TÜRKİYƏDƏN 4 MİN, AZƏRBAYCANDAN 10 MİN MANATA... - İslamın 5 vacib şərtindən biri ölkəmizdə niyə bu qədər bahadır?

Baxış sayı:
2059

Dünəndən Azərbaycandan olan zəvvarların Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına səfəri başlayır. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, bu il 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yollanacaqlar. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlarımızın təyyarə reysləri ilə 5-11 iyul tarixlərində ölkəyə qayıdacaqları bildirilir.

Hər il olduğu kimi, bu dəfə də Azərbayacanda Həcc ziyarəti Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşkil olunacaq. Lakin bu il Həcc ziyarətinə yollanan zəvvarlar ötən illə müqayisədə 400 dollar (680 AZN) əlavə ödəniş etməli olacaqlar. Çünki QMİ-si bu il də Həcc ziyarətinin qiymətini bahalaşdırıb. 

Qeyd edək ki, bu il bir nəfər üçün ziyarət paketinin qiyməti 5750 ABŞ dolları (9 775 AZN) təşkil edir. Başqa sözlə bu il Həcc ziyarətinə yollanacaq 1480 azərbaycanlı zəvvar Qafqaz Müsəlmanları İdarəsinə 14 milyon 76 min manat vəsait ödəməli olacaqlar. Xatırladq ki, ötən il bu məbləğ sonuncu səfərlə müqayisədə 1500 manat bahalaşaraq, 9106 manata yüksəlmişdi. Müqayisə üçün 2012-ci ildə qiyməti 3090-3850 manat aralığında olan Həcc ziyarəti bu gün təxminən 10 min manata təşkil olunur.

Bəs Həcc ziyarəti niyə bu qədər baha başa gəlir?

Həcc ziyarətinin yüksək qiymətlərlə təşkil olunmasının 3 əsas səbəbi var:

1. Qlobal səviyyədə baş verən artım;

2. Quru sərhədlərinin bağlı olması;

3. Monopoliya.

Qlobal səviyyədə baş verən artım dedikdə Həcc ziyarəti dövründə Səudiyyə Ərəbistanında qiymətlərin suni şəkildə bahalaşması nəzərdə tutulur. Həcc ziyarəti ildə bir dəfə, Qurban bayramı ərəfəsində baş tutduğu üçün həmin müddətdə Səudiyyə Ərəbistanına səfər edənlərin sayı kəskin şəkildə artır. Bu da öz növbəsində bölgədəki otellərin və digər xidmət növlərinin qiymətinin yüksəlməsinə səbəb olur. Əlbəttə, qiymətlərin yükəlməsinə Səudiyyə Ərəbistanının daha çox iqtisadi gəlir götürmək niyyəti də təsir göstərir. Məsələn, Həcc ziyarəti ərəfəsində Kəbənin qarşısında yerləşən məşhur “Fairmont Makkah Clock Royal Tower” otelinin lüks bölməsində bir gecəlik qonaqlamanın məbləği 4000 dollara yüksəlib.

Quru sərhədlərinin bağlı olmasına gəlincə, qeyd etməliyik ki, hələ pandemiyadan əvvəl müsəlman ölkələrində baş verən müharibə səbəbindən Azərbaycandan Səudiyyə Ərəbistanına təşkil olunan avtobus səfərləri ləğv edilib.

Lakin buna baxmayaraq, quru sərhədləri açıq olan zaman Azərbaycandan Dağıstan vasitəsilə Həcc ziyarətinə yollanan kifayət qədər zəvvar var idi. Onlar əvvəlcədən müraciət edərək, Dağıstan üçün ayrılan kvota üzrə qeydiyyatdan keçirdilər. Daha sonra quru yolu ilə Dağıstana keçib, oradan da avtobusla Səudiyyə Ərəbistanına yollanırdılar. Bu səyahət QMİ-nin müəyyən etdiyi qiymətin təxminən yarısına başa gəlirdi. Qiymətlər münasib olduğundan əksər insanlar alternativ və ucuz yolla öz istəklərini gerçəkləşdirə bilirdilər.

