VAHİD ƏHMƏDOVA HÜCUMLARIN PƏRDƏARXASI - Millət vəkili müsahibəsində nəyi doğru deməyib ki?!

Baxış sayı:
2308

Millət vəkili Vahid Əhmədovun blogger Mehman Hüseynova verdiyi müsahibədə səsləndirdiyi fikirlər onun bəzi həmkarlarının “kürkünə birə salıb”. Hansı ki, bəzi deputatlar V.Əhmədovun tənqidi fikirlərinə onların "bostanlarına atılmış daş" kimi reaksiya verdilər. Belə bir xalq məsəli var: "soğan yeməmisənsə için niyə göynəyir?"
Əlbəttə, Vahid Əhmədov kimi xalqın səsini dövlətin ən yüksək tribunasına çatdıran millət vəkilinin bu qanunverici orqanda olması çoxlarını narahat edir. Bu baxımdan, onun əleyhinə səsləndirilən absurd ittihamları, yersiz iradları təbii qəbul etmək lazımdır. Çünki millət vəkili təkcə bu gün deyil, hər zaman korrupsioner və rüşvətxor məmurlara qarşı barışmaz mövqeyi ilə seçilib. Onun bundan öncə də ölkə, dövlət və xalq üçün hansı canıyananlıqla əmək verdiyi, xalqın sosial problemlərini qabartdığı, eləcə də deputatların qanuna zidd olaraq bizneslə məşğul olduqları və s. neqativ hallarla bağlı fikir səsləndirdiyini hamımız eşitmişik. Başqa sözlə, Vahid Əhmədov sözün əsl mənasında sözü, əməli, amalı, məram-məqsədi ilə tam milli insandır.
Bu dövlət və xalqla vahid ola bilmədin, Əhmədov
Amma millət vəkilinin neqativ halları səsləndirməsini, öz təbirincə desək, "dövlətin həyata keçirmiş olduğu fundamental məsələlərə şübhə toxumu səpməyə çalışıb” kimi qələmə verməyə çalışan həmkarı Fəzail Ağamalını özündən çıxarıb. Yaxud da Fəzai Ağamalı söhbəti başından yox, ayağından anlayıb.
Məsələn, V.Əhmədovun müsahibə zamanı “Seçki olarsa, YAP, REAL, Müsavat və AXCP, BAXCP və BQP öz dairələrində qalib gələr” fikirlərini deputat Fəzail Ağamalının necə icad etməsi maraqlıdır. Fəzail Ağamalıya çatdıraq ki, Vahid Əhmədov onu "yerindən tərpədən" fikirləri - "partiyalardan söhbət gedəndə, "Azərbaycanda bu dəqiqə bir neçə partiya var ki, seçkiyə buraxsan səsləri yığacaq. Bundan biri Yeni Azərbaycan Partiyasıdır. İkincisi Azərbaycan Xalq Cəbhəsi Pariyasıdır. Üçüncüsü Müsavat Partiyasıdır. Və ola bilər ki, REAL partiyası da bu səviyyədə müəyyən qədər səs yığa bilsin. Bir də mən fikirləşirəm ki, Fazil Mustafa ilə Qüdrət Həsənquliyevin partiyası da müəyyən səslər yığa bilər" formasında ifadə edib. Fəzail Ağamalı isə nədənsə müsahibəni diqqətlə izləməyib, üstəlik Vahid Əhmədovun fikirlərini təhrif edib.

Bundan başqa, Fəzail Ağamalının narazılığına səbəb olmuş ikinci sual belə səslənib: "Mənə üç deputat adı deyə bilərsinizmi ki, həqiqətən də xalq seçib və millətin vəkilliyini edir?" Vahid Əhmədov isə bu suala cavab olaraq Əli Məsimli ilə Qənirə Paşayevanın adlarını çəkir. Cavabın bu hissəsi bloggerin səsləndirdiyi sualın "xalqın vəkilliyini edir" qisminə verilən cavabdır. Sualın "həqiqətən də xalq seçib" hissəsinə gəldikdə isə, Vahid Əhmədov bu hissədə, "seçmək-seçilmək, hərənin öz dairəsi var, mən 2005-dən bu yana dairəmdən - Qubadan depuatatam, 2005-də mənim qabağıma “Sədərək Yusifi” saldılar, amma qubalılar seçmədilər. O seçilsəydi, bütün Quba ayağa qalxacaqdı" ifadələri ilə cavab verib. Burada belə bir sual doğur: Vahid Əhmədovun cavablarına nəzər salsaq, Fəzail Ağamalının “O, Milli Məclisin nüfuzuna xələl gətirir, onun legitimliyi sual altına alınır. Azərbaycanda yalnız 3 nəfərin Milli Məclisə seçkilərdə ədalətli səs qazandığını söyləyir, digər parlament üzvlərinin səs qazanmasını şübhə altına alır. Buna görə də mən bütün suallara cavab verilməsi üçün İntizam Komissiyasının sədr müavini kimi xahiş edirəm ki, məsələnin İntizam Komissiyasında müzakirə olunması üçün müvafiq tapşırıqlar verilməsinə imkan yaradasınız” iradını anlamaq olmur. Axı, o, nəyə əsaslanaraq Vahid Əhmədovun fikirlərinin "Azərbaycanda yalnız 3 nəfərin Milli Məclisə seçkilərdə ədalətli səs qazandığını" söyləməsi, "digər parlament üzvlərinin səs qazanmasını şübhə altına alması" kimi təqdim edilməsi başadüşülən deyil...
Belə görünür ki, Fəzail Ağamalı nədənsə Vahid Əhmədova qərəzi olduğuna görə qəsdən təhrifə yol verib.

