Tramp bu gün canlı yayımda məhşər ayağına çəkiləcək - “PREZİDENTLİYİN ŞƏRTLƏRİNİ HƏYASIZCASINA POZUB...”

Baxış sayı:
14010

Bu gün –noyabrın 13-də ABŞ Prezidenti Donald Trampa qarşı impiçment araşdırması üzrə açıq dinləmə keçiriləcək.

“Reuters” agentliyi milyonlarla amerikalının Konqres komitəsində dinləmələrdən fərqli bir prosedurun şahidi olacağını yazır.

Demokratların nəzarətində olan Nümayəndələr Palatası oktyabrın 31-də bu prosedurla bağlı qətnaməni təsdiqləyib, hətta şahidlərə kim sual verə bilər və dindirilmənin vaxt da sənəddə əksini tapıb. İmpiçment qərarını Ədliyyə Komitəsi verəcək

Açıq dinləmə Palatanın Kəşfiyyat Komitəsində keçiriləcək. Dinləməyə komitənin sədri, Demokrat Adam Şiff sədrlik edəcək. O, çərşənbə və cümə günləri iki açıq dinləmə keçiriləcəyini bildirib, lakin  bundan artığı da keçirilə bilər. Dinləməni o və komitənin aparıcı respublikaçı üzvü Devin Nunes açacaq, şahidlər – ABŞ diplomatları Uilyam  Taylor və Corc Kent  də açılış bəyanatı verəcək. Bundan sonra Şiff  və Nunes 90 dəqiqə ərzində dindirmə aparacaq.

Kəşfiyyat  komitəsində digər açıq dinləmələrdən sonra bu panel, qapalı dinləmələrə qatılmış digər iki komitə ilə birlikdə hesabat hazırlayacaqlar. Hesabat Ədliyyə Komitəsinə göndəriləcək. Bu komitə də öz dinləmələrini keçirməlidir, Tramp və  yaxud vəkili dinləmədə iştirak edə biləcək. Komitə impiçment maddəsini hazırlayıb-hazırlamamaq qərarını da verməlidir.

Komitənin hazırlayacağı hər hansı impiçment maddəsi səsverməyə çıxarılmaqdan ötrü Palataya göndəriləcək. Bu, ilin sonunadək baş verə bilər. İmpiçment prosesi Trampın Respublikaçı partiyasının nəzarətində olan Senatda keçirilir.

“Üç ildir Prezident Donald Tramp Amerika prezidentliyinin şərtlərini həyasızcasına pozub. O, çərşənbə günündə hakimiyyətinin limiti ilə üzləşəcək, Konstitusiyada nəzərdə tutulmuş impiçment prosesi ictimaiyyətə təsir göstərəcək, gələn il seçicilərin prezidentə necə yanaşacağını formalaşdıracaq və tarix kitablarına düşəcək”. Bunu isə “The Associated Press” agentliyində Conatan  Lemire yazır.

“Tramp ənənələri, vəzifəsinin xüsusiyyətlərini məhv edə bilər, ancaq Konstitusiyadan yaxasını qurtara bilməz”, – Rice Universitetindən prezident tarixçisi Duqlas Brinkley deyib.

“Uoterqeyt zamanı bir çoxları qorxurdular ki, prezident iflas etdisə, Amerika məhv olar. Ancaq Nikson dərsi budur ki, Konstitusiya qalıcıdır və ölkə bunun öhdəsindən gələ bilər”, – o, sözlərinə əlavə edib.

Demokratlar araşdırırlar ki, prezident Ukraynadan siyasi rəqibi Joe Biden barəsində araşdırma istəyəndə bu ölkəyə hərbi yardımın verilməsini dayandırıbmı, bu yolla təzyiq göstərməyə çalışıbmı. Amma Nümayəndələr Palatası Trampın impiçmentinə qərar versə belə, respublikaçıların nəzarətində olan Senatın onu vəzifədən kənarlaşdıracağına çox az adam inanmır.

“Hətta təkrar seçilsə belə, bu qara göstəricidir. O, cəzasız qalmayacaq. Bədəl ödəməlisən”, – Brinkley deyib.

Müəllif prezidentin Ağ evdə gündəlik brifinqləri dayandırdığını, mesajlarını Twitter-də özü yaydığını, jurnalistlərlə Oval ofisdə xaotik formada bir araya gəldiyini yazır.

Tərəfdarları isə impiçment prosedurunu gözdən salmağa çalışırlar. Bu arada prezidentin bəzi müşavirləri impiçmentin Trampa gələnilki seçkidə qələbə qazandıra biləcəyinə də inanırlar. Prezident özü prosedura qəzəbli reaksiya verib, Ukrayna liderilə yaydakı telefon söhbətini müdafiə edib, impiçment prosedurunu demokratlar və “dərin dövlət” arasında əlbirlik adlandırıb.

“İmpiçment hüququ deyil, siyasi prosesdir və bu prezidentlikdə siyasi marağı olanlar – onun ümumilikdə, Palata və Senatdakı tərəfdarları – nəyin vacib olmasına qərar verməlidirlər: hakimiyyətə nəzarətinmi, yoxsa bu nəzarətdən yayınmağı xoşlayan prezidentin davamlı hakimiyyətininmi”, – Vanderbilt Universitetindən prezident tarixçisi Jon Meacham belə deyir./Virtualaz.org