Qiymət artımına təsir edən bu 3 nüansdan ən vacibi monopoliyadır. Azərbaycanda əksər sahələr kimi, Həcc ziyarəti də illərdir bir qurumun monopoliyasına daxil edilib. Söhbət Qafqaz Müsəlmanlar İdarəsindən və bu quruma rəhbərlik edən Hacı Allahşükür Paşazadədən gedir.

Bu gün əksər ölkələrdə müxtəlif turizm şirkətləri fərqli qiymətlərlə Həcc ziyarətini təşkil etsə də, Qafqaz Müsəlmanları İdarəsi sözügedən sahəyə heç bir tur şirkətini buraxmır, özü isə bu səfəri “şişirdilmiş qiymətlərlə” təşkil etməyə üstünük verir. Təbii olaraq QMİ-nin Həcc ziyarətinin təşkilini monopoliyaya çevirərək, absurd qiymətlər tətbiq etməsi son illər müqəddəs torpaqlara ayaq basmaq istəyən zəvvarların sayını kəskin şəkildə azaldıb. Bu cür qiymətlərlə nəinki aşağı, orta səviyyəli gəlirə malik insanların belə Həcc ziyarətində iştirakı xeyli çətinləşib. Hər halda təsadüfi deyil ki, son illər Həcc ziyarətində iştirak edənlər arasında daha çox tanınmış simalar - iş adamları, məmurlar, elit təbəqənin nümayəndələri gözə dəyir.

Digər tərəffən, bəzi imkanlı şəxslər Həcc ziyarətini turistik gəzintiyə çevirərək, bu müqəddəs səfəri ucuzlaşdırmağa çalışırlar.

Onlardan biri də Allahşükür Paşazadənin qudası Qalib Salahzadədir. Yeri gəlmişkən onu da qeyd edək ki, Qalib bəy nə az nə çox düz 32 dəfə Həcc ziyarətində olub. O, yalnız ötən il Səudiyyə Ərəbistanı hökumətinin 65 yaşdan yuxarı şəxslər üçün Həcc ziyarətini qadağan edən qərarından sonra bu absurd ənənəsini davam etdirə bilməmişdi. Hər halda bu ildən sözügedən qadağanın götürülməsinə nəzərə alan Qalib bəy, bu fürsəti boşa verməyəcək.

Şübhəsiz ki, Həcc ziyarəti Qafqaz Müsəlmanları İdarəsinin biznes maraqlarına xidmət etdiyi müddətcə, azərbaycanlı zəvvarların İslamın əsas şərtlərindən biri olan Həcc ziyarətində iştirakı növbəti illərdə bir qədər də çətinləşəcək...

Digər müsəlman ölkələrində vəziyyət necədir?

Qeyd edək ki, əksər müsəlman ölkələrində və müsəlmanların çoxluq təşkil etdiyi bölgələrdə müxtəlif tur operatorları fəaliyyət göstərdiyinə görə, Həcc ziyarəti Azərbaycana nisbətən daha ucuzdur. Müqayisə üçün bu ölkələrdən bəzilərini təqdim edirik:

1. Türkiyə - 4320-6480 manat;

2. İran - 4708-6004 manat;

3. İndoneziya - 3375 manat

4. İraq – 6476 manat;

5. Pakistan - 7086 manat;

6. Hindistan - 7200 manat;

7. Misir - 7144 manat;

8. Oman – 3056 manat;

9. İordaniya – 5036 manat;

10. Səudiyyə Ərəbistanı – 5439 manat.

Bu il Həcc ziyərəti ilə bağlı bütün qadağalar ləğv olunub

Rəsmi qurumların açıqlamasına əsasən, Səudiyyə Ərəbistanının Məkkə şəhərində baş tutan Həcc ziyarəti iyunun 26-da başlayacaq. 2023-cü ildə Həcc ziyarətində 2,6 milyon zəvvarın iştirak edəcəyi gözlənilir. Bu il COVID-19 pandemiyasının başlanmasından bəri ilk dəfə olaraq zəvvarların sayına qoyulan məhdudiyyətlər, həmçinin 65 yaşdan yuxarı şəxslərin Həcc ziyarətində işitirakıyla bağlı qadağa aradan qaldırılıb.

