VƏTƏN MƏNƏ OĞUL DESƏ… – 44 günlük Zəfər tariximiz şagirdlərimizin gözü ilə

Baxış sayı:
3910

“Tariximizə sahib çıxaq” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi növbəti layihəyə start verdi

“Tariximizə sahib çıxaq” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Vətən mənə oğul desə...44 günlük zəfər tariximiz şagirdlərimizin gözü ilə” layihəsinə 01 oktyabr 2022-ci il tarixdən etibarən start verilib.

Muxalifet.az xəbər verir ki, bu barədə İctimai Birliyinin sədri Araz Şamilov məlumat verib.

Birlik sədri deyib ki, ilk tədbir Bakı şəhərində 313 saylı tam orta məktəbdə keçirilib: “Tədbir zamanı məktəbin şagirdləri, xüsusilə 4a və 9-cu sinif şagirdləri öz aktivlikləri ilə seçilirdi. Belə ki, şagirdlər 44 günlük Zəfər tariximizə həsr olunmuş çarxlar, video roliklər hazırlayıb, onu iştirakçılara təqdim etdilər”.

Məlumata əsasən, tədbiri açılış nitqi ilə açan məktəbin direktoru Zakir Bayramov belə tədbirlərin əhəmiyyətindən danışaraq, istər müəllimlərin, istərsə də şagirdlərin fəallığından çox razı qaldığını bildirib. Ayrıca tədbirin əhəmiyyətinə toxunan Z.Bayramov müəllimləri belə tədbirlərin tez-tez keçirilməsinə çağırıb. O deyib ki, məhz belə tədbirlər uşaqlarda milli kimlik hissini, vətənpərvərlik hissini gücləndirir.

Təşkilatın sədri və məktəbin tarix müəllimi Araz Şamilov layihə haqqında geniş məllumat verib.

Tədbirə ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müəllimi t.ü.f.d. Sevil Bəhrəmova, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri və “Vətəndaş” Tədqiqat və inkişaf İctimai Birliyinin rəhbəri Günel Səfərova, t.ü.f.d. Kamran İsmayılov, t.ü.f.d. Alı Balayev də qoşulub. Eyni zamanda, məktəbdə keçirilən tədbirdə fəxri qonaq kimi 313 saylı tam orta məktəbin keçmiş məzunu, şəhid Toğrul Hacıyevin anası İlhamə Hacıyeva da iştirak edib.

İştirakçılara öz ürək sözlərini söyləyən qonaqlar sonda şagirdlərə Vətənimizi çox sevməyi, onu göz bəbəyimiz kimi qorumağı tövsiyə edərək, eyni zamanda düşmənlərimizə qarşı mübarizədə savadlı şəkildə mübarizə aparmağı da tapşırıblar.

Muxalifet.az