Valideyn-uşaq münasibəti necə olmalıdır? - PSİXOLOQLARDAN AÇIQLAMA
Vəfa Rəşidova: “Valideyn uşağına şəxsiyyət kimi baxmalıdır”
Gülnar Orucova: “Övladımıza “səni sevirəm” sözünü deməyi bacarmalıyıq”
“Analar övladlarının qoruyucu mələkləridir”. Bu cümlənin açıqlaması o qədər böyükdür ki, bunu yazmaqla bitirmək olmaz. İlk dünyaya göz açdığımız vaxtdan ömrünün sonuna qədər həyatını övladlarına həsr edən qadına ANA deyilir.
Hər bir ana adına layiq olan qadın, ona Allahın əmanəti olan övladını qoruyub, böyüdüb boya-başa çatdırmalıdır. Əlbətdə, belə bir deyimdə var ki, hər qadından ana olmaz. Uşağını atan anaları da az görmürük. Bu o demək deyil ki, məsuliyyətsiz anaların sayı çoxdur, xeyr, ömrünü-gününü övladlarına həsr edən anaların sayı çoxdur. Analar uşağı üçün arzuolunmaz təhlükə yarandıqda, düşünmədən onu qorumaq üçün özünü qurban verə bilər.
Ana sevgisinin formalaşması hamiləlikdən başlayır. Bu dövrdə yaşanan mühüm hormonal dəyişikliklər, ananı doğuşdan sonra körpəsi ilə əlaqə saxlamağa və onu qorumağa hazırlayır.
Ana - bətnində 9 ay, qəlbində son nəfəsinə qədər övladını sevgi ilə saxlayandır. Ana sevgisi saf, təmiz və əvəzsiz bir sevgidir. Onun sevgisindən zərrə qədər də şübhə duyulmaz, öz canından daha çox sevər öz övladını. Bir Ana övladının xoşbəxtliyi və səadəti üçün heç nəyi əsirgəməz, onun dərdlərinə dərman olar, çətin gündə ona həm də əsl dost olar. Anadır bizim ürəyimizə hər kəsdən yaxşı bələd olan.
Bir çox insanlarda inam hissi anadangəlmə mövcud olduğu üçün düşüncə tərzini və həyat haqqında baxışlarını dəyişərək özünə inamı yarada bilir. Uşaqlığını unutmuş olanlar, içindəki uşağı öldürmüş olanlar, öz uşaqlarının da uşaqlığını öldürmüş olurlar. Uşaqlar bizim gələcəyimizdir - deyib, gələcəyimizi parlaq qurmağa çalışmaq lazımdır. Ata-ana və uşaq münasibətlərinin sağlam təməl üzərində qurulması uşağın həm sosial, həm də zehni inkişafinda xüsusi yer tutur. Həyata saf uşaq baxışları ilə baxmağa çalışa bilsək, o zaman ömrümüz cənnətə dönər.
Ata sevgisi
Ataların övladları ilə fiziki təmas qurmasının, onlara toxunmasının, hətta qucaqlamasının uşaqların psixoloji və sosial inkişafına müsbət təsiri var. Atasıyla güclü bağı olan uşaqlar özlərini ifadə etdikdə, duyğularını bildirdikdə daha rahat olurlar.
Birlikdə vaxt keçirmək üçün ortaq mühit yaratmaq və uşağın nələri bəyənə biləcəyini təxmin etməyiniz onun özünü dəyərli hiss etməsinə səbəb olacaqdır. Uşaqla oyun oynayaraq zaman keçirmək və birlikdə müxtəlif məşğələlər təşkil etmək ata-övlad arasındakı bağlılığı artırmaq üçün ən yaxşı seçimdir. Bu vaxt aradakı yaş fərqinə yox, keçirilən zamanın keyfiyyəti və səmərəli olmasına diqqət yetirilməlidir.
“Cəmiyyətimiz uşaqla necə davranmağı hələ də bilmir”
Bəs, günümüzdə valideyn-övlad münasibətləri nə dərəcədə qüsursuzdur? Övladlarımızı düzgün tərbiyə etmək üçün yetərli bilgiyə sahibik? Məsələ ilə bağlı psixoloq Vəfa Rəşidova ilə həmsöhbət olduq.