Onu da qeyd edək ki, bu il Həcc ziyarətində iştirak edəcəyi gözlənilən milyonlarla zəvvara kömək etmək üçün rekord sayda - 14 min heyət üzvü, eləcə də 8 mindən çox könüllü fəaliyyət göstərəcək. Həmçinin Məkkədəki Məscidül-Həram və Mədinədəki Peyğəmbər məscidində ümumilikdə 300 min nüsxə Quran paylanacaq.

Səudiyyə Ərəbistanı Həcc və Ümrə ziyarətindən nə qədər gəlir əldə edir?

Beynəlxalq hesabatlarda qeyd olunur ki, Səudiyyə Ərəbistanı hər il Həcc və Ümrə ziyarətlərindən 12 milyard dollardan çox gəlir əldə edir. Təkcə Həcc ziyarətindən əldə olunan gəlir 8 milyard dollardır. Bura – otel, kurortlar və biznesdən əldə edilən investisiya gəlirləri daxildir. Hesablamalara görə, 2018-ci ildə xarici zəvvarlar Səudiyyə Ərəbistanında qaldıqları müddətdə müxtəlif məhsullar üçün 2,5 milyard dollardan çox pul xərcləyiblər. 

Ümumilikdə, Həcc ziyarətinə gələnlər Səudiyyə Ərəbistanı iqtisadiyyatına ildə 20 milyard dollardan çox vəsait gətirdiyi təxmin edilir. Qeyd edək ki, pandemiyadan əvvəl Həcc gəlirlərinin illik orta hesabla 30 milyard dollar olacağı, səudiyyəlilər üçün isə 100 min yeni iş yerinin yaradılacağı proqnozlaşdırılırdı. Lakin pandemiyadan sonra zəvvarların sayı əhəmiyyətli dərəcədə azalmağa başladı. Bəzi analitiklər bildirirlər ki, pandemiyanın bitməsi ilə Həcc ziyarətinə gedənlərin sayının artması və 2030-cu ilə qədər 30 milyon zəvvara çatması gözlənilir.

Kral Salmanın müqəddəs ziyarətgahla bağlı 21 milyardlıq layihəsi...

Səudiyyə Ərəbistanınə əsas gəlir mənbəyi təbii ki, neft-qaz sektorudur. Bu sektordan trilyonlarla dollar gəlir əldə edən ölkə üçün müqəddəs ziyarətgaha gələnlərdən daxil olan vəsait o qədər də böyük əhəmiyyət kəsb. etmir. Odur ki, Həcc və Ümrə ziyarətinin təçkilindən əldə olunan gəlirin böyük hissəsi ziyarətgahların saxlanılmasına, yeni ifrastrukturun tikilməsinə və kasıb ölkələrə yardımlara yönəldilir. Buna misal olaraq Kral Salman bin Əbdüləzizin 2015-ci ildə hakimiyyətə gəldikdən qısa müddət sonra Məkkədəki Məscidül-həramı 300 min əlavə ibadətçinin yerləşdirilməsi üçün genişləndirmək məqsədi ilə balatdığı 21 milyard dollarlıq layihəyəni göstərmək olar.

Bundan əlavə Səudiyyə Ərəbistanı hökuməti 2030-cu ilə qədər bu sahədə bir sıra layihələr həyata keçirməyi planlaşdırır. Dövlətə məxsus İctimai İnvestisiya Fondu iki il ərzində Kəbədən bir mil məsafədə 70 000 yerlik yeni otellərdən və 9000 xüsusi yaşayış evlərindən ibarət “Roua Al Haram Al Makki” layihəsini həyata keçirməyi planlaşdırır./azpolitika