalqa xidmət edən məmurların ləkələnməsi yolverilməzdir” – MİLLİ QƏHRƏMAN ANASINDAN MÜRACİƏT

Baxış sayı:
6251

Salyan rayonu, Yeni Uluxanlı kənd sakini, 2 şəhid, 1 milli qəhrəman anası Babayaeva Laçın Rəhim qızı və digər rayon sakinləri adından Muxalifet.az-ın elektron poçtuna müraciət daxil olub. Milli Qəhrəman Nazim Abbas oğlu Babayevin və şəhid Babayev Həsrət Abbas oğlunun anası Laçın Babayevanın məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli Muxalifet.az saytı!
Biz Salyan rayonu Yeni Uluxanlı kənd sakinləri, son günlər “Youtube” kanalı vasitəsilə Şirvan Regional Elektrik Təchizatı və Satış İdarəsinin rəisi Zülfü Ağayevə qarşı aparılan ədalətsiz kampaniyaya kəskin etirazımızı bildiririk. Belə ki, rayonun I Varlı kənd sakini, əvvəllər mal-qara oğurluğu üzrə məhkum olunmuş Rəşidov Rəşad Rahil oğlu, ona məxsus “Youtube” kanalında video paylaşaraq, guya ki, abonent olaraq ona verilən elektrik enerjisinin kəsilməsinə etirazını bildirir.
Əslində, bu iddiaların heç bir əsası yoxdur. Sadəcə olaraq bu şəxs elektrik enerjisinə olan borcu ödəmədiyi üçün işığı müvafiq şəkildə kəsilib. Onun bu addımı isə Zülfü Ağayevə qarşı haqsız bir provokasiya aktıdır.
Biz kənd sakinləri, elektrik enerjisi problemiylə bağlı dəfələrlə Zülfü Ağayevə müraciətlər edərək, kömək istəmişik. Hər dəfə də problemimiz qısa zaman ərzində öz həllini tapıb. Tam səmimiliklə deyirik: Zülfü Ağayev vətəndaş müraciətlərinə olduqca obyektiv yanaşan nümunəvi dövlət məmurudur. Mənəviyyatca zəngin bir insan olmaqla yanaşı, işinin peşəkarı, sədaqəti və qanunpərətsliyi ilə seçilən dövlət məmurudur. Məhz bu keyfiyyətlər ona Şirvan, Hacıqabul, Salyan və Neftçalada böyük vətəndaş sevgisi qazandırıb. Hamı ona hörmətlə yanaşır. Məhz onun əməyinin nəticəsidir ki, Salyan və onun kəndlərində əhalinin keyfiyyətli elektrik enerjisinə olan tələbatın ödənilməsinə xüsusi diqqət yetirilır, işıq xətləri və köhnə dirəklər yenilənir, təsərrüfat subyektlərinin, habelə digər infrastruktur sahələrinin elektrik enerjisi ilə təmin olunması üçün lazımi şərait yaradılır. Z.Ağayev İdarəyə rəis təyin olunduğu vaxtdan bəri qış aylarında kəndlərdə və idarənin xidmət göstərdiyi digər ərazilərdə elektrik enerjisinin verilişindəki bütün çətinlikliklər aradan qaldırılıb.

Rəşad Rəşidova gəlincə isə, bu şəxsi rayonda hamı tanıyır. Hər birimizə məlumdur ki, peşəsi yalnız böhtan və qara yaxmaqdan ibarətdir. Bu şəxs 2018-ci ildə cinayət törədib. Belə ki, rayonun Peyk kənd sakini Abdulla Cəbrayılova məxsus 2 baş iri buynuzlu mal-qaranı oğurladığı üşün məsuliyyətə cəlb olunub.Bu xəbər ölkənin KİV-də geniş yer almışdı.Beləsinin düzlükdən danışmağa haqqı yoxdur.Zülfü Ağayev barədə heç bir anlayışı olmayan və şər-böhtanla məşğul olan bu şəxs düşünmür ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yaymaq insafsızlıqdır? Məmur nüfuzuna xələl gətirməyə çalışan və heç bir fakta əsaslanmadan məlumat yayan bu şəxsin çirkin əməlləri bugünədək niyə ifşa edilmir?
Biz kənd sakinləri, eləcə də bu şəxs barəsində rayon hüquq-mühafizə orqanlarına yazılı müraciət edəcəyik. Qoy hüquq-mühafizə orqanları məsələyə hüquqi qiymət versinlər. Yalan, iftira üzərində qurulmuş bu kampaniyanın isə heç bir səmərəsi olmayacaq. Azərbaycan dövləti və xalq bu yalanlara, bu böhtanlara heç vaxt inanmayacaqdır.
Biz kənd sakinləri, məsələni efir vasitəsilə işıqlandırdığınız üçün sizə dərin minnətdarlığımızı bildirir və fəaliyyətinizdə uğurlar arzu edirik. Ümidvarıq ki, məqalə efirə getdikdən sonra haqq-ədalət öz yerini tapacaqdır”.
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.