Türkiyədə gərginlik yarana bilər – POLİTOLOQ

Baxış sayı:
5137

FETÖ-nün Türkiyədə keçiriləcək prezident seçkiləri ərəfəsində fəallaşması gözlənilir.
Muxalifət.az-ın xəbrinə görə, bu sözləri Teleqraf.com-a açıqlamasına politoloq Vüqar Zifəroğlu deyib.
Politoloq hesab edir ki, Fətullah Gülənin rəhbərlik etdiyi şəbəkə siyasi müxalifətin gücündən istifadə edərək proseslərin mərkəzində yer almağa cəhd edəcək:
 “Fətullahçı terror təşkilatı – FETÖ mütəmadi olaraq Türkiyə əleyhinə fəaliyyət göstərir. Seçkilər ərəfəsində bu təşkilatın fəallaşması gözləniləndir. Məqsəd seçkilər yolu ilə də olsa, Türkiyənin siyasi sisteminə təsir imkanları əldə etməkdir. Türkiyə dövləti nə qədər mübarizə aparsa da, Qərbin bu təşkilata dəstək verməsi səbəbindən onun kökünü tamamilə kəsmək mümkün deyil.
Bu baxımdan, FETÖ-nün gedən proseslərin daxilində yer almağa səy göstərəcəyi ehtimalı var”.
 
Ərdoğan – Akşener rəqabəti
 
Vüqar Zifəroğlu hesab edir ki, prezident kürsüsü uğrunda əsas mübarizə hakim Ədalət və İnkişaf Partiyasının namizədi, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla Meral Akşener arasında gedir: “Ən ciddi rəqabət AKP və MHP-nin qurduğu “Cümhur” bloku ilə Meral Akşenerin İyi Partiyası arasında gedir. Seçki mübarizəsi bu iki qüvvənin namizədləri arasında olacaq. CHP də bunu nəzərə alaraq iki namizədlə seçkilərə gedir.
Düzür, bunu iki faktorla əlaqələndirmək olar. Əgər birinci faktoru namizədliyi irəli sürülmüş CHP lideri Kamal Kılıçdaroğlu ilə həmin namizəd arasındakı soyuq münasibətlərlə əlaqələndirmək olarsa, ikinci amil İyi Partiyanın namizədinə avantaj yaratmaq məsələsi ilə bağlıdır. Başqa sözlə, mübarizə “Cümhur” bloku və İyi Partiya arasında gedəcək. Amma indidən konkret nəticələr haqda fikir demək çətindir. Lakin seçkilərin ikinci tura qalmaq ehtimalları da var”.
 
Dəyişiklik ehtimalı və Azərbaycanla münasibətlər
 
Politoloq Türkiyədə baş verə biləcək dəyişikliyin qonşu dövlətlərə, xüsusilə də Azərbaycana təsir imkanlarını da qiymətləndirib:
“Düşünmürəm ki, seçkilərdən əvvəl və sonra Türkiyədə qonşu dövlətlərə, o cümlədən, Azərbaycana təsir edə biləcək gərginlik baş versin. FETÖ 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd edərkən, bu ölkənin qonşu dövlətlərlə münasibətlərinə zərbə vurmağa çalışdı. Amma bu niyyətinə nail ola bilmədi.
Bu dəfə Türkiyə daxilindən buna cəhdlərin ediləcəyinə inanmıram. Əlbəttə, seçkilərdən istifadə edərək çalışacaqlar ki, özləri üçün müəyyən siyasi mərkəz formalaşdıra bilsinlər. Artıq bunun işartıları görünür. Lakin bu addımların Azərbaycan və digər qonşu dövlətlərə problemlər yarada biləcək gərginliklə müşayiət olunacağını düşünmürəm”.