"Uşaq pulu tətbiq olunacaqsa, sosial yardımdan imtina etməliyik”- Deputat

Baxış sayı:
8533

“Bir çox ölkələrdə uşaq pulu  tətbiq olunur. Bəzilərində isə yalnız ünvanlı sosial yardım proqramı işləyir. Bizdə hazırda ünvanlı sosial yardım proqramıdır. Uşaq pulu tətbiq olunacaqsa, onda ünvanlı sosial yardım proqramından imtina etməliyik”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Musa Quliyev deyib. Onun sözlərinə görə, uşaq pulu tətbiq edəndə çoxuşaqlı ailələrin çoxunda ehtiyac meyarının səviyyəsi  yuxarı olacaq:
“Uşaq pulu və ünvanlı sosial yardımın paralel tətbiqinin nə dərəcədə doğru olduğunu bilmirəm. Yəqin ki, ya uşaq pulu, ya da ünvanlı sosial yardım tətbiq olunacaq. Hər halda  maraqlı bir mövzudur, müzakirə etməyə dəyər. Son qərarı təbii ki, hökumət  verməlidir. Bunun həm də maliyyə yükü hesablanmalıdır. Ən əsası  isə ailənin sosial müdafiəsində hansı daha çox rol oynayırsa, o sistem  tətbiq olunmalıdır. Hazırda ünvanlı sosial yardım sistemi özünü doğruldur. Eyni zamanda özünüməşğulluq proqramları da  tətbiq olunub. Uşağın doğulmağına, çoxuşaqlı ailələr üçün müavinət var.  Uşaqlarla bağlı bir neçə müavinət tətbiq olunur, amma bütün  yaş qrupundan- 17 yaşa kimi olanlara tətbiq olunacaqsa, məncə böyük rəqəm istəyəcək. Bunların maliyyə mənbələri, imkanları, sosial tərəfləri ölçülüb-biçilməlidir. Hər halda bu məsələ qaldırılıbsa, bunu müzakirə etmək olar. Düşünürəm ki, müzakirəyə layiq təşəbbüsdür. Əgər uşaq pulu verilirsə, bu 18 yaşa qədər uşaqların hamısını əhatə etməlidir. Amma  hansı kateqoriyanın xərci çoxdur, azdır, tələbata uyğun uşaq pulunun məbləği müəyyənləşdirilməlidir”.