ŞUŞA-QIRMIZI BAZAR YOLU VƏ QAZAXIN İŞĞALDAKI KƏNDLƏRİ...- "Azərbaycan "əsirləri" qaytarmaq üçün bu şərtləri irəli sürür?"

Baxış sayı:
719

Rusiyanın “Kommersant” qəzeti Xaric işlər naziri Sergey Lavrovun mayın 6-da İrəvana və mayın 10-da Bakıya gözlənilən səfəri barədə məqalə dərc edib.

Məqalədə qeyd edilir ki, Ermənistan tərəfi üçün son dərəcə prinsipial olan atşəkəsdən sonra Azərbaycanın mövqelərinə hücum edən, ancaq əsir düşən terrorçu-diversantların qaytarılması məsələsi hələ də açıq qalır.

Ermənistan tərəfi Azərbaycanda saxlanan erməni hərbçilərin qaytarılmasını israrla tələb edir. Lakin məqalədə deyilir ki, tərəflər arasında hətta əsir düşən bu terrorçu-diversantların sayı barədə də fikir ayrılığı var.

Ermənistan rəsmilərindən biri qəzetin müxbirinə deyib ki, İrəvanın iddialarına görə Azərbaycan əsirliyində 200-dək erməni var. Rəsmi izah edib ki, bunlardan 72-si təsdiq olunub.

Onun sözlərinə görə, daha 48 nəfəri Azərbaycan tərəfi təsdiqləmir. Qalan əsirlər barədə 100 faizlik dəqiq informasiya yoxdur və hələ məlumatlar toplanır.

Lakin Azərbaycan prezidentinin administrasiyasından “Kommersant” qəzetinə deyiblər ki, Azərbaycanda yalnız 59 erməni həriçi qalır. Həmin rəsmi vurğulayıb ki, rəsmi Bakı onları hərbi əsir yox, “diversant və terrorçu” hesab edir, çünki onlar atəşkəs razılaşmasından sonra Azərbaycan qüvvələrinin nəzarətində olan ərazidə tutulublar.

Xatırladaq ki, Azərbaycan 10 noyabr bəyanatına uyğun olaraq 77 erməni əsirini qaytarıb, Ermənistan isə 14 nəfəri təhvil verib.

Azərbaycan rəsmisi deyib ki, potensial baxımdan onların da dəyişdirilməsi mümkün ola bilər.

“Kommersant” müxbirinin İrəvanda söhbət etdiyi mənbə deyib ki, Azərbaycan Şuşaya daha rahat çıxış verən Şuşa-Qırmızı Bazar yolunun onun nəzarətinə verilməsini tələb edir. Bu yola hazırda Rusiya sülhməramlıları və ermənilər nəzarət edirlər.

Mənbələr onu da deyirlər ki, Azərbaycan “əsirlərin” qaytarılması müqabilində Qazax rayonunun işğalda olan kəndlərinin qaytarılmasını istəyir. Ermənistanda bu məsələni Moskvanın həll edəcəyinə inanırlar. 

Mənbə deyib: “Ümid edirik ki, bizim müttəfiqimiz və Azərbaycanın strateji partnyoru olan Rusiya Azərbaycanı 10 noyabr razılaşmasının şərtlərinə əməl etməyə sövq edə bilər”.

“Kommersant” yazır ki, İrəvanda 20 iyun seçkisinədək əsirlərin qaytarılacağına inanmırlar. Qəzet yazır ki, böyük bir ehtimalla bu və digər məsələlər Sergey Lavrovun mayın 10-da Bakıya səfəri zamanı müzakirə olunacaq.