Gələk digər iradlara. Deputat Razi Nurullayev də "qonşudan qalma dala" prinsipi ilə Vahid Əhmədovu tənqid edib: “Vahid Əhmədovun tərbiyəsiz bir şəxsə müsahibə verməsini, orada deputatların aşağılanmasına rəvac verməsini şiddətlə qınayıram. Onun bu müsahibəsini və fikirlərini parlamentə və onun deputatlarına qarşı açıq-aydın təhdid kimi qiymətləndirirəm.
O tərbiyəsiz şəxs bir neçə ay öncə parlamentin önündə video çəkib göstərmişdi. Bu, açıq-aydın ən eybəcər təhqirdir. Belə çıxır ki, deputat Vahid Əhmədov da onunla razıdır. Bu gündən Vahid Əhmədovu onun təhqir, təhdid və şantaj şəriki sayıram”.
Razi Nurullayevə xitabən beir neçə sual ünvanlana bilər:
1. Mehman Hüseynovun "tərbiyəsiz bir şəxs"olmasını kim, nəyə əsasən təsbit edib?
2. Ümumiyyətlə, Mehman Hüseynova müsahibə verməyin qəbahət olub-olmaması hansı kriteriyalara görə müəyyən olunur?
Digər tərəfdən, Razi Nurullayevin, "bu gündən Vahid Əhmədovu onun təhqir, təhdid və şantaj şəriki sayıram” ifadəsinə gəlincə, onun nə düşünməsindən asılı olmayaraq, vətəndaşlarımız Azərbaycan dövləti və xalqı üçün Vahid Əhmədovun hansı əməyi verdiyini çox yaxşı bilir. Necə deyərlər, “elin gözü tərəzidir”. Və yaxud, “yel qayadan nə aparar...”
Milli Məclisin daha bir deputatının anlaşılmayan qərəzli qınağına da toxunaq. Belə ki, vitse-spiker Fəzail İbrahimli də parlamentdəki çıxışında həmkarı və həmyaşıdı Vahid Əhmədovun müsahibəsinə reaksiya verib. O bildirib: “Bu vəziyyətdə hamımız bir yerdə olmalıyıq. Biz keçən iclasda İranın qərəzli siyasətinə etiraz etdik. Bu gün nəyi müzakirə edirik, çox təəssüf ki, öz həmkarımızın parlament haqqında dediklərini. Aydın müəllim deyir ki, “tələyə düşdü”. Qətiyyən razı deyiləm, Vahid müəllim tələyə düşən oğlan deyil. Vahid müəllim nə edirsə, düşünərək edir. Adətən, dövlətin, millətin çətin günlərində ağsaqqallara ehtiyac duyulur. Onlar gənclərimizin buraxdığı səhvlərin üzərinə getməlidir. Çox təəssüf ki, bu gün Vahid müəllim özünü müzakirə obyektinə çevirib. Deyirsən 3 nəfərdən başqa burda hamı saxtakardır. Niyə mənim heysiyyatıma toxunursan? Vahid müəllim, az yaş fərqimiz var. Gənclər bizdən öyrənməlidir. Məgər Azərbaycan parlamenti dövlətin bir qolu deyil? Sən sınıq qolun yanında olursan? Adama deyərlər ki, istəmirsənsə, çıx, get! Bəyənmirsən, açıq şəkildə mandatını qoy, çıx, get! Siz o solaxay düşüncələrin sahibi ilə üz-üzə oturmusunuz. Vahid müəllim, sizin maddi durumunuz Azərbaycanda hamıdan yaxşıdır. Statusunuz var, vəzifəniz var. Nə istəyirsiniz?”