Psixoloq hesab edir ki, əslində, valideynlə övlad arasında olan, qurulan münasibəti bütün valideynlər, analar və atalar bilməlidir: “Sevgi bağları övladla valideyn arasında düzgün qurulmursa, təbii ki, burada aqressiv insan, sevgi doyumsuzluğu, eyni zamanda diqqət əskikliyi, panikatakt, nevroz kimi problemləri qabarda bilər. Biz illərdir bu haqda danışırıq. Dünən seans zamanı mən gördüm ki, ən azı 5 nəfəri valideyn sevgisizliyindən ağır depressiya yaşayan pasient idi. Adlarını qeyd etmədən deyə bilərəm ki, çalışdığım insanların sevgi doyumsuzluğundan əziyyət çəkdiyinə, valideynlə arada düzgün qurulmayan bağa görə, onlar bu gun ən çətin ən ağır psixoloji problemlər yaşayırlar. Bu o deməkdir ki, cəmiyyətimiz uşaqla necə davranmağı hələ də bilmir. Valideyn uşağına əşya kimi, top kimi baxa bilməz, yəni baxmamalıdır. Valideyn uşağına fərd kimi, şəxsiyyət kimi baxmalıdır. Onun fikirlərinə hörmət etməlidir. Onu maddi və mənəvi istismar etməməlidir. Çox hallarda uşaqlar valideyn tərəfindən mənəvi istismar olunurlar. Belə ki, aşağılanmış sözlər, təhqiramiz ifadələr eşidirlər. Uşaqların üzərində ağalıq edirlər, “ora olmaz”, “bura olmaz”, “onu etmə”, “bunu etmə” deməklə. Bu ifadələrlə uşağın qolun-qanadını sındırırlar. Beləliklə, uşaqlarda sosial fobiya yaranır.
Onu da qeyd edim ki, bəzən bu uşaqlar gizlin-gizlin seanslara gəlirlər. Valideynlər bunu özlərində etiraf edə bilməsələr də, özləri üçün ölçü götürməlidir. Fikirləşməlidirlər ki, mən övladıma belə qadağalar qoyaraq, önünü kəsərək, olmazları çoxaldaraq uşaqları özümüzdən uzaqlaşdırmış oluruq. Uşaqların bəziləri daha ağır psixoloji problemə sahibdirlər. Halbuki valideyn heç bunun fərqində də deyil. Ailə qurduqdan sonrada onun üçün problemlər, sıxıntılar bitmir. Uyğunlaşma çətin olur.
Övlad ailədə gördüyü münasibətdən aqressiv olur. Ailədə uşaq nə görürsə, mütləq şəkildə onu yansıdır. Bütün psixoloqlar və alimlər də bunu təsdiqləyirlər. Uşaq valideynin pis rəftarını, bəyənmədiyi hərəkətini gördükcə özü də valideyni kimi olur. Psixologiyada buna “koqnitiv dissonans” deyilir. Bəzən eşidirik, uşaq deyir ki, valideynim falçıya gedir, mənimlə kobud rəftar edir. Bir müddət sonra isə fikir veririk ki, valideynin etdiklərini eynən təkrar edir. “Nankor övlad”, “pis insan” belə yaranır. Çox uzağa getmədən, valideyn öz davranışlarına baxsa, uşağının niyə o vəziyyətdə olduğunu anlayar”.
“Heç bir insan aqressiv doğulmur”
Psixoloq Gülnar Orucova da bu fikirdədir ki, hər bir uşaq ailənin güzgüsüdür: “Bəzən valideynlər elədiyi hərəkətləri uşaqlarına yanlış yöndə izah edirlər. Bizdə ən çox valideynlərdə yayındırmalar olur. Məsələn, nəyisə izah etmək yerinə, onu yayındırırlar. “Olmaz”, niyə olmaz, onu uşağa ətraflı izah etməyə sanki cəsarət etmirlər. Bu zaman da başqa məqamlar ortaya çıxır. Valideyn uşağın gözündə bəzən yalancı, bəzən bacarıqsız olur. Uşaq bunu az yaşlarda anlamasa da, yeniyetmə dövründə bunların hamısını dərk edir. Bir uşağın uşaqlıq vaxtı aldığı travması onu aqressiv edə bilər. Əlbəttə, heç bir insan aqressiv doğulmur.
