“TERRORRU SURİYADAN SÖKÜB ATACAĞIQ” – Ərdoğandan Tehran sammiti zamanı mühüm mesajlar…

Baxış sayı:
5710

“Milli təhlükəsizliyimizi hədəfləyən şər mərkəzləri Suriyadan çıxarmaqda qərarlıyıq”

İranın paytaxtı Tehranda Astana formatı çərçivəsində keçirilən və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İran prezidenti İbrahim Rəisi və Rusiya prezidenti Vladimir Putinin bir araya gəldiyi sammit başa çatıb. Zirvədən əvvəl açıqlama verən prezident Ərdoğan, “Suriya xalqına ediləcək ən böyük yaxşılıq separatçı terror təşkilatının işğal olunmuş torpaqlardan çıxarılmasıdır” deyib.
Qafqaz.media xəbər verir ki, sammitdən sonra liderlərlə birgə mətbuat konfransında danışan Ərdoğan bildirib: "Suriyalı qaçqınların ölkələrinə qayıtmasını da müzakirə etdik. Məqsədlərimiz suriyalı qardaşlarımızın təhlükəsiz şəkildə ölkələrinə qayıtmalarıdır".

“Milli təhlükəsizliyimizi hədəfləyən şər mərkəzləri Suriyadan çıxarmaqda qərarlıyıq”

Türkiyə prezidenti daha sonra əlavə edib: “Biz bu gün Astana formatında üçtərəfli sammitimizin 7-cisini keçirdik. Suriyadakı münaqişə mühitinə son qoymaq üçün birlikdə atacağımız əlavə addımları qiymətləndirdik. Terrorla mübarizə gündəmimizin əsas prioritetləri sırasında idi. Türkiyə olaraq terror təşkilatları arasında heç bir fərq görmürük. Milli təhlükəsizliyimizi hədəfləyən şər mərkəzləri Suriyadan çıxarmaqda qərarlıyıq. Terroru Suriyadan söküb atacağıq. İran və Rusiyadan gözləntimiz bu prosesdə Türkiyəyə dəstək verməkdir. Unutmaq olmaz ki, terror təşkilatı Suriyanın ərazi bütövlüyünü hədəf alır. Siyasi proseslərdə əldə olunan məqamı və qarşıdakı dövrdə atıla biləcək addımları ətraflı müzakirə etdik.
Təəssüflər olsun ki, Suriya rejimi bu məsələdə anlaşmaya meylli görünmür. Prosesin uğurlu keçməsi və münaqişənin BMT parametri çərçivəsində həlli vacib şərtdir.
Suriyalı qaçqınların ölkələrinə qayıtması məsələsini də müzakirə etdik. Məqsədimiz suriyalı qardaş və bacılarımızın təhlükəsiz şəkildə öz ölkələrinə qayıtmasıdır. Bu günə qədər Suriyada terrordan təmizlədiyimiz bölgələrə Türkiyədən təxminən 500 min suriyalı qayıdıb. Qarşıdakı dövrdə də bu işi davam etdirəcəyik. Türkiyə olaraq bu yardımları asanlaşdırmaq üçün hər cür dəstəyi vermişik. Dostlarımızın da eyni səyi göstərməsi çox vacibdir”.

“Suriya böhranı ancaq diplomatik və siyasi yolla həll edilə bilər”

Çıxışında görüşün çox məhsuldar keçdiyini vurğulayan Rusiya prezidenti Vladimir Putin isə belə deyib: “Suriya böhranı ancaq diplomatik və siyasi yolla həll edilə bilər. Suriyanın ərazi bütövlüyünün, suverenliyinin və birliyinin qorunması şərti ilə. Suriyanın gələcəyini suriyalılar özləri müəyyən etməlidir. Biz bu gün razılaşdıq ki, Astana formatında mütəmadi olaraq ekspertlər səviyyəsində məsləhətləşmələr aparılsın. 9-cu məsləhətləşmə bu ilin sonuna kimi baş tutacaq.
Görüşdı Fəratın şərqindəki vəziyyəti qiymətləndirdik. Bəzi qərb ölkələrinin dəstəyi ilə Suriyanın ərazi bütövlüyünü pozan əcnəbi hərbçilərin saxlanması üçün səylər var. Biz Rusiya olaraq hesab edirik ki, oradakı bölgəyə nəzarət hökumətdə olmalıdır. Biz hər bir suriyalıya kömək etməliyik ki, sülh olsun.
Mən bu gün İranda olarkən eyni dərəcədə uğurlu ikitərəfli görüşlərimiz oldu. Biz razılaşdıq ki, mehriban qonşuluğumuzu və qarşılıqlı əməkdaşlığımızı gücləndirəcəyik. Biz regional və beynəlxalq problemlərin həllində bu məsələləri dəyərləndirdik. Bundan əlavə, biz ölkələrimiz arasında ticarətdə milli valyutaların istifadəsini genişləndirmək barədə razılığa gəldik.

“ABŞ bu torpaqları tərk etməlidir”

İran prezidenti İbrahim Rəisi isə çıxışında deyib ki, ABŞ-ın Fəratın şərqində olması qətiyyən qəbuledilməzdir və Vaşinqton bu torpaqları tərk etməlidir: “Biz hamımız terrorla mübarizədə əməkdaşlığı vurğuladıq. Bütün ölkələr terrorla mübarizə üçün səy göstərib. Bu gün Suriyada və bəzi bölgələrdə terrorla bağlı narahatlıqlar üçün əzm və iradə vacibdir. Bütün tərəflər eyni şəkildə Suriyanın suverenliyini pozacaq hər hansı cəhddən çəkinməyin lazım olduğunu vurğulayıb.
Suriya xalqına və ordusuna qarşı istənilən hücum beynəlxalq hüquq pozuntusudur. Rusiya, Türkiyə və İranın Suriya hökuməti ilə əməkdaşlığı çox önəmlidir.
Vurğuladığımız digər məsələ isə qaçqınların tez bir zamanda öz ölkələrinə qayıtmasının təmin edilməsinin vacibliyi idi. Ümid edirik ki, bu, Astana prosesinə üzv dövlətlərin əməkdaşlığı ilə Suriyada sabitliyin təmin olunmasına kömək edəcək”.