Türkiyə bu ölkəyə F-16-lar göndərir - RUSİYAYA CAVAB VERİLƏCƏK...

Baxış sayı:
1684

Ankara Liviyada Fayez Sərracın başçılıq etdiyi Milli Birlik Hökumətinə bağlı qüvvələrin nəzarətində olan Vatiyyə hərbi hava bazasında F-16 döyüş təyyarələri və pilotsuz uçuş aparatları yerləşdirməyə hazırlaşır.

Virtualaz.org xəbər verir ki, İtaliya, ABŞ və NATO-nun Türkiyənin bu planlarına dəstək verdiyi bildirilir. Üstəlik Türkiyə Liviyaya artıq “Havk” hava hücumundan müdafiə kompleksləri və radar sistemləri göndərib. Bu, Rusiyanın Liviyada qiyamçı feldmarşal Xəlifə Haftara dəstək olaraq 10-dan artıq döyüş təyyarəsi göndərməsinə cavabdır.

“Haber Türk” qəzetinin yazdığına görə, Haftarı dəstəkləyən ölkələr (başda Rusiya olmaqla) Liviyadakı vətəndaş müharibəsini qızışdırmağa hazırlaşır. Qəzet yazır ki, Haftarın Liviya Milli Ordusunun paytaxt Tripolini tutmaq perspektivlərindən əlini üzən Rusiya indi planlarını dəyişib, feldmarşalın ölkənin hamısına yox, bir hissəsinə nəzarət etməsini düşünür. Başqa sözlə, Liviyanın parçalanması planları indi daha aktualdır.

Bildirilir ki, Rusiya şirkətləri artıq Haftarın nəzarətində olan bölgələrdə neft hasilatına dair icazələr alıb. Bu da Rusiyanın Liviyada uzun müddət qalmağı planlaşdırdığını göstərir. Qəzetin yazdığına görə, bu məqsədlə Rusiya Haftarın qüvvələrinə Suriya üzərindən döyüş təyyarələri göndərib. Həmin təyyarələri liviyalı pilotlar idarə edəcək.

Lakin Türkiyə “nə yolla olursa olsun, nəyə başa gəlirsə gəlsin” Liviyadan geri çəkilməyi planlaşdırmır və bu məqsədlə tezliklə Vatiyyə bazasında hərbi koordinasiya mərkəzi adı altında öz bazasını quracaq. Orada F-16 qırıcılarının və pilotsuz döyüş təyyarələrinin yerləşdirilməsi planlaşdırılır. Türkiyənin Liviyaya göndərdiyi “Havk” sistemləri isə artıq Haftarın qüvvələrinin istifadə etdiyi pilotsuz təyyarələrə qarşı tətbiq olunur.

Digər xəbərlərə görə, Türkiyə son günlər karqo təyyarələri ilə Liviyaya suriyalı muzdluları daşıyır. Minlərlə muzdlunun artıq Liviyaya göndərildiyi bildirilir. Bu da Haftarın qüvvələrinin yaxın günlərdə Rusiyadan aldığı dəstəklə yeni hücumlara başlamaq planlarına cavabdır. Bununla belə Türkiyədə hesablayırlar ki, Rusiya Suriya müharibəsi ilə bağlı çətinliklərlə qarşılaşır və Əsədə dəstəyin ona getdikcə daha baha başa gəldiyini nəzərə alaraq, Liviyada NATO-nun dəstəklədiyi Türkiyə ilə daha genişmiqyaslı toqquşmaya getməz.