Tərbiyə prosesi düzgün olmaldır ki, aqressivlik olmasın. İnsanı mühit və ətrafındakı insanlar da aqressiv edə bilər. Son dönəmlərdə yeniyetmələrdə xüsusi bir aqressiya görünür. Bunun səbəbi də odur ki, əvvəldən valideyn övladınln harasa tək getməyinə icazə vermir, “olmaz” deyir. Uşaq müəyyən bir yaşa çatdıqda isə bunu dava-dalaşla həyata keçirir. Bu zamanda düşünür ki, dava edərək bunu əldə edə bildimsə, deməli, hər şeyi belə əldə edə bilərəm. Uşaq öz dünyasında özünü böyük kimi təsəvvür etmək istəyir və atası kimi siqaret çəkməyə başlayır. Hətta geyim tərzini dəyişir, “avtoritet musiqiləri”nə qulaq asır, qəribə tatirovkalardan istifadə edir, bəzi “oğru” adlandırdıqları adamların şəkillərini üzərlərində gəzdirir, özlərini həmin insanlara bənzətməyə çalışırlar. Bu da uşaqda özgüvənsizliyin yaranmasına səbəb olur.
Bir uşaq aqressivdirsə, onun yaşadığı mühitə, dostluq etdiyi insanlara, baxmaq lazımdır. Bir də irsi, genetik xəstəliklərə baxmaq lazımdır. Bu hallar yeniyetmələri aqressiv edir.
Onu da qeyd edim ki, indiki valideynlər uşağa sevgidən başqa, hər şey verirlər. Övladına sevgisini sübut etməkdən ötrü onu gəzdirir, istədiyi telefonu alır, pul verir, amma övladına “səni sevirəm” sözünü demir və yaxud da demək istəmir. Bu da bir yaşdan, bir vaxtdan sonra problemlər ortaya çıxarmağa başlayır. Bu səbəbdən, çalışıb birinci övladımıza “səni sevirəm” sözünü deməliyik. Təəssüflə qeyd edirəm ki, avtoritar ailə modeli bizdə də var. Bu ailə modelində aqressiv uşaqlar ortaya çıxır. Çünki bu ailə modelində bir insan avtoritar olur, davamlı olaraq nələrisə uşağa zorla elətdirməyə çalışır. Buradan da aqressiv bir gənc, yeniyetmə ortaya çıxır.
Digər ailə modelləri də var. Məsələn, liberal ailə, hədsiz qoruyucu ailə, dəstəkləyici ailə tiplərində də fərqli uşaqlar yetişdirilir. Hədsiz qoruyucu tipində qorxaq uşaqlar ortaya çıxır, çünki uşağı o qədər qoruyur ki, uşaq qorxaq olur. Ən gözəl ailə tipi dəstəkləyici ailə tipidir. Bu ailələr uşağın hər yaxşı hərəkətinə görə onu mükafatlandırır. Pis hərəkətinə görə isə onu tənqid və ya təhqir etmir, onu başa salır. Liberal ailə tipində isə uşağa “yox” deyilmir, bu zaman da uşaq özbaşına kimi böyüyür. O, fikirləşir ki, nə istəsə edə bilər. Tərbiyədə bu ailə tiplərinin böyük rolu vardır.
Onu da qeyd edim ki, valideyn hər zaman “mənim övladım belə olmalıdır”, - deyə düşünür. Bu zaman isə yanlışa yol verilir. Bu o deməkdir ki, valideyn öz övladını modelləşdirmək istəyir. Biz onu modelləşdirə bilmərik. Uşağı özümüz olmadığımız şəxs kimi formalaşdırmaq istəyirik. Zaman dəyişir, biz artıq ona qarşı öz zamanımızın uşağı kimi davrana bilmərik.
Uşağı nələrdənsə geridə saxlamaq da olmaz. Düzdür, uşaqlar da bundan sui-istifadə etməməlidirlər. Hər şey qədərində olmalıdır. Uşağa nəzarət etməliyik, izlədiyi kinoları, cizgi filimlərini, oyunlarını nəzarətdə saxlamaq lazımdır. Çünki biz bəzən övladımıza yetəri qədər zaman ayırmırıq, bunun üçün də artıq övladımız bizə qarşı laqeyd olur”.
Jalə FAMİLQIZI