F.İbrahimli daha sonra spikerə müraciət edib: “Sahibə xanım, Azərbaycan parlamentində oturub, Azərbaycan parlamentinin ünvanına nalayiq ifadələr işlədən hər kəs cəzasını almalıdır!”   
Məlum olur ki, Fəzail İbrahimli də Vahid Əhmədovun jurnalistin sualının "xalqın vəkilliyini edir" qisminə cavab olaraq Əli Məsimli və Qənirə Paşayevanın adını çəkməsinə, digərlərinin bu kateqoriyaya aid edilməməsinə çox qeyzlənib. Əgər ortada neqativ hal varsa, bu, həmkarın belə olsa səsləndirilməməlidir? Deputat Aydın Mirzəzadənin “tələyə düşdü" ifadəsində yəqin çatdırılmaq istənilən odur ki, blogger Vahid Əhmədovu təxribata çəkmək məqsədilə müsahibədəki sualları ona yönləndirib. Amma Vahid Əhmədov illərin təcrübəsinə malikdir və nəyi necə, nə vaxt danışdığını çox yaxşı bilir.
Fəzail İbrahimli "Vahid müəllim tələyə düşən oğlan deyil. Vahid müəllim nə edirsə, düşünərək edir" ifadələrində isə millət vəkilini gözdən salmaq, onun müsahibədə dediyi fikrilərin “anti-dövlət mövqeyindən” irəli gəldiyini vurğulamaq istəyib. Amma dediyimiz kimi, Vahid Əhmədov dövlətə illərlə əmək vermiş insandır. Bunu dövlət də, vətəndaş da yaxşı bilir. Üstəlik, bu gün dövlətimiz və vətəndaşlarımız parlamenti illərdir məngirləyən digər deputatların da kim olduğunu yaxşı bilir.
Fəzail İbrahimlinin, "deyirsən 3 nəfərdən başqa burda hamı saxtakardır. Niyə mənim heysiyyatıma toxunursan?" ifadəsində biruzə verdiyi kin-küdurət yerə-göyə sığmır. Yuxarıda dediyimiz kimi, görünür, “yediyi soğan” onun içini çox göynədib. Elə müsahibəni izləyənləri də bir sual düşündürür: Əli Məsimli ilə Qənirə Paşayevanın aid edildiyi deputatlar kriteriyasına düşməmək hansı əsasla Fəzail İbrahimlinin "heysiyyatına toxunmaq" kimi anlaşıla bilər?
O ki qaldı, “adama deyərlər ki, istəmirsənsə, çıx, get! Bəyənmirsən, açıq şəkildə mandatını qoy, çıx, get!” ifadələrinə, hər haIda istər Fəzail İbrahimli, istər Fəzail Ağamalı, istər də Razi Nurullayev yaxşı bilir ki, bu gün onların deyil, xalqın seçdikləri deputatların Milli Məclisdə oturmağa daha çox haqqı var. Üstəlik, onu da diqqətdən qaçırmaq lazım deyil ki, dövlətimiz illərdir başının üstündə "domokl qılıncı" kimi asılmış Qarabağ problemini və bundan irəli gələn çətinlikləri həll etdikcə üzünü daha çox daxili problemlərə çevirəcək. O zaman da gələcək ki, xalq onun etimadını doğrultmayan deputatların fəaliyyətini saf-çürük edəcək, onları lazım gəlsə geri də çağıracaq.
Millət vəkillərinin amalı xalqın, öz seçicisinin səsi olmaqdır, illərlə dövlətə xidmət etmiş, xalqın, dövlətin gözündə ağır çəkisi olan əsl canıyanan həmkarının ayağının altını qazmaq deyil. Odur ki, bu gün Milli Məclisdə Vahid Əhmədova “istəmirsənsə, çıx, get! Bəyənmirsən, açıq şəkildə mandatını qoy, çıx, get!” demək haqqına və hüququna sahib olacaq deputat da yoxdur. Bunu onun seçicisi çağırış edə bilər.
Yox, əgər bu gün Vahid Əhmədovun parlamentdə olması kimlərisə qıcıqlandırırsa, onda bunun gerçək səbəblərini də düşünməyin zamanı çatıb. Məsələn, bu deputatlar görəsən kimin ağzı ilə danışırlar? Hər halda V.Əhmədovun özü bu sualın cavabını hər kəsdən yaxşı bilir...
Ülviyyə ŞÜKÜROVA
P.S. Xalqımızın gözəl bir məsəli var, sən sözü at, yiyəsi götürər. Şübhə yoxdur ki, Vahid Əhmədova qarşı çıxanların sayı hələ çox olacaq. Çünki o söz 2-3 nəfər üçün atılmayıb...