TRAMP PUTİNİN TƏKLİFİNİ RƏDD EDİB - Brifinqdə açıqlandı

“Ukraynanın idarəçiliyini Konstitusiya və xalq müəyyən edir"
ABŞ Prezidenti Donald Tramp Rusiya başçısı Vladimir Putinin Ukraynada BMT və bir sıra ölkələrin himayəsi altında müvəqqəti idarəetmənin tətbiqi ideyasını rədd edib.
Xrici KİV-lər xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus son brifinqdə deyib. Bryus Trump administrasiyasının "Ukraynada tam atəşkəsə və tərəflər arasında yekun və davamlı həll üçün danışıqlara" çalışdığını söyləyib.
O əlavə edib ki, Vaşinqton tərəfləri (Rusiya və Ukrayna – red.) danışıqlar masasına oturtmaq üçün səy göstərir: "Bəli, biz bilirik ki, Rusiya Ukraynada müvəqqəti administrasiya təklif edib, lakin Prezident Tramp bunu qəbul etməyib. Ukrayna konstitusion demokratiyadır və onun idarə olunmasını Konstitusiya və Ukrayna xalqı müəyyən edir".
Xatırladaq ki, martın 27-də Putin Ukraynada seçkilərin keçirilməsi üçün BMT-nin və bir sıra ölkələrin himayəsi altında müvəqqəti idarəetmənin tətbiqini təklif edib. Bununla da Rusiya başçısı bir daha atəşkəsdə maraqlı olmadığını və danışıqları uzadaraq, müharibəni davam etdirmək istədiyini nümayiş etdirib. Tramp isə Kremlin bu hərəkətlərindən “qəzəbləndiyini” söyləyib, lakin hələ də Putinlə dil tapacağını və ona etibar etdiyini qeyd edib./azpolitika