Türkiyə üçün kritik 2 il

Elxan Şahinoğlu: “Qərb istəmir ki, Ərdoğan növbəti seçkilərdə də qalib gəlsin”

Türkiyədə iki ildən sonra keçiriləcək prezident seçkiləri ilə bağlı müzakirələr indidən sürətlə başlayıb. Müzakirələrin əsasını isə hazırda Qərblə münasibətləri heç də müsbət olmayan rəsmi Ankaraya qarşı həmin seçkilərdə gələ biləcək təzyiqlərlə bağlıdır. Hurriyyet.org bildirir ki, ekspertlər Qərbin münasibətləri xoş olmadığı ölkələrə qarşı hər zaman bu tipli seçkilərdə təzyiq riçaqlarını işə saldığını bildirərək, Türkiyənin qarşıdan gələn seçkilərdə bundan sığortalanmadığını qeyd edirlər.
Qardaş ölkənin hakim dairələrində də indidən bu narahatçılıq sezilməkdədir. Xüsusilə günlər öncə Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçubaşın ölkəsinin NATO-dan çıxmasının gözdən keçirilməsi ilə bağlı təklifində bu yöndə səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub. Türkiyədəki bütün hərbi çevrilişləri NATO-nun etdiyini deyən baş müşavir bu işin arxasında Türkiyəni hədəfə alan gizli məqsədlərin yatdığını, əsas hədəfin isə 2019-cu ildə Türkiyədəki prezident seçkiləri olduğunu bildirib.
Siyasi şərhçilər qarşıdakı iki ilin Türkiyə üçün çətin olacağını proqnozlaşdırırlar. Qardaş ölkə NATO-dan çıxacağı təqdirdə seçkilərdə Qərbin müdaxiləsinin mütləq olacağı bildirilir. Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Amerikada elə güclü mərkəzlər fəaliyyət göstərir ki, istənilən dövlətdə çevriliş, siyasi proseslərin ələ alınması kimi planlar həyata keçirə bilirlər: “Təcrübələr onu göstərir ki, bəzi dövlətlərdə istəklərinə nail olublar. Ona görə istisna etmirəm ki, Türkiyə üzərində də belə planlar qurulsun. NATO-dakı hadisə də təsadüfə oxşamadı. Əgər əvvəllər Ərdoğan hədəf götürülürdüsə, bu dəfə artıq Türkiyə dövlətinin qurucusu hədəfə alınır. Burada çox ciddi bir şəbəkə işləyir. Məqsəd də odur ki, Türkiyə-NATO münasibətlərini bir az da gərginləşdirsinlər. Elə etmək istəyirlər ki, Türkiyənin özü NATO-dan uzaqlaşmaq qərarı versin. Prezident seçkilərində gəlincə, əlbəttə Qərbdə Ərdoğanın əleyhdarları çoxalıb. Qərb istəmir ki, növbəti seçkilərdə Ərdoğan yenidən qalib gəlsin. Bu istiqamətdə müəyyən alətlərini də işə sala bilərlər, həm Türkiyə daxilində, həm də xaricində başda PKK olmaqla. Nurçu şəbəkəsinə qədər əllərində imkanlar var. Düzdür, imkanları bir az zəifləyib, amma əllərində hələ də müəyyən imkanlar qalır. Açığı, düşünmürəm ki, bunlar Ərdoğanı prezident seçdirməyəcək qədər güclü alətlər olsun. Əvvəllər də bəzi təşəbbüslər oldu, hətta ötən ilin yayında çevriliş cəhdi edildi, 250 nəfər həlak oldu. Amma istədiklərinə nail ola bilmədilər. Bundan əvvəl də müəyyən liberal dairələrin cəhdləri olmuşdu. Bu baxımdan gələcəkdə qurulacaq planların Ərdoğanı devirəcəyini düşünmürəm. Hələ ki Ərdoğan güclü fiqur olaraq qalmaqdadır. O faktdır ki, seçkinin taleyini türk cəmiyyətinin özü həll etməlidir. Deyə bilmərik ki, Türkiyə ictimaiyyətinin tamamı Ərdoğanı dəstəkləyir. İki nəfərdən biri onu dəstəkləyir, bu dəstək də 50%-dən az olmur. Amma hər şey müxalifətin əlindədir. Əgər müxalifət seçkiqabağı uğurlu kampaniya qursa, bəlkə müxalifətə də səs verildi. Amma hələ ki, son 15 ildə Ərdoğan partiyası bir seçki və ya referendumu uduzmayıb. Çoxunda böyük səs çoxluğu ilə qalib gəlib. Yalnız birində səs kifayət etməyib ki, hökumət formalaşdırılsın, onda da koalisiya alınmadı, yeni seçkilərdə isə AKP mütləq çoxluğa yiyələndi. Gələcəkdəki prezident seçkilərinə də Ərdoğan güclü bir fiqur kimi gedir. Onun əsas hədəfi odur ki, 2023-cü ildə Cümhuriyyətin yüz illiyində nəzərdə tutduğu böyük layihələrin icrasına başlanılsın. Bu baxımdan o da seçkilərə ciddi hazırlaşır. İndinin özündə belə onu otağında tapmaq mümkün deyil. Paytaxtdan tutmuş bütün şəhərləri gəzir, çıxışlar edir, Türkiyənin daxili və xarici düşmənləri haqqında fikirlər söyləyir, yeni vədlər verir. Seçkilərə iki il qalmasına baxmayaraq, bu adam öz üzərində işləyir ki, reytinqi aşağı düşməsin. Çalışır ki, xarici güclər alətlərini işə saldıqları vaxt onlara qarşı mübarizə apara bilsin. Ola bilər ki, NATO-nun bəzi ölkələrində Ərdoğanın devrilməsi ilə bağlı indidən planlar cızılsın. Bu planları da hərəkətə gətirməyə çalışa bilərlər. Amma bunların reallaşacağı inandırıcı deyil. Çünki Türkiyə cəmiyyətində hələ də Ərdoğana ciddi dəstək var”.
 
Politoloq Ərdoğan iqtidarının seçkilərə qədər Qərblə münasibətlərini normallaşdırmaq yönündə addımlar ata biləcəyini də istisna etmədi: “Misal olaraq, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun noyabrın 23-dəki çıxışını göstərə bilərik. O, İtaliyadakı səfəri çərçivəsində italiyalı həmkarı ilə ortaq mətbuat konfransı keçirdi. Orada açıq söylədi ki, NATO, Qərb, Avropa Birliyi və Amerikanın düşməni deyilik, əksinə, biz əlaqələrin inkişafını istəyirik. Bu yumşalma yönündə açıqlamalardır ki, gəlin bizimlə düşmənçilik etməyin, bizim də sizinlə düşmənçilik etmək niyyətimiz dünəndən yoxdur. O, açıqca dedi ki, siz bizə müdafiə xarakterli raketlər satmadınız, biz məcbur olub Rusiyadan aldıq. İnanmıram ki, Türkiyənin hazırkı hakimiyyəti Qərbə arxa çevirsin. NATO bir struktur olaraq, Türkiyə üçün lazımdır, Türkiyə ordusunun böyüklüyünə görə NATO-nun ikinci dövlətidir. NATO eyni zamanda dünyanın ən güclü təhlükəsizlik qurumudur. Qardaş ölkənin orada olması onun statusunu artırır. Bu baxımdan Türkiyə də marağında deyil ki, NATO ilə münasibətləri gərgin olsun. Avropa İttifaqı Türkiyəni 60 il qapısında gözlətdi, Türkiyə tərəfi sərt açıqlamalar verdi. Amma rəsmi Ankara yenə də bilir ki, Avropadan uzaqlaşmaq olmaz. Çünki əsas ticarət tərəfdaşları Avropa ölkələridir. Bu reallıqlarla türk rəsmiləri hesablaşırlar”.
 
Politoloq Tofiq Abbasov isə Axar.az -a  açıqlamasında bildirib ki, Qərb bütün müsəlman ölkələrini potensial düşmən qismində görür: “Türkiyə də bu sırada istisna deyil. Özəlliklə də ABŞ hazırda əsas rəqibləri olan Rusiya, Çin, Şimali Koreya, İran, Kuba, Suriyaya qarşı məqsədli planlarını gerçəkləşdirməyə çalışır. Vaşinqtonun bu prosesdə bir nömrəli məqsədi sözügedən dövlətləri tərksilah etməkdir. Türkiyənin NATO-dan asılılığı azaldıqca alyansın Ankaraya qarşı aqressivliyi daha da artır. Bu fonda Norveçdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və Cümhuriyyətin banisi Mustafa Kamal Atatürkü hədəfə alan təlim qalmaqalının arxasında məkrli məqsədlərin dayandığını istisna etmək olmaz. Türkiyədə siyasi çevrilişləri hazırlayan NATO bu dövləti zəiflətmək üçün hər an dağıdıcı planını işə sala bilər. Çünki NATO üzv dövlətlərə qarşı ənənəvi mənfur siyasətini son zamanlar açıq şəkildə ortaya qoyur. Bu fonda Türkiyənin bölgə siyasətini NATO-suz davam etdirməsi doğru addım olardı”. /musavat.com/